Dünya

İrəvan Moskvaya qarşı “ikinci dalğa”ya başlayacaq - ŞƏRH

8 Dekabr 2018 17:34
1 Şərh     Baxış: 1 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın bölgədə ən təsirli dövlət olan Rusiya ilə münasibətlərinin qarşıdakı illərdə necə olacağı siyasi ambisiyalardan və Ermənistanın xarici siyasətindən xeyli dərəcədə asılıdır.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O, bildirib ki, 2018-ci ilin aprel ayında Ermənistanda iqtidar dəyişikliyindən sonra hakimiyyətə gələn Nikol Paşinyan parlamenti nəzarət altına almaq üçün növbədənkənar parlament seçkilərini təşkil edib:

"Ayın 9-da keçiriləcək bu seçkilərdə Paşinyanın lideri olduğu Mənim Addımım Bloku və Çiçəklənən Ermənistan, İşıqlı Ermənistan, Daşnaksütyun, Respublikaçılar, Qanunlar Ölkəsi, Sasna Çrer, Ermənistan Xristian Demokratik İnkişafı, Vətəndaş Qərarı partiyaları iştirak edəcək. Seçkilərin nəticəsi əhəmiyyətli dərəcədə indidən məlumdur. Yəni bütün təhlilçilərin əksəriyyəti bu seçkilərdə Paşinyanın lideri olduğu Mənim Addımım Blokunun qalib gələcəyini təxmin edirlər. Bu seçkilərdə iştirak edən ənənəvi partiyalar - Daşnaksütyun, Çiçəklənən Ermənistan, Qanunlar Ölkəsi və Respublikaçılardır. Bu partiyaların parlamentdə təmsil olunma şansı olduqca zəifdir. Təmsil olunsalar belə, daha əvvəlki parlament seçkilərində olduğu kimi, onlarla yerə deyil, iki-üç yerə sahib olma ehtimalları var. Yəni bu partiyaların parlamentdə təmsilçilik sayı olduqca azalacaq. Bu partiyalar ənənəvi olaraq, Rusiya ilə münasibətlərin qaydaya salınmasından yana olduqlarını bildirsələr də, onların sırf Rusiyanın nəzarətində olduğunu iddia etmək mümkün deyil".

Politoloqun sözlərinə görə, geri qalan partiyalar isə Rusiyaya məsafəli davranmağa çalışan siyasi partiyalardır:

"Mənim Addımım Bloku hakimiyyətə gələcəyinə görə, Ermənistan-Rusiya münasibətlərində seçkilərdən sonra bəzi problemlərin yaşanması ehtimalı olduqca yüksəkdir. İşıqlı Ermənistan, Sasna Çrer, Ermənistan Xristian Demokratik İnkişafı yeni partiyalardır. İlk dəfədir seçkilərdə iştirak edəcəklər. Bu partiyaların siyasi oriyentasiyası və seçilib-seçilməyəcəkləri məlum deyil. Amma bütün hallarda parlamentdə təmsil olunacaqlarsa, onların Ermənistan-Rusiya münasibətlərini yaxşı və ya pis nöqteyi-nəzərdən hər hansı bir təsir göstərmək imkanları olduqca zəifdir. Əgər Ermənistan və Rusiya arasındakı münasibətlərin gərginləşməsində və ya daha da yaxınlaşmasında bir addım atılacaqsa, bu, sözsüz ki, Mənim Addımım Blokunun hakimiyyətdə təmsil olunması ilə həll oluna bilər. Bu blokun da Rusiyaya münasibəti məlumdur".

Politoloq qeyd edib ki, bütün hallarda parlament seçkilərindən sonra siyasi tarazlığın necə olacağını təxmin etmək mümkündür:

"Mənim Addımım hakimiyyətə gəldikdən, çoxluğa sahib olduqdan sonra böyük ehtimalla Rusiya ilə münasibətlərin yenidən nəzərdən keçirilmə fürsəti yaranacaq. Bu fürsət daha çox Ermənistanın Rusiyadan daha məsafəli davranması yönündə ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.