Dünya

"Azərbaycanın ümumislam mənafelərinə xidmət edən səylərinə hər zaman dəstək verəcəyik"

23 Fevral 2018 20:00
2 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanı qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səmimi qardaşlıq şəraitində keçən görüşdə Azərbaycan və İran xalqları və dövlətləri arasında həyatın bütün sahələrində olduğu kimi dini-mənəvi sahədə əlaqələrin dərinləşməsindən məmnunluq ifadə olunub. QMİ sədri Azərbaycanın İslam dünyasının maraq və mənafelərinin qorunması istiqamətində beynəlxalq müstəvidə səylərinin dünya müsəlmanlarının hər zaman dəstək və ehtiramına səbəb olduğu barədə onu məlumatlandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin qlobal təşəbbüsləri, ümumbəşəri və İslami həmrəylik ideyalarının, Azərbaycanın I Vitse-prezidenti Mehriban xanım Əliyevanın bu yöndə səmərəli, məhsuldar fəaliyyətinin önəmi barədə danışan Şeyxülislam A. Paşazadə bütün bunları Azərbaycanın ümumislam mədəni irs xəzinəsinə töhfələri kimi dəyərləndirib. O bildirib ki, Azərbaycan İslam dünyasının ayrılmaz tərkib hissəsidir və dinimizin dəyərlərinə və ümumbəşəri multikulturalizm ideyalarına hər zaman böyük ehtiram və qayğı ilə yanaşır.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq elan olunmuş "İslam Həmrəyliyi İli"nin yekunlaşması ilə bağlı 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda keçirilmiş Beynəlxalq Konfrans barədə qonağı məlumatlandıran QMİ sədri bu mötəbər tədbiri və onun ünvanına İran Prezidenti Həsən Ruhaninin təbriknaməsinin daxil olmasını Azərbaycana, onun dinlərarası dialoq prosesində və İslami əməkdaşlıq istiqamətində uğurlu səylərinə verilən dəstək olaraq səciyyələndirib.

QMİ sədri A.Paşazadə qonağın diqqətinə çatdırdı ki, Bakı Beynəlxalq Konfransının iştirakçıları dinlər və mədəniyyətlər arası dialoqun inkişaf etdirilməsini zəruri sayaraq, bu prosesin davamlılığını təmin etmək məramı ilə "Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq" Mərkəzi yaradılması barədə qərara gəldilər. Azərbaycanda, Qafqaz Müsəlmanları İdarəsi yanında daimi fəaliyyət göstərəcək Mərkəzin Himayədarlar Şurasında Abuzər İbrahimi Türkamanın yer almasına xeyir-dualarını istədi. Şeyxülislam A.Paşazadə ümidvar olduğunu diqqətə çatdırdı ki, Abuzər İbrahimi Türkaman bu dəyərli ideyanın gerçəkləşməsi işinə öz dəstək və yardımını əsirgəməyəcəkdir və Mərkəzin xətti ilə gələcəkdə keçiriləcək beynəlxalq tədbirlərə təşrif buyurmaqla bizləri şərəfləndirəcəkdir.

Qonaq, öz növbəsində, Azərbaycanda keçirdiyi görüşlər barədə danışaraq, göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Abuzər İbrahimi Türkaman rəhbərlik etdiyi təşkilat xəttilə Azərbaycan-İran dini-mədəni əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəklərini, habelə Azərbaycanın ümumislam mənafelərinə xidmət edən səylərinə hər zaman dəstək verəcəklərini bildirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.