Dünya

Avropada yeni təhlükə: radikallıq və neonasizmin baş qaldırması

27 Sentyabr 2018 15:18
0 Şərh     Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin rəhbərləri son zamanlar həyəcan təbili çalırlar. Onlar Avropada neonasizmin getdikcə genişləndiyindən narahatlıq duyduqlarını açıq ifadə edirlər. İndi vəziyyət o dərəcəyə çatıb ki, Avropanın liderləri ümidlərini 2019-cu ilin mayında keçiriləcək parlament seçkisinə bağlayıblar. 

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, proqnozlara görə, həmin seçkidə radikal və populist mövqeli namizədlərin qalib gəlməsi ehtimalı az deyil. Daha təhlükəli məqamlardan biri kimi isə bir sıra Aİ ölkəsinin rəsmi olaraq radikallığı və ayrı-seçkiliyi müdafiə etməsi göstərilir. Bu aspektdə Şərqi Avropa ölkələrinin adı daha çox çəkilir. Hətta Brüssel miqrant məsələsinə görə Macarıstana, Çexiyaya və bəzi başqa üzvlərə xəbərdarlıq edib. Lakin, görünür, prosesin qarşısını sadə xəbərdarlıqlarla almaq çox çətindir. Buna görə də Yunanıstan prezidenti açıqca neonasizm təhlükəsindən bəhs edir. Bunların fonunda Aİ-nin gələcək siyasi taleyi necə görünür? Bu sualın cavabı üzərində geniş dayanmağa ehtiyac vardır.

Açıq etiraflar: Avropada ayrı-seçkiliyin nümunələri

Avropanın bir geosiyasi-mədəni məkan və Avropa İttifaqının siyasi təşkilat olaraq taleyi son bir neçə ildə aktiv surətdə müzakirə obyektidir. Müxtəlif sahələrə məxsus olan mütəxəssislər fərqli proqnozlar verirlər. Burada ifrat nikbin ssenarilərdən ifrat bədbin variantlara qədər geniş bir spektr yaranıb. Bu mənzərənin özünün Avropanın bir qeyri-müəyyənliyə, yolayrıcına və növbəti tarixi seçim anına yaxınlaşdığını göstərdiyini qəbul etməliyik. Yəni "Avropanı nələr gözləyir?" sualı sadəcə ritorika xatirinə qoyulmur.

İndi Aİ-yə üzv dövlətlərin liderləri təşkilatı gözləyən mümkün təhlükələrdən bəhs edirlər. Müxtəlif tədbirlərdə öncələr tədqiqatçıların və KİV-in ifadə etdiyi təhdidləri açıqca dilə gətirirlər. Yunanıstanın prezidenti Prokopis Pavlopulos isə daha konkret fikir bildirib. O, Riqadakı "Arraiolos" sammitindən ("Arraiolos" 2003-cü ildə parlament üsul-idarəsi hökm sürən Aİ üzvlərinin yaratdığı qeyri-formal qrupdur) sonra jurnalistlərə deyib: "Avropa üçün təhlükə ayrı-ayrı dövlətlərin Avropa İttifaqının tərkibindən çıxmasından ibarət deyil, populizm və neonasizmdir. Patriotizm arxasında gizlənmiş populizmin və neonasizmin bütün bu formalarının bir məqsədi vardır: keçmişin dəhşətlərini dirçəltmək, o dəhşətləri ki, Avropanı və demək olar ki, bütün dünyanı dağıtdı. Buna görə də biz mübarizə aparmalıyıq ki, bu güclər qalib gəlməsin və Avropa quruculuğu yekunlaşsın" (bax: Президент Греции назвал неонацизм главной угрозой для Европы / "РИА Новости", 15 sentyabr 2018).

Sözlərinə davam edərək yunan prezident bəyan edib ki, sammitin bütün iştirakçıları 2019-cu ilin may ayında Avropa Parlamentinə növbəti seçkiləri son dərəcə əhəmiyyətli hesab edirlər. Hətta bunu avrozonanın yaradılması ilə müqayisə etmək olar. Çünki neonasizm dəhşəti getdikcə daha çox baş qaldırmaqdadır.

P.Pavlopulos narahatlıqla deyib: "Sözün həqiqi mənasında Avropa İttifaqının gələcəyi həll olunur. Və biz ümid edirik ki, bu təhlükə keçməyəcək. Biz ümid edirik ki, Avropa xalqları yekdilliklə deyəcəklər: "No Pasaran!" Demək lazımdır ki, biz təhlükəni görürük". Onun sözlərinə görə, avropalılar Avropanı necə gördüklərini həll etməlidirlər. Onu da xatırladaq ki, bundan bir qədər öncə Yunanıstanın baş naziri Aleksis Sipras da Avroparlamentin tribunasından neonasizm təhlükəsindən bəhs etmişdi.

Bəs hansı səbəblərdən Yunanıstan rəhbərliyi həyəcan təbili çalır? Onlar əsassız deyillər. Sadəcə, yunanlar məhz indi həqiqətləri dillərinə gətirirlər. Eyni zamanda, özləri kifayət qədər liberal deyillər. Digər xalqlara qarşı radikal mövqe tuturlar. Məsələn,Trakiyadakı türklərin hüquqlarının tanınmasında, onların etnik kimliklərinin qəbul edilməsində problemlər hələ də mövcuddur. Təbii ki, Afina bu faktı deyil, başqalarını nəzərdə tutub neonasizmdən bəhs edir.

Özünütənqid: siyasi və ideoloji səbəblərin aradan qaldırılması yolları

Məsələ geniş faktorlarla bağlıdır. Onun bir çox ideoloji və siyasi çalarları vardır. Hər şeydən əvvəl, Aİ-də ölkələrin özlərini fərqli səviyyələrə bölürlər. Daha çox inkişaf etmiş Almaniya və Fransa başqa üzv dövlətlərə yuxarıdan aşağı baxırlar. Berlin və Paris hesab edirlər ki, məsələn, Şərqi və Cənubi Avropa ölkələri onların diqtəsi ilə hərəkət etməlidirlər. Bu, Aİ daxilindəki miqrasiya zamanı sosial təminat məsələsində və Yunanıstandakı maliyyə böhranında özünü açıq göstərdi. O zaman aydın oldu ki, Aİ daxilində ayrı-seçkilik vardır.

Digər məqam Avropa İttifaqına üzv dövlətlərin miqrasiya prosesinə fərqli yanaşmaları ilə bağlıdır. Bir sıra ölkələr (məsələn, Macarıstan və İtaliya) çox sərt mövqe nümayiş etdirirlər. Onlar ən radikal tədbirlərin belə həyata keçirilməsini və miqrantların təşkilata üzv dövlətlərdən qovulmasını tələb edirlər. Bu aspektdə Aİ-nin sərhədlərində yerləşən ölkələrdən digər üzv ölkələrə miqrantların keçidini qadağan ediblər. Bundan daha çox Yunanıstan, İtaliya, Polşa, Rumıniya və Bolqarıstan zərər görür. Yunanlar həm də bu səbəbdən ultramillətçiliyin Avropa üçün təhlükə olduğundan indi bəhs edirlər.

Növbəti faktor Aİ-də radikal millətçiliyin ideoloji cərəyan olaraq getdikcə daha da güclənməsi ilə bağlıdır. Macarıstan, İtaliya, Polşa, Bolqarıstan və Rumıniyada bu proses xüsusi templə gedir. Onların sırasında daha çox Macarıstan fərqlənir. Baş nazir Viktor Orban bəzən rasional-məntiqi yanaşmaya çətin uyğun gələn radikal və ayrılıqçı fikirlər ifadə edir. Deyək ki, ancaq xristianlar üçün demokratiyadan, insan haqlarından və təhlükəsizlikdən bəhs edir. Hətta Brüssel bu neonasist mövqedən çəkinməyə başlayıb. Avropa Parlamentinin son iclaslarının birində Macarıstana qarşı bu məsələ ilə bağlı müəyyən tədbirlərin görülməsi qərara alınıb. Onu deyək ki, Macarıstanla bərabər Şərqi və Cənub-Şərqi Avropa ölkələri də eyni yolu gedirlər.

Deməli, siyasi-ideoloji aspektdə radikal və ayrılıqçı, irqçi mövqe Aİ-də getdikcə daha geniş məkanlara yayılır. Görünür, yunan rəhbərliyi bundan çox ehtiyatlanır.

Avropada neonasizmin əlamətlərindən biri kimi islamofobiyanı da göstərmək mümkündür. Təşkilata üzv ölkələrin cəmiyyətlərində süni olaraq bir antimüsəlman əhval-ruhiyyəsi formalaşdırılmağa çalışılır. Rəsmi səviyyədə belə İslam dövlətlərinə qarşı ikili standartlar prinsipi yeridilir. Müsəlman dövlətlərin daxili işlərinə qarışırlar, orada dini əsasda ixtilaflar törədirlər, terrorçuları himayə edirlər, dövlət çevrilişlərinə cəhddə iştirak edən Aİ ölkələri olmayan dövlətlərin vətəndaşlarına himayədarlıq edirlər, onları hüquq-mühafizə orqanlarına təslim etmirlər və s. və i.a.

Bütün bunlar Avropanın çox ziddiyyətli siyasi-ideoloji mənzərəsinin yarandığını göstərir. Prosesin qarşısını ala biləcək mexanizmin yaradılmadığı da görünməkdədir. Bu səbəbdən Aİ-yə üzv olan bir sıra ölkələr hesab edirlər ki, əsas savaş 2019-cu ilin may seçkilərində baş verəcək. Onu deyək ki, radikallar da həmin seçkiyə ciddi hazırlaşırlar. Onlar hətta bir qrupda birləşməklə bağlı addımlar atırlar. Həmin kontekstdə Macarıstan baş naziri ilə İtaliyanın daxili işlər nazirinin görüşü KİV-in diqqətini çox çəkib. Onlar görüşdən sonra bəyan etdilər ki, Avroparlamentə növbəti seçkidə üstünlüyü ələ almağı məqsəd kimi görürlər.

Doğrudan da əgər bu baş versə, Avropanı nələr gözləyir? Şübhə yoxdur ki, sürətlə irqçilik, radikallıq və neonasizm bütün qitəyə yayıla bilər. Sağçı-radikal və populist partiyalar cəmiyyətdə daha çox nüfuz qazansalar, seçkidə gözlənilməyən nəticələr alına bilər. Bu da bütövlükdə Aİ-nin bir təşkilat olaraq qurulma və yaşama qaydalarına, fəlsəfəsinə ziddir. Deməli, bu halda Avropa İttifaqında ziddiyyətlər çoxalar və onun mövcudluğu sual altına düşər.

Digər fəlakətli istiqamət böyük müharibə ocaqlarının yaranması ola bilər. İndidən Aİ-də antirusiya, antitürkiyə və digər "antilər" kifayət qədərdir. Məsələn, Latviyada "Vaffen-SS" legionu fəallaşıb. Onun şüarları irqçi xarakterlidir. Maraqlıdır ki, onlar Riqada "Arraiolos" qrupunun sammiti zamanı da tədbir keçiriblər. Həmin legionla həmfikir olan və Aİ ölkələrində fəaliyyət göstərən başqa təşkilatlar da vardır. Məhz onların canfəşanlığı ilə son dövrlərdə bir sıra Avropa ölkəsində irqçilik əsasında qarşıdurmalar olub. Hətta Almaniyada miqrantlarla toqquşmada həlak olanlar vardır.

Kim təminat verə bilər ki, bu tendensiya inkişaf etməyəcək? Heç kim. Bu səbəbdən Avropada siyasi liderlər neonasizmdən narahatlıqla danışırlar. Dünya növbəti fəlakətə sürüklənə bilər. Ancaq bunları demək azdır. Hamıdan öncə Avropa ölkələrinin siyasi liderləri mövqelərinə yenidən baxmalıdırlar. Onlar nə dərəcədə demokrat və liberal olduqlarını bir daha gözdən keçirməlidirlər.

Dünyanın müxtəlif regionlarında ikili yanaşmadan imtina etməlidirlər. Ədalətli mövqe tutmağa çalışmalıdırlar. Təcavüzkar və radikal siyasət yürüdən dövlətləri himayə etməkdən vaz keçməlidirlər. Bunlar olmasa, Avropanın özünün radikallıqdan, terrordan və neonasizmdən xilası mümkün deyildir. Bu, sadə, ancaq tarixi həqiqətdir!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.