Dünya

BMT: son 20 ildə təbii fəlakətlər 1,3 milyon insanın həyatına son qoyub

10 Oktyabr 2018 23:02
0 Şərh     Baxış: 314

Son 20 ildə dünyada baş verən təbii fəlakətlər 1,3 milyon insanın ölümünə səbəb olub və 2,9 trilyon dollardan çox maddi zərər vurub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatlar BMT-nin təbii fəlakətlərin təhlükəsinin azaldılması üzrə idarəsinin oktyabrın 10-da dərc edilmiş məruzəsində əksini tapıb. İdarənin məlumatına görə, 1998-ci ildən 2017-ci ilədək olan dövrdə təbii fəlakətlər səbəbindən dünya bazarlarının maliyyə itkiləri 251 faiz artıb.

Kataklizmlərdən zərər çəkmiş ölkələr 2 trilyon 908 milyard dollardan məhrum olublar. Təbii fəlakətlər ən çox ABŞ-a (994,8 milyard dollar), Çinə (492,2 milyard), Yaponiyaya (376,3 milyard) və Hindistana (79,5 milyard) ziyan vurub. Avropa ölkələri arasında daşqın, fırtına və zəlzələlər nəticəsində ən çox maddi itkiyə Almaniya (57,9 milyard dollar), İtaliya (56,6 milyard) və Fransa (48,3 milyard) məruz qalıb.

Ümumilikdə 20 il ərzində dünyada 7225 böyük təbii fəlakət baş verib və onların əksəriyyəti hava ilə bağlı olub. Həlak olan insanların yarıdan çoxu həyatını zəlzələlər zamanı itirib. Daha 4,4 milyard nəfər isə kataklizmlərdən müxtəlif şəkildə zərər çəkib - yaralanıb, evini itirib, məcburi köçkünə çevrilib, yaxud köməyə ehtiyac duyub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.