Dünya

Arkanzas ştatının paytaxtında Azərbaycan Günü elan olunub

17 May 2018 08:40
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arkanzas ştatının paytaxtı Litl-Rok şəhərinin meri Mark Stodola Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyannamə imzalayıb.

Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyannamədə, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlandığı bildirilir.

Sonda şəhərin meri Mark Stodola imzaladığı bəyannamədə 2018-ci il 28 may tarixini Litl-Rok şəhərində Azərbaycan Milli Günü elan edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.