Ermənistanda 10 min dram (20,62 ABŞ dolları) oğurlamaqda suçlanan qadının məhkəməsi başlayır. Oğlu İcevan rayonundakı hərbi hissələrdən birində xidmət edən 44 yaşlı qadının dediyinə görə, iki qızı ac idi və onlara yemək almaq üçün oğurluq edib.
Milli.Az "Lragir"ə istinadən bildirir ki, bu qadının 20 yaşlı oğlunun xidmət etdiyi hərbi hissənin bir qrup əsgəri Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyana açıq məktub yazaraq əsgər anasının əfv olunmasın xahiş ediblər.
"Əsgər dostumuz gələn ay tərxis olunur. Onun evə qayıdarkən nə anasını, nə də bacılarını evdə görməməsini istəmirik. Əslində, onların evi də yoxdur. Ailə kirayədə qalır", - açıq məktubda deyilir.
Məktub Ermənistanda sosial şəbəkələrdə geniş yayılıb, müzakirələrə səbəb olub.
Ermənistan ordusundakı rüşvətxorluq, qanunsuzluq, komandirlərin əsgərlərə az qala əzab vermələri ilə bağlı faktlar, habelə əsgərlər arasındakı intiharlarla bağlı qalmaqallar səngimək bilmir. Serj Sarqsyanın devrilməsindən və Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra ermənilər ordudakı vəziyyətin düzələcəyini, problemlərin həllinə başlanacağını düşünürdülər.
Fəqət, onların ümidləri doğrulmadı və çətin ki, doğrulsun. Çünki Ermənistanın silahlı qüvvələri cəmiyyətin bir hissəsi olduğundan, ölkədəki sosial problemlər və tabanlararası uçurumlaşma, əhalinin gəlirlərinin ifrat dərəcədə azalması səbəbindən qanunsuzluqlarla özbaşınalıqların, məmur anarxiyasının artması orduya da bilavasitə təsir edib.
Ermənistanın silahlı qüvvələri indi çox pis idarə olunan silahlı dəstələr yığnağı təsiri bağışlayır. Ordu sistemindəki ierarxiyanın zirvəsində nazir, ən alt qadında əsgər var. Və o əsgər bütün yükü çiyinlərində daşımaqla bahəm, ierarxiyanın yuxarı pillələrindəkilərin "yemlənməsi" üçün çalışmalıdır.
Əsgər analarının oğurluq etməsi Ermənistanda nadir hadisə deyil.
Məhkəməsi gözlənilən, iki qızına yemək almaq üçün 20 dollar oğurlayan ana cəzasını, erməni cəmiyyəti Paşinyandan bu ananın əfvini gözləyir.
Qanunların qaydaları təmin etmədiyi bir ölkədə ümid ancaq gözləməyə qalır.
Orxan Hun
Milli.Az