Dünya

“Rusca” münasibət: Rusiya-Ermənistan münasibətləri hara aparır?

18 Avqust 2018 19:02
0 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumiyyətlə Rusiya keçmiş sovetlər məkanında baş verən inqilabli dəyişikliklərə hər zaman nəinki həssas yanaşıb, hətta narahatlığını açıq şəkildə ortaya qoyub. Misal olaraq Gürcüstanda, Ukraynada, eləcə də Moldovada inqilablar nəticəsində hakimiyyət dəyişikliklərini göstərmək olar ki, bu ölkələrdə Rusiyaya qarşı münasibətlər dəyişdi. Ermənistanda isə vəziyyət bir qədər də fərqlidir. Çünki bu ölkənin konkret olaraq Rusiyanın vassalı olduğu heç kimə sirr deyil, hətta ermənilərin özləri belə hər zaman bu dırnaqarası statusdan maksimum yaralanmağa çalışıb. Necə deyərlər, çətini boynuna alıncadır...

Milli.Az tvreal.az-a istinadən bildirir ki, bu baxımdan, Paşinyanın Rusiyaya çox yaxın olan Serj Sərkisyanı devirərək hakimiyyətə gəlməsi Moskvanı ilk gündən ciddi şəkildə narahat etməyə başladı. Baxmayaraq ki, Rusiya ilk dövrlərdə Paşinyan əleyhinə açıqlamalar vermədi və gözləmə mövqeyinə çəkildi. Amma Nikol addımları ilə bu ölkənin quyruğunu tapdaladıqca Moskva dözmədi. Xüsusi ilə KTMT-nın baş katibi Xaçaturovun geri çağrılması və keçmiş prezident Robert Koçaryanın həbs olunması Rusiyanı hərəkət etmək məcburiyyətində qoydu. Nikol qırmızı səddi aşmışdı...

Dünənin iqtidarı, bu günün müxalifəti isə demək olar ki, başsız qalmışdı. Fikir verin, Sərkisyan hakimiyyətdən devriləndən bu günə qədər bircə dəfə də olsun nə Paşinyan əleyhinə açıqlama, nədə ki, ölkədə gedən hansısa prosesə reaksiya verib. Qarabağda yerləşən esk baş nazirin İrəvana qayıdıb qayıtmayacağı belə bəlli deyil. Deməli başsız atlıların istiqamətverici birinə ehtiyacı var idi, indiki halda bu, Robert Koçaryan oldu. Bu situasiyada Paşinyan mərdi qova-qova namərd etmədi. Əksinə, namərdi qova-qova müxalifətin gələcək lideri elədi...

Paşinyanın addımları münasibətləri gərginləşdirir. Baxmayaraq ki, Paşinyan dünənki mitinqdə belə bir fikir səsləndirdi ki, guya hansısa bir plan hazırlayıb. Rusiya ilə strateji müttəfiqliyi gücləndirmək baxımından. Amma yenə də Paşiyanın addımları ortaya qoyduğu siyasət Rusiyanın narazaılığına səbəb olub. Və düşünmürəm ki, Paşinyan bundan sonra Rusiya ilə yaxınlaşa bilsin. Artıq Koçaryan meydandadır və Moskva üçün Koçaryanı dəstəkləmək daha rahatdır, nəinki Paşinyanla münasibətləri gücləndirmək.

Göründüyü kimi heç də hər şey Nikol Paşinyanın planları üzrə inkişaf etmir. Bəlkə də Nikolun ağlına belə gəlməzdi ki, siyasi səhnədən silinən, şimalın soyuq münasibətinə tuş gələn Koçaryan nə vaxtsa ona ciddi bir rəqib olacaq. Deməli, məhkəmə mənşəri üçün hələ vaxt yetişməmişdi. Bu tələskənliyin nəticəsində Nikol özündən narazı qüvvələri məcburi şəkildə Koçaryana hədiyyə etdi.

İndiki halda Paşinyanın onu hakimiyyətə gətirən kütlədən savayı dəstəyi yoxdur. Avqustun 17-də təşkil olunan mitinq də, elə bu dəstəyin nümayişinə həsr olunmuşdu. Adını hakimiyyətdə olduğunun 100 günlüyü mitinqi qoysa da, hədəf həm narazı qüvvələrə, həm də Rusiyaya mesaj vermək idi.

Ancaq bu tip dəstək mitinqləri heç də tam mənada Nikolun gücünü artırmır. Onun mövqeyinin güclənməsinə bir neçə amil mane olur. Birinci və ən əsas amil onun parlamentdə mövqeyinin zəif olmasıdır. Məhz bu baxımdan o zorla baş nazir mandatını ala bildi. Yəni istənilən vaxt, parlament çoxluğunun səsvermə tələbinin nəticəsi olaraq Nikol kreslosunu itirə bilər. İkinci səbəb budur ki, Pşinyan 100 gündür hakimiyyətdə olsa da hələ də administrativ resurslar onun xeyrinə dəyişməyib. Mediadan tutmuş digər strukturlarda yerləşdirilənlər Nikolun əleyhinə işləyir. Və nəhayət Rusiya faktoru. Koçaryan həbsdən çıxan kimi Paşinyanı zəif yerindən vurdu. Ayıb olmasın, qurşağdan aşağı... Paşinyan bu yaxınlarda demişdi ki, Rusiya ermənistandakı yeni şərtlərə adaptasiya olunmalıdır. Koçaryansa Nikolun bu fikirlərini tənqid edərək bildirdi ki, Rusiya o ölkələrdən deyil ki, Ermənistanın baş nazirinin istəyi ilə nəyəsə adaptasiya olunsun. Təbii ki, Moskvanın qulağı bütün mənalarda pis eşitmir...

Qayıdaq Parlamentdə çoxluq məsələsinə. Ortaya maraqlı bir sual çıxır. Əgər doğrudan da hədəh Paşinyanın hakimiyyətdən devrilməsidirsə, o zaman niyə 105 yerin 57-nə sahib olan indiki müxalifət impinçment variantından istifadə etmir?

Əgər belə bir şey baş versə Paşinyan insanları küçələrə çıxaracaq. Və dünənki mitinq göstərdi ki, hələki küçə, meydan Paşinyanın tərəfindədir. Koçaryanın nüfuzu arta bilər. Amma onun 2008-ci ildə mitinqləri dağıtması, 10 nəfərin öldürülməsini xalq hələ ona bağışlamayıb. Koçaryan mətbuat konfransı keçirmək istəyirdi. Adamlar dağıtdı həmin məkanı ki, bu qaniçəndi, adamları öldürüb. Yəni belə asanlıqla Paşinyanı devirə bilməzlər. Onlara bəhanə lazımdır. Bəhanə nə ola bilər- İqtisadi uğursuzluq və ya Azərbaycan ordusunun cəbhə bölgəsində qazanacağı gələcək uğur...İndi hərəkətə keçsələr, yəni onu baş nazirlikdən uzaqlaşdırsalar,Paşinyan yenidən insanları küçələrə səsləyəcək, vətəndaş müharibəsi qaçılmaz olacaq. Amma zamanı gözləyirlər. Gözləyəcəklər ki, Paşinyanın reytinqi bir az düşsün. Və düşünürəm ki, may ayına yaxın müxalifət öz mitinqlərini keçirəcək.

Görünən budur ki, Paşinyan Rusiya ilə arasındakı körpünü elə yandırıb ki, geriyə yol yoxdur. Daxildə isə kifayət qədər ciddi oyunlar gedir. Heç bilirsiniz, Roberti azadlığa buraxan hakim kimdir? Vaxtı ilə Koçaryan administrasiyasında təmsil olunan bir şəxs. Yəqin Paşinyana sürpriz olacaq bu adamlardan Ermənistanda çoxdur. Çeynədilər, didişdilər, diddilər...

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.