Dünya

Norveç hökuməti repressiyalara məruz qalmış qadınlardan üzr istəyib

21 Oktyabr 2018 00:45
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveç hökuməti İkinci Dünya müharibəsi dövründə alman əsgərlərlə yaxın münasibətdə olmalarına görə repressiyalara məruz qalmış qadınlardan rəsmən üzr istəyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Krallığın baş naziri Erna Sulberq hökumətin bu üzrxahlığını Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyinə həsr edilmiş tədbirdə səsləndirib.

Norveç hökumətinin başçısı bu insanları "nalayiq rəftarın qurbanları" adlandırıb. E.Sulberq deyib: "Bu gün mən hökumət adından üzr istəyirəm".

1940-cı ilin aprel ayında Almaniya Norveçi işğal edib, orada xidmət edən əsgərlər isə norveçli qadınlardan istifadə edərək arilər nəslini artırmalı idilər, çünki SS partiyasının rəhbəri Henrix Himmlerin fikrincə, onun arilər nəslini artırmaq məqsədi güdən "Lebensborn" ("Həyat mənbəyi") proqramında əsas yeri Norveç tuturdu.

Belə hesab edilir ki, həmin dövrdə təqribən 50.000 norveçli qadın alman əsgərlərlə əlaqədə olub, nəticədə 10-12 min uşaq dünyaya gəlib.

1945-ci ildə Norveç azad ediləndən sonra "alman gözəlçələri" ləqəbi almış bu qadınlar öz ölkəsinə xəyanət etməkdə ittiham olunub, vətəndaş hüquqlarından məhrum edilib, məhkəməsiz həbsə alınıb, bəziləri isə hətta ölkədən çıxarılıb.

"Alman əsgərlərlə intim münasibətlərdə olmuş və ya belə münasibətlərdə olmaqda şübhə doğuran norveçli gənc qızlar və qadınlar nalayiq davranışın qurbanları olublar", - deyən Erna Sulberq sözünü belə tamamlayıb: "Biz bu qənaətə gəlmişik ki, Norveçin hakimiyyət orqanları hüququn bir əsas prinsipini pozublar. Həmin prinsipə görə heç bir vətəndaş mühakimə olunmadan cəzalandırıla və ya öz hüquqlarından məhrum edilə bilməz. Bu gün hökumət adından üzr istəyirəm".

Qeyd edək ki, Norveç hökuməti əvvəllər bu insanlarla amansız rəftara görə təqsiri öz üzərinə götürməkdən imtina edib və belə rəftardan zərər çəkənlərə məhdud kompensasiya təklif edib. Bu hadisələrdən 70 il sonra səslənmiş rəsmi üzrxahlığı isə yəqin ki, həmin qadınların yalnız az bir qismi eşidib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.