Dünya

ABŞ-Rusiya: Mərkəzi Asiyada qarşıdurmanın yeni əlamətləri

16 Mart 2018 16:42
0 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika ordusu Mərkəzi Komandanlığının başçısı general Cozef Votelin fevralın 27-də Nümayəndələr Palatasındakı çıxışında bir sıra məsələlərdə Rusiyanı ittiham etməsi cavabsız qalmayıb.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, Rusiya XİN yaydığı bəyanatda orada söylənən bəzi fikirlərə münasibət bildirib. Bununla da Vaşinqtonla Moskva arasında növbəti söz atışması başlayıb. Amerika Kremli Mərkəzi Asiyada "neqativ işlərlə" məşğul olmaqda, o cümlədən ABŞ-ı buradan sıxışdırmaqda günahlandırır. Moskva isə həmin regionda fəallığının təbii olduğunu əsaslandırmağa çalışır. Pentaqonun Mərkəzi Asiya məsələsini ortaya atmasını ekspertlər düşündürücü hesab edirlər. Çünki həmin regionda Çin daha fəaldır. Niyə ABŞ Moskvanı ittiham edib onu əsas rəqib kimi təqdim edir? Bu, Mərkəzi Asiyada hansısa münaqişənin hazırlandığı anlamına gələ bilərmi? Bu kimi suallara cavabın üzərində dayanmağı lazım bilirik.

İttihamların pərdəarxası: qarşıdurma güclənirmi?

ABŞ-Rusiya qarşıdurması dünyanın müxtəlif regionlarına yayılmaqda davam edir. Hazırda bu, daha çox Yaxın Şərqdə özünü göstərir. Lakin zaman-zaman Şimali Koreya məsələsində də bir-birini ittihamedici fikirlər səsləndirilir. Fevralın 27-də Konqresdəki çıxışı zamanı Amerika Silahlı Qüvvələri Mərkəzi Komandanlığının başçısı general Cozef Votel Mərkəzi Asiyada da iki böyük dövlətin maraqlarının toqquşduğunu ifadə edib.

Amerikalı general Moskvanı həmin regionun dövlətlərini Vaşinqtonla əməkdaşlıqdan çəkinməyə məcbur etdiyini vurğulayıb. Bunun üçün Kreml ABŞ haqqında "doğru olmayan informasiyalar yayır" (bax: МИД РФ: США стремятся отсечь страны Центральной Азии от сотрудничества с Россией / ТАСС, 3 mart 2018). Bu, Amerika üçün "problemlər yaradır". Nəticədə, Mərkəzi Asiya dövlətləri "iqtisadiyyat və təhlükəsizlik" sahələrində "daha çox Rusiyaya üstünlük verirlər".

Amerikalı general onu da vurğulayıb ki, Rusiya Avrasiya inteqrasiyası layihəsini də regionda "dominant təsiri bərpa etmək" naminə reallaşdırır. Yəni Kremlin sözdə inteqrasiyadan danışmasının arxasında sırf məxsusi maraqları dayanır. Həmin maraqlar Mərkəzi Asiya dövlətlərini dünyanın böyük dövlətlərinin təsirindən təcrid etmək, onların Moskvanın lazım bildiyi modellə inkişafını stimullaşdırmağı nəzərdə tutur.

C.Votelin qənaətinə görə, bu cür yanaşma Amerikanın maraqlarına uyğun deyil və ölkənin regionda mövqelərinin zəifləməsinə səbəb olur. Bu üzdən Mərkəzi Asiyada vəziyyət dəyişməlidir.

Bu fikirlərə Rusiyadan gecikmədən reaksiya olub. Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb (bax: əvvəlki mənbəyə). Bəyanatda Moskvanın general C.Votelin dedikləri ilə qətiyyən razılaşmadığı ifadə edilib. Burada deyilir ki, Rusiya Mərkəzi Asiya ölkələri ilə onların öz istəyinə görə əməkdaşlıq edir. Moskva özü heç nəyə məcbur etmir, eyni zamanda, kimlərinsə Mərkəzi Asiya ölkələrinə təzyiq etməsini də qəbul etmir.

XİN-in bəyanatında Moskvanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə səmimi olduğunu təsdiq edən fakt kimi son 10 ildə regiona 6 milyard ABŞ dolları həcmində sərmayə yatırmasını göstərib. Regionda bütövlükdə Rusiyanın 20 milyard dollardan artıq sərmayəsi dövriyyədədir. Burada onun 7,5 min şirkəti fəaliyyət göstərir.

Mərkəzi Asiya üçün MDB-nin azad ticarət zonasının və Avrasiya İqtisadi İttifaqının ümumi iqtisadi məkanının yaradılması geniş imkanlar açıb. O cümlədən region ölkələrinin Rusiya ilə ticarət dövriyyəsinin həcmi 2017-ci ildə üçdəbirə qədər artıb. Ayrıca Qazaxıstanla 30,1%, Qırğızıstanla 31,6%, Özbəkistanla isə 33,9% artıb (bax: əvvəlki mənbəyə).

Bütün bunların fonunda Amerikanın region ölkələrinə 2008-2016-cı illərdə yatırdığı sərmayə 3 milyard ABŞ dolları təşkil edib. Belə çıxır ki, son illər Rusiya Mərkəzi Asiyada Amerikadan xeyli fəal olub. Pentaqonun bu vəziyyətə etirazı ilk növbədə Vaşinqtona yönəlməlidir. Bunun əvəzində həmin regionda fəallıq göstərənlərin ittiham edilməsi sağlam məntiqə sığmır. Belə çıxır ki, Vaşinqton Mərkəzi Asiya istiqamətində siyasətini kifayət qədər səmərəli qura bilməyib.

Rusiya XİN-in belə reaksiyası təbiidir. Mərkəzi Asiya coğrafi olaraq Rusiya ilə həmsərhəddir və burada ruslar bir neçə əsr dominantlıq ediblər. Hazırda regionda çoxlu sayda rus millətindən olan adamlar yaşayırlar. Regionda rus dilinin təsiri hələ də güclüdür. Təhlükəsizlik məsələsində də tərəflər üçün ortaq maraq kəsb edən xeyli faktorlar vardır. Məsələn, dini radikalizmə qarşı mübarizədə Moskva ilə region ölkələrinin maraqları üst-üstə düşür. Bütün bunlar onu göstərir ki, Kremlin Mərkəzi Asiyada geosiyasi, iqtisadi, energetik və təhlükəsizlik maraqlarını təmin etməyə çalışması başa düşüləndir. Bəs onda C.Votel nəyə görə məsələni başqa məzmunda təqdim etməyə çalışır?

Çin faktorunun "unudulması": Vaşinqtonun əsas ''problemi''

Əslində, amerikalıların xeyli gərgin görünməsi yalnız Rusiya amili ilə məhdudlaşmır. Onlar dünyanın müxtəlif regionlarında alışdıqları üstün mövqeni itirirlər. Bunun da əsas səbəbi Vaşinqtonun dövrün tələblərinə cavab verməyən siyasət yeritməsi ilə bağlıdır. Bütövlükdə Qərb ikili standartlar mövqeyindən çıxış edir. Buna qarşı da təbii etirazlar meydana gəlir.

Bunlardan əlavə, dünyanın başqa böyük dövlətləri müxtəlif məkanlarda, daha çox isə özlərinə yaxın olan yerlərdə nüfuzlarını artırmağa cəhd edirlər. Deyək ki, Rusiya, Çin, İran, yaxud Türkiyə belə bir addım atırsa, bu, niyə məhz Amerikaya qarşı atılan addım kimi başa düşülməlidir? Belə çıxır ki, bu aspektdə də problem yenə də ABŞ-ın özündədir. Reallıq ondan ibarətdir ki, ABŞ dünya ağalığında israrlıdır. Təbii ki, bu, o demək deyil ki, digər böyük dövlətlərin davranışlarında qüsurlar yoxdur və bütün günahlar Amerikadadır. Buna baxmayaraq, ABŞ-ın daim başqalarını ittiham etməsi və bu zaman ancaq öz maraqlarını obyektiv reallıq kimi təqdim etməyə çalışması təqdir edilə bilməz.

Problemin digər bir aspekti də yuxarıda ifadə edilən fikirlərin işığında maraqlı təsir bağışlayır. Reallıq ondan ibarətdir ki, Mərkəzi Asiyada Çin Amerika, Rusiya və Avropa İttifaqından daha fəaldır! Pekin regionla iqtisadi, ticari, hərbi, energetik və təhlükəsizlik sferalarında əməkdaşlığı sürətlə inkişaf etdirir. 2017-ci ilin rəqəmlərinə görə, yalnız Qazaxıstana Çin 42,8 milyard ABŞ dolları həcmində sərmayə yatırıb. Kredit həcmi isə 50 milyard ABŞ dollarından artıq olub (bax: Общий объем инвестиций Китая в экономику Казахстана превысил $42,8 млрд / Kapital.kz, 7 iyun 2017).

Özbəkistana Çin 2016-cı ildə 7,8 milyard ABŞ dolları həcmində sərmayə qoyub ki, bu da Rusiyanın 10 ildə bütövlükdə regiona yatırdığı kapitaldan çoxdur (6 milyard ABŞ dolları). Ümumiyyətlə götürdükdə, Çinin Mərkəzi Asiyaya yatırımları 100 milyard ABŞ dollarını ötüb və hazırda region dövlətlərinin ən çox borcu Pekinədir. Maraqlıdır ki, Çin əldə etdiyi nəticələrlə kifayətlənməyib əlaqələri daha da inkişaf etdirir.

Başqa faktları da gətirmək olar. Ancaq yuxarıda vurğulananlar da göstərir ki, Mərkəzi Asiyada əsas geosiyasi oyunçu Rusiya deyil, Çindir. Pekin faktiki olaraq həm Rusiyaya, həm də bütövlükdə Qərb ölkələrinə orada ciddi rəqibdir. O halda sual olunur: ABŞ niyə məhz Rusiyanın fəaliyyətinə etiraz edir?

Görünür, burada Vaşinqton real vəziyyətə deyil, sırf geosiyasi faktorlara uyğun hərəkət edir. General C.Votel Mərkəzi Asiyada ən güclü oyunçunu qoyub, Rusiyanı günahlandırırsa, yenə də emosiyalara qapılmış olur. Yaxın Şərqdə və Ukraynada Moskvanın Qərbə göstərdiyi müqavimət və yeni raketlərin nümayişi fonunda Vaşinqton hər yerdə Kremlin əməllərini görməyə başlayıb. Bu isə reallığı təhrif etmək, özünə düşmən obrazı yaratmaq anlamını verir.

Belə hərəkətlər adətən amansız silahlanma yarışı, müxtəlif regionlarda ixtilafların yaranması və münaqişə ocaqlarının alovlanması ilə nəticələnir. Əslində, son vaxtlar Vaşinqtonla Moskvanın bir-birini hədələməsinə dünya alışıb. Bu proses səngimir. Əksinə, yeni-yeni məqamlar əlavə olunur. General Cozef Votelin sözləri də bu qəbildəndir.

Böyük dövlətlərin belə tərzdə rəqabəti gücləndirməsi ümumən dünyanı növbəti dəfə təhlükələrlə üz-üzə qoyur. Təcrübəyə əsasən belə proqnoz vermək olar ki, Mərkəzi Asiyada hansısa münaqişə, yaxud terror dalğası hazırlayırlar. Yaxın Şərqdən sıxışdırılan terrorçuların Əfqanıstan vasitəsi ilə Mərkəzi Asiyaya keçməsi ehtimalı haqqında xüsusi xidmət orqanları çoxdandır ki, danışırlar. Təhlükə yaxınlaşırmı?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.