Dünya

"Qazprom" Ukrayna ilə bütün müqavilələri ləğv edəcəyini açıqlayıb

2 Mart 2018 18:50
0 Şərh     Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Qazprom" dövlət enerji şirkəti Ukrayna ilə bütün müqavilələrin ləngimədən ləğv olunacağını bəyan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "Qazprom" İdarə Heyətinin sədri Aleksey Miller deyib. O bildirib ki, söhbət həm ukraynalı istehlakçılar üçün verilən qazdan, həm də Rusiya qazının Avropaya tranziti barədə Ukrayna ilə imzalanmış müqavilədən gedir. "Qazprom" Ukraynanın "Naftoqaz" dövlət şirkəti ilə bağlanmış müqavilələrin ləğvi üçün Stokholm arbitrajında dərhal müvafiq prosedurlara başlayacaq.  

A. Miller bu qərarı Stokholm Arbitraj Məhkəməsinin qəbul etdiyi qərarın "Qazprom"un maraqlarına qarşı yönəlməsi ilə izah edib: "Arbitrlər öz qərarlarını Ukrayna iqtisadiyyatının durumunun kəskin pisləşməsi ilə arqumentləşdiriblər. Biz Ukraynanın iqtisadi problemlərinin bizim hesabımıza həll olunmasına qətiyyətlə qarşıyıq. Belə vəziyyətdə mövcud müqavilələrin davam etdirilməsi "Qazprom" üçün iqtisadi baxımdan məqsədəuyğun deyil və əlverişsizdir".

Qeyd edək ki, fevralın 28-də Stokholm arbitrajı "Naftoqaz"ın "Qazprom"a qarşı iddiası əsasında qərar çıxarıb. Qərara əsasən Rusiya tərəfi 2009-2017-ci illərdə Ukrayna vasitəsilə müqavilədə nəzərdə tutulduğundan daha az qaz tranziti həyata keçirdiyi üçün qarşı tərəfə 4,6 milyard ABŞ dolları məbləğində cərimə ödəməlidir. "Naftoqaz"ın "Qazprom"a 2 milyard dollar borcu nəzərə alınaraq "Qazprom"un ödəməli olduğu məbləğ hazırda 2,6 milyard dollar təşkil edir. Bundan başqa, arbitraj "Qazprom"un tranzit müqaviləsinin sonuna qədər (2019-cu ilin sonu) Ukrayna vasitəsilə ildə 110 milyard kubmetr qaz nəql etməsi, yaxud bunun əvəzini pulla ödəməsi barədə qərar verib. Əgər tranzit 2017-ci il səviyyəsində (93,5 milyard kubmetr) olarsa, "Qazprom" hər il 450 milyon dollar itirəcək. "Naftoqaz" rəhbəri Andrey Kobolev bildirib ki, əgər tranzit 110 milyard kubmetrdən az olsa, Ukrayna tərəfi yenidən məhkəməyə müraciət edərək kompensasiya istəyəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.