Dünya

“Roma” futbol klubunun qəzetində “Sizə Qarabağdan danışım” sərlövhəli müsahibə dərc olunub

22 Sentyabr 2017 18:52
0 Şərh     Baxış: 2 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Roma" futbol klubunun rəsmi mətbuat orqanı olan "Il Romanista" qəzetinin həm çap, həm də elektron versiyasında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin "Sizə Qarabağdan danışım" sərlövhəli müsahibəsi dərc olunub.

Milli.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, "Il Romanista" qəzetinin müxbiri Qabriele Fasanın suallarını cavablandıran Məmməd Əhmədzadə "Qarabağ" futbol klubunun tarixi nailiyyətinin Azərbaycan futbolu və idmanı üçün önəmindən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı klubun ağrılı taleyindən, habelə Dağlıq Qarabağ münaqişəsi və onun acı nəticələrindən danışıb.

Diplomat son illərdə Azərbaycanda idmanın inkişafı, bu sahəyə Prezident İlham Əliyevin diqqəti və qayğısı, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri yüksək nailiyyətlər, Azərbaycanda müasir idman infrastrukturunun qurulması və ölkəmizin bir sıra mötəbər beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi barədə də məlumat verib.

Səfir M.Əhmədzadə "Qarabağ" və "Roma" futbol klubları arasında keçiriləcək oyunların önəmli idman tədbiri olması ilə yanaşı, Azərbaycan və İtaliya xalqlarının bir-birini daha yaxından tanımasına töhfə verəcəyini bildirib.

Komandalar arasında keçiriləcək ilk oyunun tarixinin "Roma"nın əfsanəvi kapitanı Françesko Tottinin ad gününə təsadüf etməsi ilə əlaqədar azərbaycanlı diplomat məşhur futbolçu ilə bağlı xatirələrini bölüşüb və onu ad günü münasibətilə təbrik edib.

Müsahibə ilə bağlı "Il Romanista" qəzetinin üz səhifəsində məhz F.Tottinin fotosunun əks olunduğu "Müharibə içində futbol - Bu da Qarabağ" sərlövhəli məlumat da yerləşdirilib.

Müsahibənin yerləşdirildiyi səhifədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, "Qarabağ" klubunun sabiq məşqçisi və Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov, Azərbaycanda keçirilmiş nüfuzlu beynəlxalq idman yarışları, eləcə də bu turnirlərdə idmançılarımızın yüksək nailiyyətləri barədə də ətraflı məlumat verilib.

Xatırladaq ki, "Roma" futbol klubunun rəsmi mətbuat orqanı olan "Il Romanista" qəzeti 2004-cü ildə təsis olunub və dünyada futbol klubuna həsr edilən ilk idman qəzetidir. Qəzet "Roma" futbol klubunun azarkeşləri, eləcə də İtaliyada idmansevərlər və futbol həvəskarları arasında geniş populyarlığa malikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.