Dünya

Suriyaya raket zərbələri: Trampın sirləri Putinə çatdırdığı üzə çıxdı

15 Aprel 2018 20:13
0 Şərh     Baxış: 5 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kreml ABŞ-ın və müttəfiqlərinin Suriyadakı obyektlərə zərbələrinin hədəfləri barədə məlumatı Dəməşqə, Tehrana, həmçinin Suriyada fəaliyyət göstərən "Hizbullah" qruplaşmasına ötürüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu məlumatı "Əl-Cəzirə" nəşri yayıb.

Həmin mənbəyə istinad edən "NEWSru Israel" saytı qeyd edir ki, "Əl-Cəzirə" mütəmadi olaraq sonradan təsdiqini tapmayan xəbərlər dərc edir. Bununla birlikdə, İsrail saytı hesab edir ki, əvvəlcədən xəbərdarlıq faktı "demək olar ki, şübhə doğurmur". ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri tərəfindən Suriyadakı hədəflərə zərbənin endirilməsinə bir neçə gün qalmış Rusiyanın hərbi gəmiləri Tartus limanını tərk etmişdi. Hmeymim və Tartus bazalarını qoruyan Rusiya hava hücumundan müdafiə vasitələri işə salınmadı. Kütləvi raket zərbəsi nəticəsində heç bir rusiyalı xəsarət almadı.

Fəqət "Əl-Cəzirə" iddia edir ki, zərbənin hazırlanması barədə əlaqələr bununla məhdudlaşmayıb. İranın "Qüds" qüvvələrinin komandanlığındakı mənbə xəbər verir ki, ABŞ prezidenti Donald Tramp şəxsən telefonla Rusiya prezidenti Vladimir Putini Suriyadakı hədəflər və zərbənin endirilməsi vaxtı barədə məlumatlandırıb. Məlumatda deyilir ki, bu söhbətdən sonra Moskva Dəməşq, Tehran və Livan "Hizbullah"ı ilə qüvvələrinin zərbələrin endiriləcəyi rayonlardan çıxarılmasını razılaşdırıb.

Elə həmin mənbəyə görə, rusiyalılar "son anda" öz müttəfiqlərini amerikalılarla anlaşma barədə xəbərdar ediblər və bildiriblər ki, bu zərbəyə qarşılıq verməyəcəklər. Xəbərdə qeyd olunur ki, İran və Suriya bu qərardan narazı qalıblar. Moskva isə əlavə edib ki, bu, "böhrandan yeganə çıxış yoludur".

"Əl-Cəzirə" həmçinin iddia edir ki, ABŞ və İsrail Kremlin iranlıların və "Hizbullah"ın öz qüvvələrini Suriyadan çıxarması üçün onlara təzyiq göstərilməsi məsələsində dəstəyini qazanmaq istəyib. Lakin Moskva bu tələbi rədd edib və razılaşıb ki, İranı "əvvəlcədən razılaşdırılmış qırmızı xətləri keçməməyə", ələlxüsus kimyəvi silahdan istifadə etməməyə inandırmağa çalışacaq.

Qeyd edək ki, Rusiya KİV-lərində də ehtimallar səslənir ki, rusiyalılar Əsəd qoşunları üçün "canlı qalxan" rolunu oynayırlar. Şərhçi Roman Popkov "MBX-Media" saytında yazır ki, Rusiya qoşunlarının Suriyada mövcudluğu ABŞ-ın hədəf seçimini məhdudaşdırır, suriyalılar isə texnikalarını, misal üçün, Hmeymim bazasında gizlədə bilərlər. Aprel zərbəsindən az öncə Fransada dərc olunan "Le Figaro" qəzeti də bu barədə BMT-dəki mənbəyə istinadən yazmışdı.

Arxada qalan həftənin şənbə gününə keçən gecə ABŞ prezidenti Tramp Suriyanın Duma şəhərində ehtimal olunan kimyəvi silah tətbiqi ilə hücuma cavab olaraq, bu ölkəni raket atəşinə tutmaq barədə əmr verib. Tramp Rusiyanı və İranı Əsəd rejimini dəstəklədiklərinə görə kəskin tənqid edib. ABŞ-la birgə raket zərbələrini Böyük Britaniya və Fransa da həyata keçirib. Bu arada qeyd etmək yerinə düşər ki, zərbə endirildikdən az sonra NATO bu hücum barədə Rusiyaya xəbərdarlıq edilmədiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.