Dünya

İrəvanda polis və nümayişçilər arasında toqquşma: 22 yaralı - YENİLƏNİB

16 Aprel 2018 18:42
0 Şərh     Baxış: 1 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:42

İrəvanda polislə nümayişçilər arasında baş verən toqquşma zamanı 22 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata yaralananlardan 3-ü polisdir. 

"Nairi" tibb mərkəzindən bildirilib ki, polislərdən birinin vəziyyəti ağırdır və hazırda əməliyyatdadır. Digər xəsarət alanların vəziyyəti isə yüngüldür və bu gün xəstəxanalardan buraxılacaqlar. Xəsarət alanlar arasında nümayişçilərin lideri Nikol Paşinyan da var. O, ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb. N. Paşinyan xəstəxanada jurnalistlərə açıqlama verərək bütün Ermənistan vətəndaşlarını küçələrə və meydanlara çıxmağa çağırıb: ""Mən gözümdən və əlimdən yaralandım. Böyük ehtimal ki, tikanlı məftilləri keçmək istəyərkən səs qumbarasının partlaması nəticəsində xəsarət almışam. Lakin mübarizə davam edir".

Paşinyan yenidən etirazçılara qoşulacağını bildirib. 

Nümayişçilər isə hələ də Baqramyan prospektindədirlər. Daha əvvəl polis tikanlı məftilləri keçərək parlamentə doğru hərəkət etmək istəyən etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib. 

Qeyd edək ki, sabah parlamentdə Serj Sarkisyanın baş nazir postuna təsdiqlənməsi ilə bağlı səsvermə keçiriləcək. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək. 

----------

17:44

İrəvanın mərkəzində vəziyyət gərginləşib.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Baqaramyan prospektində polis və nümayişçilər arasında toqquşma baş verib. Nümayişçilər polis səddini yararaq Konstitusiya Məhkəməsinin binasına çatıblar. Lakin polis onların qarşısını tikanlı məftillərlə kəsib. Nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə edilib. Aksiyanın təşkilatçısı, parlamentin deputatı Nikol Paşinyan xəstəxanaya yerləşdirilib.

Polis hazırda vəziyyəti nəzarətə götürməyə çalışır. Aksiya gedən əraziyə su püskürdən maşınlar gətirilib.

Trend-in məlumatına görə, iğtişaş nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, kütləvi aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.

-----------
16:37

Yerevanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin verilməsinə qarşı etirazlar davam edir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Yerevanın mərkəzində aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma olub.

Qeyd olunur ki, polis parlament binasına doğru hərəkət etməyə çalışan etirazçıların qarşısını alarkən iğtişaş başlayıb.

Polis gözyaşardıcı qazdan istifadə etməli olub. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Müxalif millət vəkili Nikol Paşinyan da xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.