Dünya

"Saakyanın ABŞ-a səfəri Birləşmiş Ştatların Minsk qrupunun həmsədr ölkəsi kimi obyektivliyi barədə şübhə yaradır"

17 Mart 2018 09:03
Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və Birləşmiş Ştatlar Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsinə şərait yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə tamamilə ziddir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə , bu, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın qərəzsizliyi və obyektivliyi barədə şübhə yaratmaqla bərabər, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilməlidir.

A.Səfixanlı əlavə edib ki, digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycan torpaqlarının işğalı nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin Birləşmiş Ştatlara dəvət olunması ikili standartların bariz təzahürüdür.

Aparat rəhbəri hesab edir ki , ABŞ-ın bu kimi qərəzli addımları getdikcə bu dövlətin beynəlxalq nüfuzunun azalması ilə yanaşı, Azərbaycan kimi onunla təhlükəsizlik, enerji və iqtisadi sahələrdə əməkdaşlıq edən strateji tərəfdaşlarının itirilməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.