Dünya

Miqrantların "menyusunda" hansı marşrutlar var?

12 Sentyabr 2018 23:33
0 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az AZƏRTAC-a istinadən təhlükəsiz və zəngin Avropada yeni həyat başlamağa çalışan miqrantların və qaçqınların istifadə etdikləri müxtəlif marşrutlar barədə yazını təqdim edir.

İndiyə qədər qaçqınların Qərbi Avropaya əsas marşrutu Balkan ölkələrindən - Makedoniya, Serbiya və Xorvatiyadan keçirdi. Fevralın axırlarında Makedoniya sərhədçiləri Yunanıstan ərazisində olan qaçqınların Makedoniyaya buraxılmasını birdəfəlik dayandıranda bu yol bağlandı. Hazırda Makedoniya ilə Yunanıstanın sərhədində bir neçə min miqrant toplaşıb.

Ankara ilə Avropa İttifaqı arasında əldə edilmiş razılaşmaya görə, Yunanıstana qeyri-leqal yolla gəlib çıxmış qaçqınların Türkiyəyə qaytarılması nəzərdə tutulur. Lakin ekspertlərin fikrincə, bu halda miqrant axını dayanmayacaq. Alternativ marşrutlar, məsələn, İtaliyadan və Albaniyadan keçən yollar get-gedə populyarlaşır.

Alternativ marşrutlardan biri Türkiyənin cənubundakı Antalya limanında, Suriya ilə sərhədin yaxınlığındakı Mərsində və ya Mərkəzi Yunanıstanda, Afinada başlanır. Sonra miqrantlar balıq ovlayan gəmilərdə və kiçik ticarət gəmilərində Aralıq dənizini keçərək İtaliyaya gəlib çıxır. KİV-lərdə yayılan məlumata görə, bu "səyahət"in dəyəri 3-5 min avro həddində dəyişir.

Albaniyadan keçən marşrut da getdikcə populyarlaşır. Qaçqınlar Yunanıstandan buraya gəlir, sonra dəniz yolu ilə İtaliyaya gedir və ya avtomobillə Avropanın şimalına üz tuturlar. Yeri gəlmişkən, 1990-cı illərdə vətəndaş müharibəsi dövründən torpaqda qalmış minalar ucbatından miqrantların Monteneqro, eləcə də Bosniya və Herseqovina ərazisindən keçərək irəliləməsi çətinləşib.

Alternativ marşrutlardan biri də Bolqarıstandan keçir. Miqrantlar Türkiyə ərazisindən buraya gəlir, sonra isə Rumıniyaya və ya Serbiyaya getməyə çalışırlar. Hərçənd, bu, çox çətindir: Rumıniyada Karpat dağları miqrantların hərəkətini davam etdirməsinə əngəl törədir, Serbiyanın Aİ ilə sərhədləri isə ciddi nəzarət altındadır. Nəticədə miqrantların çoxu Bolqarıstanda məskunlaşır.

Rumıniya hələlik iri qaçqın axınlarından kənarda qalıb. Lakin yanvar ayında Pakistan, İraq, Mərakeş, Əfqanıstan və Somalidən olan, gecə vaxtı bu ölkənin Serbiya ilə sərhədindən keçməyə çalışan 60 miqrant saxlanılıb. Son zamanlar yerli hakimiyyət orqanları Ukraynadan və Moldovadan olan qaçqınların sayının artmasını qeyd edirlər. Bunlar, bir qayda olaraq, Mərkəzi Asiya ölkələrindən gəlmiş əfqanlardır.

2016-cı ilin əvvəlindən minlərlə qaçqın Rusiya ərazisindən keçərək Finlandiyaya gəlib. Finlandiya hakimiyyət orqanlarının məlumatına görə, bunlar əsasən Əfqanıstan, Suriya, Hindistan və Banqladeşdən olan, əksəriyyəti uzun müddət Rusiyada yaşamış miqrantlardır. RF və Finlandiya qaçqın axınının daha da güclənməsinə yol verməmək üçün üçüncü ölkələrin vətəndaşlarının iki sərhəd məntəqəsindən buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq ediblər.

Son zamanlar Rusiya və Belarus ilə Latviyanın zəif qorunan sərhədlərindən qeyri-leqal keçid halları çoxalıb. 2015-ci ildə Latviyada 500-ə yaxın qeyri-leqal miqrant saxlanılıb. Bunlar əsasən Vyetnamdan, İraqdan və Əfqanıstandan gələnlərdir. Latviya 2020-ci ilə qədər sərhəddə hasar tikilməsini planlaşdırır. Bu hasarın köməyi ilə miqrant axınını məhdudlaşdırmaq nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.