Dünya

Avropa Birləşmiş Ştatları olacaqmı?

9 Dekabr 2017 19:05
0 Şərh     Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The Guardian" yazır ki, Almaniya sosial-demokratlarının (SPD) lideri Martin Schulz Angela Merkelin partiyası ilə koalisiyanın yaradılması üçün "qırmızı xətlərin" müəyyən edildiyini deyib.

Lakin bundan da mühümü budur ki, Schulz SPD-nin Berlində keçirilən qurultayında 2025-ci ilədək "Avropa Birləşmiş Ştatlarının" yaradılmasına çağırıb.

Cənab Schulz bildirib ki, partiyasının Angela Merkellə danışıqlara daxil olması üçün bir neçə şərtlər qoyulacaq. Bunlar - daha yaxşı sosial-təminat sisteminin yaradılması və yanacaq kimi kömürdən birdəfəlik əl çəkilməsidir.

"Biz nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək istəmirik, - Schulz deyib, - Lakin biz eyni zamanda nəyin bahasına olursa-olsun, hakimiyyətdən imtina etmək fikrində də deyilik".

Bunun ardınca SPD üzvləri böyük səs çoxluğu ilə partiya rəhbərliyinin Angela Merkelin Xristian Demokrat İttifaqı (CDU) partiyası ilə koalisiya danışıqlarına başlamasına icazə veriblər.

Bu da bildirilir ki, yeni koalisiyanın iki forması ola bilər. Birinci halda sosial-demokratlar hakimiyyətə birbaşa daxil olurlar və "böyük koalsiya" yaranır, ikinci halda isə formal koalisiya razılaşması əldə olunur. Bu halda SPD koalisiya hökumətinə daxil olmasa da, parlamentdə hökumətin müəyyən təkliflərinə qarşı çıxmamaq öhdəliyi götürür.

Almaniyada bir aydan da artıqdır ki, yeni hökumətin təşkil edilə bilməməsi Avropa boyunca narahatlığa səbəb olub. Məhz buna görə də Fransa prezidenti Emmanuel Macron və Yunanıstanın baş naziri Aleksis Tsipras Schulz-a şəxsən müraciət edərək onu xanım Merkellə dil tapmağa çağırmışdılar.

SPD lideri bu çağırışları nəzərə alsa da, işarə edib ki, Almaniya daha dörd il bütün Avropanın yükünü çəkə bilməz. Buna görə də o, Avropa ölkələrinin "konstitusiya müqaviləsi" bağlamalarını təklif edib. Onun fikrincə, bu müqavilə Avropanı federal prinsiplər üzərində qurmaq imkanı verəcək.

"The Guardian" yazır ki, Schulz-un bu çağırışı xanım Merkel və başqa Avropa liderləri tərəfindən o qədər də isti qarşılanmayacaq.

Amma Schulz deyib ki, Avropa İttifaqını faktiki olaraq bir dövlət şəklində birləşdirəcək konstitusiya müqaviləsini imzalamayan ölkələr avtomatik olaraq Aİ-dən çıxmış sayılacaqlar.

SPD lideri sosial təminat, təhsil və bərpa olunan enerji sahələrinə daha çox vəsait qoyulmasını təklif edib.

Məqalədə deyilir ki, SPD üzvlərinin koalisiya danışıqlarına icazə vermələrinə baxmayaraq, partiya qurultayı təşkilatın Merkellə dərin fikir ixtilaflarını ortaya qoyub.

Schulz öz partiyasının seçkidə ən zəif nəticəsinə görə partiyadaşlarından üzrxahlıq edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.