Dünya

Ankaradakı müzakirələr: Ərdoğan-Putin görüşünün geosiyasi məqamları

16 Oktyabr 2017 19:24
0 Şərh     Baxış: 1 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın dövlət başçısı Vladimir Putinin Türkiyəyə son səfəri ilə bağlı müxtəlif analizlər aparılır.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, ekspertlər tərəflərin təcili bir araya gəlmələrinin səbəblərini aydınlaşdırmağa çalışırlar. Hər bir halda bu hadisə regionda və dünyada gedən geosiyasi proseslərlə əlaqələndirilir. Yəni bu səfərin geosiyasi əhəmiyyətindən söhbət açmaq olar. Burada ilk olaraq Yaxın Şərqdə müşahidə edilən və müəyyən narahatlıq doğuran prosesləri vurğulamaq gərəkdir. Suriya və İraqda cərəyan edən hadisələr yeni səviyyədə ixtilafların meydana gəlməsi ehtimalını artırıb. Hətta bir sıra ekspertlər Üçüncü dünya müharibəsinin başlamasından da ehtiyatlanırlar. Bu müharibə Suriyanın Deyr əz-Zor əyalətindən, yaxud İraqın şimalından başlaya bilər. Yaranmış vəziyyət Moskva ilə Ankaranın münasibətləri inkişaf etdirməsi zərurətini ortaya çıxarır. Bunların fonunda Vladimir Putinin Türkiyə səfərinin geosiyasi aspektlərinin təhlili aktual görünür.

Gözlənilməz səfər: yeni şərtlərdən yaranan zərurət

Rusiya Prezidentinin Ankaraya son səfərini ekspertlər bir qədər gözlənilməz saydılar. Prezidentlər səfərdən cəmi üç gün öncə telefonla danışmışdılar. Görünür, onlar vacib məsələləri üzbəüz müzakirə etməyə üstünlük verdilər. Yaxın Şərqdə geosiyasi əhəmiyyətli aktual proseslər kifayət qədərdir.

Vladimir Putini Ankarada çox isti qarşıladılar. Onun Prezident Rəcəb Tayyib Ərdoğanla söhbəti iki saatdan çox çəkib. Yayılan informasiyalara görə, tərəflər həm ikitərəfli əlaqələrin inkişaf etdirilməsini, həm də regionda cərəyan edən yeni hadisələrə ortaq yanaşmanın formalaşdırılması imkanlarını müzakirə ediblər. Belə nəticə çıxarmaq olar ki, Rusiya və Türkiyə əksər məsələlərdə mövqe eyniliyinə nail olublar.

Ekspertlər buna misal olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi imkanlarını göstərirlər. Belə ki, Ankaradakı danışıqlarda tərəflər enerji, iqtisadiyyat, ticarət və mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirməyi qərara aldılar. Artıq münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb. Rusiya və Türkiyə "Akkuyu" atom elektrik stansiyasının tikilməsində, "Türk axını" layihəsinin reallaşmasında, kənd təsərrüfatı məhsullarının ticarətini daha da genişləndirməkdə razılığa gəliblər. Tərəflər məhsullara qoyduqları qadağaları tam aradan qaldırmaq niyyətlərini bir daha bəyan ediblər. Türkiyə Rusiya taxılının idxalına, Rusiya isə Türkiyə pomidorlarına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırır.

Bunların fonunda hər iki ölkə əməkdaşlığı yüksək strateji tərəfdaşlıq səviyyəsində təsbit etməkdə maraqlı olduqlarını ifadə ediblər. Prezidentlər jurnalistlər üçün keçirdikləri mətbuat konfransında bir-birlərini təkrar-təkrar dost adlandırıblar. Rusiyalı jurnalistlərə görə, R.T.Ərdoğan V.Putini səkkiz dəfə "əziz dostum" deyə adlandırıb. V.Putin isə iki ölkə arasında münasibətlərin bu cür yüksək templə inkişaf etməsində R.T.Ərdoğanın böyük rol oynadığını ifadə edib. Ancaq bu, əlaqələrin yeni səviyyəyə yüksəlməsində daha çox Ankaranın maraqlı olması anlamına gəlmir. Rusiya Prezidenti, əsasən, Türkiyə rəhbərinin uzaqgörənliyini, praqmatikliyini və səmimiliyini vurğulamaq istəyib. Öz növbəsində R.T.Ərdoğan da Rusiya Prezidentinin səmimi tərəfdaş olduğunu önə çəkib.

Belə görünür ki, Rusiya ilə Türkiyə arasında yeni münasibətlər erası başlayır. Tarixən bir-birinə rəqib olan iki böyük dövlət müasir geosiyasi reallıqları düzgün qiymətləndirərək, əməkdaşlığa üstünlük verirlər. Bu məqam prizmasından regionla bağlı baş verən proseslərə münasibət də önəmli yer tutur.

KİV-in yaydığı məlumata görə, V.Putin, R.T.Ərdoğan Suriya və İraq məsələlərini geniş müzakirə ediblər. Hər iki lider bu ölkələrin ərazi bütövlüyünü tam dəstəklədiklərini bildiriblər. Suriyadakı vəziyyət bu sırada çox önəm daşımaqdadır. Hazırda Deyr əz-Zor istiqamətində gərgin döyüşlər gedir. Rusiya, ABŞ-ın dəstəklədiyi radikal kürd qrupları və İran həmin bölgədəki neft yataqları uğrunda savaşırlar. İndi vəziyyətin mürəkkəb olaraq qaldığı haqqında informasiyalar yayılır.

Yaxın Şərq: Üçüncü dünya müharibəsinə doğru daha bir addım

Türkiyə də Suriyadakı proseslərə laqeyd qala bilməz. Astanada aparılan danışıqlarda İdlibdəki təhlükəsizlik zonasının yaradılmasında Rusiya-Türkiyə-İran əməkdaşlılığı müzakirə olunmuşdu. Belə razılıq əldə olunub ki, orada rus və türk əsgərləri birgə barışı qorusunlar. Lakin bu məsələnin konkret detalları aydınlaşdırılmayıb. Ankarada iki lider həmin məsələni müzakirə etdiklərini bildiriblər.

Digər vacib geosiyasi məsələ Şimali İraqdakı məlum referendum hadisəsidir. Burada iki ölkə İraqın ərazi bütövlüyünün təmin edilməsində həmfikir olduqlarını bəyan ediblər. Türkiyə daha sərt mövqedədir. Çünki İraqın şimalındakı vəziyyət birbaşa Türkiyəyə də təsir edir. Rusiya üçün isə İran və İraqın mərkəzi hökumətinin mövqeyi də maraqlıdır. Hər iki ölkəni Rusiya özünə geosiyasi tərəfdaş hesab edir. Tehran da çox sərt şəkildə Ərbili müstəqillik referendumuna görə qınayıb. Rəsmi Bağdad isə artıq konkret tədbirlərə əl atır. Heydər əl-İbadi hökuməti Şimali İraq kürd muxtariyyətinin rəhbərliyindən quru və hava sərhədlərinə nəzarəti təhvil verməyi tələb edib, Ərbil isə buna rədd cavabı verib. Nəticədə, İraq-Türkiyə sərhədində uzun növbələr yaranıb.

Ankara bütün münasibətlərini yalnız mərkəzi Bağdad hökuməti ilə quracağını bildirib. Artıq Türkiyə Ərbillə heç bir rəsmi əlaqə qurmayacaq. Eyni mövqeni İran da nümayiş etdirir. Deməli, Türkiyə qeyri-qanuni keçirilən müstəqillik referendumu ilə bağlı konkret addımlar atır və prosesi davam etdirmək fikrindədir. O cümlədən terrorla mübarizədə Şimali İraqa daxil olmaq variantı da istisna edilmir.

Təbii ki, Rusiya daha ehtiyatlı mövqedədir və bu, başa düşüləndir. Rusiya regionda özü üçün yeni ağır bir münaqişə arzulamır. Ancaq müstəqillik tələblərinin Rusiyadakı muxtar qurumlardan da gələ biləcəyini qulaq ardına vurmaq istəmir. Bu səbəbdən Kremlin İraq Kürdüstanının müstəqilliyini tanıyacağı ehtimalı yoxdur.

Bütün bunlar V.Putinin Türkiyəyə gözlənilməyən səfərinin səbəblərini müəyyən qədər izah edir. Yaxın Şərqdə münaqişələrin coğrafiyası genişlənir. Bəzi ekspertlər hesab edirlər ki, həm Suriya, həm də İraqda böyük dövlətləri tələyə sala biləcək proseslər cərəyan edir. Suriyada ABŞ-Rusiya qarşıdurması həm də bir-birinə maneə törətmək kontekstində özünü göstərir. Amerika müəyyən yerlərdə Rusiyanın irəliləməsini arzulamır. Bəşər Əsədə bağlı qüvvələrin nəzarət etdiyi ərazi genişlənməkdədir. Belə təəssürat yaranır ki, qısa bir zamandan sonra Suriyada nüfuz uğrunda kəskin ABŞ-Rusiya qarşıdurması başlayacaq. Bu səbəbdən Kreml üçün Türkiyənin tutacağı mövqe önəmlidir.

Eyni qayda ilə Şimali İraqda referendum vasitəsi ilə kimin hansı oyunu apardığı aydınlaşmalıdır. Hiss olunur ki, Ərbil kənardan idarə edilir. Bu sırada adı çəkilən ilk ölkə İsraildir. Lakin onun tək olmadığı da aydındır. Yanında kim var - ABŞ və Avropa? Bu kimi məqamların müəyyən edilməsi Rusiya və Türkiyə üçün faydalı olar, ilk növbədə hər iki dövlətin manevr imkanlarını artırmış olardı.

Bütün bunlar Ankara ilə Moskvanın regionla bağlı məsələlərdə tam eyni mövqeyə gəldiklərini bildirmir. Təbii ki, onlar arasında fikir ayrılıqları qalır. Ancaq, görünür, regionda və bütövlükdə dünyada yaranan mənzərə bütün məsələlərə yeni baxış bucağından baxmaq zərurətini kəskinliyi ilə ortaya qoyur. Bu səbəbdən V.Putinin Türkiyəyə səfərinin yeni səviyyədə əməkdaşlığın əsasını qoya biləcəyini proqnozlaşdırmaq olar. Tərəflərin bu istiqamətdə nə qədər irəli gedəcəklərini demək çətindir. Lakin bu baş tutarsa, iki ölkə tarixi bir addım atmış olacaqlar.

Təbii ki, Rusiya Prezidentinin Türkiyəyə səfəri kontekstində Cənubi Qafqazdakı geosiyasi vəziyyətə də toxunmaq maraqlıdır. Ekspertlər bu regionda vəziyyətin müsbətə doğru dəyişmə ehtimalının yüksəldiyini ifadə edirlər. Onlar Ankara ilə Moskvanın münaqişələrin həllinə nail olmaq şanslarının yüksək olduğunu qeyd edirlər. Ermənistan isə bundan çox narahatdır. Bu ölkənin rəhbərliyi Türkiyə ilə istənilən işbirliyini özünə qarşı təhlükə kimi qəbul edir.

Lakin Moskva istədiyi halda ermənilərin hay-küylərini batıra bilər. Kremlin öz forpostu ilə danışıq təcrübəsi böyükdür. Bütün hallarda Vladimir Putinin Türkiyəyə son səfərinin olduqca əhəmiyyətli aspektləri var. İki böyük dövlətin əməkdaşlıq edərək region üçün vacib olan problemləri həll edə biləcəyini ehtimal etmək olar. Təbii ki, kənardan ciddi müdaxilə olmasa. Çünki geosiyasətdə düzxətli inkişaf yoxdur - hər an meydana gözlənilməz problemlər çıxa bilər!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.