Dünya

Avstriya Avropada qaçqın problemi ilə bağlı yeni mexanizm təklif edib

19 Oktyabr 2018 07:28
0 Şərh     Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyanın federal kansleri Sebastian Kurts uzun illərdən bəri Avropa İttifaqı (Aİ) ölkələri arasında Avropaya gələn qaçqınların kvota əsasında bölünməsi ətrafında mübahisələrlə bağlı yeni təklif verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Brüsseldə Avropa İttifaqının Zirvə toplantısında qaçqın problemi də müzakirəyə çıxarılıb. Hazırda Aİ Şurasına sədrlik edən Avstriyanın hökumət rəhbəri bildirib ki, müxtəlif ölkələrin bu məsələ ilə bağlı ziddiyyətli yanaşmaları Avropaya gələn qaçqınların üzv ölkələr arasında kvota əsasında paylanması sisteminə keçidin baş tutmayacağı fikrini gücləndirir.

Buna görə də Avstriya tərəfi icbari kvota əvəzinə, hər bir üzv dövləti miqrasiya məsələsinə töhfə verməyə sövq edən və ölkədən-ölkəyə fərqli şəkildə təşkil oluna bilən "icbari həmrəylik" mexanizmini təklif edib.

İcbari kvota sistemi Şərqi Avropa, xüsusilə də Vişeqrad dövlətləri tərəfindən qətiyyətlə rədd edildiyinə görə uzun müddətdən bəri ittifaq ölkələri arasında bu məsələdə razılıq əldə olunmur və həmçinin Avropanın qaçqın və sığınacaq sistemində islahatların aparılması prosesinin önü kəsilir.

Avstriyanın federal kansleri "icbari həmrəylik" konseptinin mahiyyətini tam açıqlamasa da, hələ 2016-cı ildə Avropa İttifaqı Şurasına sədrlik edən Slovakiya da çevik və ya səmərəli həmrəylik mexanizminin tətbiqi barədə təkliflər irəli sürmüşdü. İlkin məlumatlara görə, icbari həmrəylik əsasında ölkələr ya qaçqın qəbul etməli, yaxud da bunu digər formada (Avropanın xarici sərhədlərinin mühafizəsi üçün kadr təqdim etmək, qaçqınlar üçün maliyyə vəsaitləri ayırmaq və s.) kompensasiya etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.