Dünya

Ekspatları Almaniyada qane etməyən nədir?

14 Sentyabr 2018 07:28
0 Şərh     Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əcnəbi işçilər üçün ən yaxşı ölkələr Bəhreyn, Tayvan və Ekvadordur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu cür gözlənilməz nəticə "InterNation" təşkilatının 18 min ekspat (əcnəbi işçi) arasında apardığı sorğu əsasında əldə edilib. Almaniya rəyi soruşulanların işlədikləri 68 ölkə arasında 36-cı yerdədir. Ölkə dörd il əvvəl 12-ci yeri tuturdu. Əcnəbiləri Almaniyada qane etməyən nədir?

Əcnəbi mütəxəssislərə onların hazırda yaşadıqları və işlədikləri ölkələri bir neçə kateqoriya, o cümlədən həyatın keyfiyyəti, uyğunlaşmanın asanlığı, iş və əməkhaqqıdan məmnunluq, ailə ilə yaşamaq imkanı, yaşayış xərcləri üzrə qiymətləndirmək təklif edilib. Almaniya, əvvəllər olduğu kimi, iş üçün cəlbedici yer olaraq qalır, lakin bir neçə meyara görə digər ölkələrdən geridədir. Məsələn, yerli əhalinin əcnəbilərə münasibəti və almanlar arasında dost tapmağın çətinliyi rəyi soruşulanları qane etmir. Məhz bu göstəricilərə görə Almaniya Səudiyyə Ərəbistanı, Küveyt, İsveçrə, İsveç və Danimarka ilə yanaşı olaraq reytinq cədvəlinin sonunda yer tutub.

"Almaniyada rəyi soruşulan əcnəbi mütəxəssislərin 56 faizi etiraf edib ki, yerli əhali ilə dostluq etmək onlar üçün çətindir", - deyə "InterNations" təşkilatının rəhbəri Malte Tseyek bildirib. Ekspatların yalnız yarısı almanların əcnəbilərə mehriban münasibət göstərdiyini söyləyib. Digər ölkələrdə, o cümlədən Rusiyada və Qazaxıstanda bu göstərici olduqca yüksəkdir. Sorğu iştirakçıları məhz nəyin onları qane etmədiyini ətraflı izah ediblər. Onlar Almaniyanı əsasən "soyuq" ölkə adlandırır və alman cəmiyyətini "multikultural cəmiyyətin müsbət tərəflərini anlamamağa", "digər millətlərə qərəzli münasibətə", "bütün yad insanlardan ehtiyatlanmağa və onlara etibar etməməyə" görə tənqid edirlər. Bundan başqa, əcnəbilərin fikrincə, alman dilini bilməyən özünü burada təcrid olunmuş kimi hiss edə bilər".

Ekspatlar alman cəmiyyətində uyğunlaşmanın çətinliklərindən başqa, Almaniyanın cəlbedici olmamasının digər səbəbini də açıqlayıblar. Bundan əvvəlki reytinqlə müqayisədə "həyatın keyfiyyəti" kateqoriyasında ölkə 16 mövqe itirib, çünki bu il reytinqə "ölkənin rəqəmsallaşdırılması" meyarı əlavə edilib. Əcnəbi mütəxəssislər sim-kartların qeydiyyatında mürəkkəb proseduru, bəzi yerlərdə kartla ödənişin çətinliklərini, "primitiv internet" və inkişaf etməmiş onlayn xidmətləri sərt tənqid ediblər. Bu meyarlar baxımından 52 ölkə, o cümlədən Yunanıstan, Qazaxıstan, Oman, Tailand, Dominikan Respublikası, Rusiya Almaniyanı geridə qoyub. Estoniya öz rəqəmsal texnologiyalarının sürətli inkişafına görə birinci yerə çıxıb. Malte Tseyek hesab edir ki, Almaniyada bunlardan başlamaq olar - bürokratik məsələlərin onlayn rejimində və ingilis dilində həllinə imkan yaratmaq, sürətli interneti və nağdsız ödənişi təmin etmək.

Boş vaxtı necə keçirmək imkanları da ekspatlarda təəssürat doğurmayıb. Ölkəyə gələnlərin 14 faizi Almaniyadakı həyatından ümumən narazıdır. Onlar səbəblər sırasında dil baryerini, dəstəyin və ünsiyyət imkanlarının olmamasını qeyd ediblər. Bununla belə ölkə nəqliyyat və səyahətlər, səhiyyə və təhlükəsizlik göstəricilərinə görə reytinq cədvəlinin əvvəlindədir.

Bütövlükdə əcnəbilər əməkhaqqı və öz maliyyə durumlarından razıdırlar. Almaniyada ailə ilə birlikdə yaşamaq imkanları da yüksək qiymətləndirilib: bu kateqoriyada ölkənin mövqeyi daha da yaxşılaşıb.

İşdən qane olmaq göstəricisində Almaniya ilk onluğa daxildir. Zəmanət və iqtisadi təhlükəsizlik, iş ilə asudə vaxt arasında tarazlıq, habelə karyera perspektivləri, şübhəsiz ki, əcnəbi mütəxəssisləri bu ölkəyə cəlb edir. Xaricdə yaşayan və işləyən almanlara gəldikdə isə onların əksəriyyəti Almaniyaya qayıtmağa hazırlaşmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.