Dünya

Neftin qiyməti yenə düşür - Səbəblər və gözləntilər

16 İyul 2018 11:23
0 Şərh     Baxış: 1 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Brent markalı neftin qiyməti artıq 75 dollardan aşağı təklif edilir. Son 5 gündə dünya bazarında neftin qiyməti 6 faizə yaxın ucuzlaşıb. Neftin dünya bazar qiymətində azalmalar bir sıra iqtisadi və eləcə də siyasi səbəblər ilə bağlıdır.

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

O qeyd edib ki, bu, ilk növbədə, ticarət müharibəsinin Çində neftə olan tələbi azaltması ilə bağlıdır: "Ötən ay gündəlik 8,36 milyon barel neft idxal edən Çində idxal əvvəlki ayla müqayisədə 9 faiz aşağı düşüb. May ayında Çinin idxalı 9,2 milyon barel olmuşdu. Bu, eyni zamanda 2017-ci ilin iyun ilə müqayisədə də aşağı göstəricidir. Bir il öncə Asiyanın iqtisadi nəhəngi gündəlik 8,8 milyon barel neft idxal etmişdi. Çində tətbiq edilən yeni vergi sistemi də sözügedən ölkənin idxalına təsir göstərir".

İqtisadçının fikrincə, digər səbəb bir sıra ölkələrdə neft hasilatının artmasıdır: "ABŞ-da neft hasilatı artmaqda davam edir. İyun ayında ABŞ gündəlik 10,8 milyon barel neft hasil edib ki, bu da 2005-ci ildən sonra ən yüksək göstərici hesab olunur. İyulun ilk həftəsində ABŞ-da gündəlik neft idxalı 1,67 milyon barel azalıb və eyni zamanda ixrac 3 milyon barellik rekorda çatıb.

Yaxın Şərq ölkələrində də hasilatın yenidən artımı müşahidə edilir və bu da bazara təsir göstərir. Səudiyyə Ərəbistanı isə hasilatda rekordu təzələyir".

V.Bayramov hesab edir ki, neftin qiymətinin dəyişməsinin daha bir səbəbi İranla bağlıdır: "Ötən həftə Ağ Ev İran məsələsində daha yumşaq mövqe nümayiş etdirdi. Belə ki, əvvəlki açıqlamalarında bu ilin noyabrınadək İranla neft ticarətini dayandırmayacaq bütün ölkələrə sanksiya tətbiq edəcəyini bəyan edən rəsmi Vaşinqton bu məsələdə istisnaların olacağını bildirdi. Yəni İran ilə neft ticarəti edəcək heç də bütün ölkələrə sanksiyalar tətbiq olunmayacaq. Bu isə neft bazarındakı siyasi gərginliyi müəyyən qədər yumşaltdı. Bu arada Rusiya İranın enerji sektoruna yaxın illərdə 50 milyard dollara yaxın sərmayə yönəltmək istədiyini bəyan edib. Tramp isə yenidən böyük hərflərlə "neftin qiyməti aşağı salınmalıdır" twitini atıb".

.

Ekspert belə olan şəraitdə Azərbaycanın hansı addımlar atmalı olduğunu da vurğulayıb: "Göründüyü kimi, neftin qiyməti müqayisəli şəkildə hazırda yüksək olsa da, stabil deyil. Əslində, siyasi müdaxilələr olmazsa, bazar tarazlığı hər barel üçün 60 dollar ətrafında bərqərar olmalıdır. Buna görə də, iqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması iqtisadi siyasətin əsas prioriteti olaraq qalmalıdır. Azərbaycan mərhələli şəkildə ixracatda və eləcə də büdcə gəlirlərinin formalaşmasında neftin payının azalmasına nail olmalıdır ki, xarici faktorlarının təsirlərini minimumlaşdırmaq mümkün olsun".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.