Dünya

Səmərəsiz səfər: Qərbə üz tutan erməni prezident əliboş qayıdıb

13 İyul 2018 18:48
2 Şərh     Baxış: 2 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın "toy prezidenti" Armen Sarkisyanın Böyük Britaniya, Fransa və ABŞ-a səfəri ilə bağlı Ermənistan mətbuatı hay-küylü müzakirə açıb.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, bu səfərin Ermənistan üçün hansı geosiyasi dividendlər gətirə biləcəyi barədə müxtəlif fikirlər ortaya atmaqdadırlar. Bir sıra ekspertlər hesab edirlər ki, rəsmi İrəvan faktiki olaraq Qərb ölkələri ilə münasibətləri yeni müstəviyə çıxarır. Bu zaman onlar "yeni Ermənistan" ifadəsini tez-tez işlədirlər. Ancaq bu "yeniliyin" nədən ibarət olduğu barədə heç biri tutarlı fikir deyə bilmir. Deməli, erməni ekspertlər ancaq pafoslu danışırlar. Doğrudan da, qlobal və regional geosiyasi proseslərin real məzmunu aspektində vəziyyətə baxsaq, Ermənistanın mövqeyində heç bir irəliləyiş olmadığını görərik. Üstəlik, onun xarici siyasəti əvvəlki kimi qeyri-konstruktiv olaraq qalır. Amerikanın İran, Rusiya, Türkiyə və Azərbaycan siyasətinin xarakteri də göstərir ki, hazırda mürəkkəb bir mənzərə mövcuddur. Belə bir durumda Vaşinqton kəskin və ciddi dəyişikliyə səbəb olan addım atmaz. Onda bəs A.Sarkisyan nə üçün Qərbə üz tutub? Bu suala cavab üzərində geniş dayanmağa dəyər.

İki gücün arasında: erməni xarici siyasətinin sıxıntıları və Paşinyan

Ermənistan prezidenti Armen Sarkisyanın Avropa və Amerikaya səfərini erməni ekspertlərin özləri belə doğru-dürüst təhlil edə bilmirlər. Onlar bu səfərin hüquqi tərəfi ilə yanaşı, başlıca məqsədini də konkret ifadə etmirlər. Səbəb aydındır. Çünki faktiki olaraq A.Sarkisyanın real dövlət başçısı olmadığı konstitusiyada təsbit edilib. Digər tərəfdən, hazırda Ermənistanın xarici siyasəti dərin böhran keçirir ki, kimin kim olduğu haqqında aydın təsəvvür yoxdur.

Nikol Paşinyanın sözçüsü bəyan edib ki, dövlətin başçısı baş nazirdir və onun icazəsi olmadan A.Sarkisyan xaricə səfər edə bilməz. Üstəlik, səfər zamanı hansı məsələlərin müzakirə edilməli olduğu ilə bağlı da N.Paşinyanın xəbəri olmalıdır. Belə çıxır ki, Ermənistanın "toy prezidenti" konkret məqsədlə Qərbin böyük dövlətlərinə səfər edib. Bu səbəblə onun səfəri ətrafında bir sıra Ermənistan KİV-lərinin yaratmaq istədiyi ajiotajın məqsədi aydındır.

Həmin kontekstdə ekspertlər Mayk Pompeo-Armen Sarkisyan görüşünə xüsusi diqqət yetirirlər. Onu belə təqdim etməyə çalışırlar ki, iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsinə ehtiyac vardır. ABŞ dövlət katibi M.Pompeonun ticari əlaqələrin inkişaf etdirilməsi və sərmayə qoyuluşunun artırılması zərurətini vurğuladığını yazırlar (bax: Внутренние и внешние мессиджи встречи Армен Саргсян-Майк Помпео / 1in.am, 1 iyul 2018).

Ancaq dövlət katibi korrupsiya ilə mübarizəni ilk sıraya qoyub. O, ümid etdiyini bildirib ki, "yeni Ermənistan" bu istiqamətdə real addımlar atacaq. O cümlədən rəsmi İrəvan növbədənkənar parlament seçkilərinin demokratik keçməsini təmin etməlidir. Bunlarla yanaşı, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz maraqlı bir məqamı açıq deyib. O, erməni jurnalistə bildirib ki, Ermənistandakı küçə hərəkatı Amerikanın uzun illərdir ki, erməni cəmiyyətində apardığı işin nəticələrindən biridir. Doğrudur, adəti üzrə Amerika rəsmisi bunu xalqın demokratik əhval-ruhiyyəsi kimi təqdim etməyə çalışıb, ancaq aydın olur ki, Ermənistandakı küçə hərəkatı kənardan idarə olunub.

Bu kimi fikirlər onu təsdiq edir ki, Ermənistanda daxili potensial hesabına etiraz aksiyası olmayıb. Onu kənardan sifarişlə ediblər və burada geosiyasi maraqlar mövcuddur. Bu səbəbdəndir ki, indi Ermənistanın Qərblə münasibətlərini necə qurmalı olduğu ilə bağlı müzakirələrə başlayıblar. Bunlarla yanaşı, hələ nə Qərb, nə də Rusiya N.Paşinyanın nəyə qadir olduğu haqqında konkret fikrə malik deyillər. Hər iki böyük güc müəyyən mənada N.Paşinyanı sınayırlar. Onlar gözləmə mövqeyi tutmaqla bərabər, şirnikdirici vədlər verməklə ermənilərin hansı addım atacaqlarını gözləyirlər. Bu aspektdə isə N.Paşinyandan elə bir tutarlı mövqe nümayişi müşahidə edilmir. A.Sarkisyanın da Avropa və Amerikaya səfəri həmin kontekstdə diplomatik təqdimat və kəşfiyyat məqsədi güdüb.

Bəs nəticə necə olub? Real surətdə Qərb Ermənistana yeni nələr vəd edib? Əgər KİV-lərə sızdırılan informasiyalara baxsaq, əhəmiyyətli heç bir təklif olmayıb. Tərəflər ümumi səviyyədə əməkdaşlığın yeni məzmun kəsb etməsindən bəhs ediblər. Bunun fonunda Vaşinqtonun şərtləri də səsləndirilib. Birincisi, Ermənistan hakimiyyəti sözdə deyil, əməldə demokratik olmalıdır. İkincisi, islahatlar ardıcıl aparılmalıdır. Üçüncüsü, bu şərtlər ödənsə ticari əlaqələrə və sərmayə qoyuluşuna baxmaq olar.

Regional reallıq: süni manevrlər nəticə vermir

Təbii ki, burada pərdəarxası regional geosiyasi mənzərənin nəzərə alınması qaçılmaz faktor kimi xatırladılır. Burada isə ABŞ-Azərbaycan, ABŞ-İran və ABŞ-Türkiyə münasibətlərinin hansı xarakter daşıması diqqətə alınmalıdır. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo bir neçə dəfə Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazaraq qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Onlar Azərbaycan rəhbərliyi ilə birgə fəaliyyət göstərməyə can atdıqlarını bəyan ediblər. Xüsusilə enerji, regional təhlükəsizlik və terrorla mübarizə sahəsində əməkdaşlığın zəruriliyindən bəhs ediblər.

ABŞ-İran münasibətlərindəki gərginlik sirr deyil. Artıq İranda bu səbəbdən daxili sosial-iqtisadi durum çox gərginləşib. Ermənistanın da İranla yaxın əlaqələrinin mövcud olduğu məlumdur. Bu şəraitdə İrəvana harada dayanmağı əmr edəcəklər? Həm də Ermənistanın bu məsələdə iki güclü ağası vardır - Rusiya və Amerika. Onların arasında Ermənistan hansı pozanı alacaq?

ABŞ-Türkiyə münasibətləri də özünün çətin mərhələsindədir. Son zamanlar Vaşinqtonla Ankara bir sıra məsələlərdə anlaşıblar. Donald Tramp Rəcəb Tayyib Ərdoğanla görüşmək arzusunu rəsmi olaraq bildirib. Amerikalı analitiklər Türkiyənin regiondakı strateji əhəmiyyətini və real gücünü çox gözəl bilirlər və ondan imtina edilməsi müzakirə mövzusu ola bilməz.

Nəhayət, ABŞ-Rusiya münasibətlərinin xarakterinin Ermənistanın Qərblə əlaqələrinə birbaşa təsir edən faktor olduğunu etiraf etmək gərəkdir. Finlandiyada bir neçə gündən sonra Tramp-Putin görüşünün baş tutacağı haqqında informasiya yayılıb. D.Tramp özü deyib ki, bu görüşə çox ciddi hazırlaşır. Deməli, qarşıda prinsipial məsələlərin müzakirəsi vardır. Bunun fonunda Ermənistanın siyasəti nəyi ifadə edir ki? Faktiki olaraq heç nəyi və İrəvan kənarda alınacaq qərarlara boyun əyməkdən başqa bir imkana malik deyil.

Bu geosiyasi faktorlarla yanaşı, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizə qədərini işğal altında saxlaması faktını mütləq nəzərə almaq lazımdır. Həm də ABŞ münaqişəni tənzimləməli olan üç həmsədr dövlətdən biridir. Buna görə də Vaşinqtonun Ermənistana qeyd-şərtsiz yardım etməsi və onunla ticari-iqtisadi və hərbi əlaqələri inkişaf etdirməsi mümkün deyildir. Vaşinqton özbaşına bu istiqamətdə addım ata bilər, lakin o, dərhal regionda Türkiyə və Azərbaycan kimi tərəfdaşlarını itirəcəyinin də fərqindədir. Həm də Amerika rəhbərliyi bilir ki, o halda Azərbaycanın Rusiya ilə daha yaxından əlaqə qurmaqdan başqa yolu qalmayacaq. Deməli, ABŞ-ın Ermənistanla real əməkdaşlığı mürəkkəb və çoxsaylı şərtlərdən asılıdır. O, erməni mətbuatı və bir sıra xəyalpərəst erməni siyasətçilərinin təqdim etməyə çalışdığı kimi deyil.

Bütün bunlar A.Sarkisyanın Qərbə səfərinin real mənasını aydın göstərir. Bu səfər növbəti boş addımlardan biridir. Amerika başda olmaqla Qərb Cənubi Qafqazda gərgin geosiyasi vəziyyətin mövcudluğu, Rusiya və İran məsələləri üzrə dəyişmə dinamikasının aydın olmadığı bir şəraitdə kiçik və vassal bir dövlətlə böyük işlərə getməz. "Toy" prezidenti"nin dedikləri isə onun daxili hisslərinin əyaniləşməsi ola bilər.

Ancaq bununla yanaşı, N.Paşinyanın Qərbin siyasi nəbzini yoxlamağa çalışdığı nəticəsi də alınır. Rəsmi İrəvan Rusiya tərəfdən ciddi təzyiqlərə məruz qaldıqca Qərbə sığınmağa daha çox meyl edir. Zatən başqa yolu da yoxdur. Birincisi, İranın özünün vəziyyəti acınacaqlıdır. İkincisi, qonşu ölkələr ilə Ermənistanın münasibətləri suallar doğurur. Azərbaycan və Türkiyə ilə düşmən kimi davranır, Gürcüstanın özü isə xilaskar axtarışındadır. Rusiyanın şərtləri aydındır və Kreml onu dəyişmək fikrində deyil. Qalır Qərb!

Qərbin özü də artıq əvvəlki deyil. Onun sıraları zəifləyib, birlik pozulub. Amerika isə öz təzyiqlərini davam etdirir. İndi bütövlükdə Qərb dövlətlərinin Cənubi Qafqaz istiqamətində davamlı və yekdil siyasət yeridə bilmək imkanının çox olmadığını deyə bilərik.

Belə çıxır ki, Armen Sarkisyan getdiyi kimi də qayıdıb. Yəni əliboş gedib və o cür də geri dönüb. Bu səfər faktiki olaraq büdcədən boş yerə pul xərcləmək mənasına gəlib. Ermənistan xarici siyasət kursunu o dərəcədə dolaşdırıb və səmərəsiz edib ki, siyasətçilər hansı istiqamətdə addım atsalar, qapalı dairə yaranır. Burada xeyir kimi görünən istənilən əməlin əslində ziyan olduğu üzə çıxır. İndi Ermənistan həyəcanla A.Sarkisyanın səfərinin xalqa vuracağı ziyanı gözləməlidir! Kim nə qədər zərər görəcək? Erməni prezidentin səfərinin xalqına verdiyi "xeyir" bundan ibarətdir!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.