Dünya

Gözlənilən açıqlama: jurnalist şahzadənin əmri ilə öldürülüb - Kəbədə dualar oxundu - FOTO

17 Noyabr 2018 10:49
8 Şərh     Baxış: 2 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda vəhşicəsinə qətlə yetirilən və cəsədi şaqqalanaraq kimyəvi turşuda əridilən Camal Haşoqqi ilə bağlı gözlənilən, amma sensasiyalı açıqlama səslənib.

Milli.Az  Wall Street Journal-a istinadən bildirir ki, Camal Haşoqqi bilavasitə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın göstərişi əsasında qətlə yetirilib.

Bu barədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindəki mənbələr məlumat veriblər.

"Səudiyyə Ərəbistanındakı idarəetmə və dövlətçilik sisteminin özünəməxsus prinsipləri var. Haşoqqinin qətli heç bir halda şahzadə Məhəmmədin xəbəri olmadan baş verə bilməzdi və verməyib", - MKİ ekspertlərinin açıqlamasında deyilir.

Səudiyyə Ərəbistanındakı kral ailəsinin və hakimiyyət dairələrinin ən məşhur, nüfuzlu tənqidçilərindən biri, ötən ilin əvvəllərindən bəri ABŞ-da yaşayan və Washington Post-da köşə yazarı olan Camal Haşoqqi oktyabrın 2-də İstanbulda, Səudiyyə Ərəbistanın baş konsulluğunda vəhşicəsinə qətlə yetirilib.

Rəsmi Ər-Riyad uzun müddət qətli inkar etsə də, sonucda jurnalistin konsulluqda öldürüldüyünü etiraf etmək məcburiyyətində qalıb.

Noyabrın 15-də Səudiyyə Ərəbistanın baş prokuroru bəyan etdi ki, Haşoqqinin qətlində suçlu bilinən 5 nəfər üçün edam cəzası tələb edəcək.

Elə həmin gün ABŞ Haşoqqinin qətlində əli olmaqda şübhəli bilinən 17 səudiyyəliyə qarşı sanksiyalar tətbiq edib.

Varis şahzadə Məhəmməd bin Salmanın MKİ ekspertləri tərəfindən belə suçlanması ABŞ prezidenti Donald Tramp administrasiyası üçün çox böyük problemlər yaradacaq.

Rəsmi Vaşinqton hazırda Səudiyyə Ərəbistanının faktiki rəhbəri olan Məhəmməd bin Salmanla çox sıx əməkdaşlıq edir.

Amerikalıların Yaxın Şərqdə ən mühüm iki müttəfiqindən biri  olan Səudiyyə Ərəbistanının şahzadəsini Tramp administrasiyası "ölkənin modernləşməsinə və liberallaşmasına çalışan dövlət xadimi" sayır.

C.Haşoqqinin cəsədinin qalıqlarının tapılmayacağını düşünən ailə üzvləri mərhumun simvolik dəfn mərasimini təşkil ediblər.

Mərasimlər Səudiyyə Ərəbistanının Məkkə, Mədinə və Ciddə şəhərlərində, Londonda, Parisdə, Vaşinqtonda, İslamabadda, habelə Ankarada və İstanbulda keçirilib. Camal Haşoqqinin oğlu Samal Ciddədəki mərasimə qatılmışdı.

On minlərlə insan Haşoqqinin qətlinin tam araşdırılmasını, suçluların cəzalanmasını tələb ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.