Dünya

Ruhani inqilab keşikçilərini repressiya edir?

16 Sentyabr 2017 20:06
0 Şərh     Baxış: 1 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Financial Times" qəzeti yazır ki, İranın ən qüdrətli və ən nüfuzlu seçmə hərbi qüvvəsi - İnqilab Keşikçiləri Korpusu (İKK) səlahiyyətində olan bəzi şirkətləri yenidən qurmağa, bəzilərini isə ümumiyyətlə dövlətin ixtiyarına verməyə məcbur edilib.

Məqalədə deyilir ki, prezident Ruhani bu elit qüvvənin İran iqtisadiyyatındakı rolunun zəiflədilməsi yolunda hətta onun bəzi komandanlarını həbs etdirməli olub.

İran iqtisadiyyatının neft və kommunikasiyalar da daxil, bir sıra ən gəlirli sahələri İKK-nin sərəncamındadır.

Adının çəkilməsini istəməyən İran rəsmisi FT-yə deyib ki, son aylarda İKK-nin bir sıra vəzifəli üzvləri və onlara bağlı biznesmenlər həbs edilib, bəziləri isə şübhəli biznes sövdələşmələrindən əldə etdikləri sərvəti təhvil verməyə məcbur edilib.

Ali rəhbərin xeyir-duası

Bir neçə ay bundan əvvəl İKK-yə daxil holdinqlərdən birinin meneceri həbs edilib və onun evindən 4 milyon dəyərində sərvət çıxıb.

Bu korpusun "iqtisadi beyni" kimi tanınan bir briqada generalı da həbs edilənlərin arasındadır.

FT yazır ki, İKK üzərinə hücum bu qüdrətli qurumu sarsıtmadan ehtiyatla həyata keçirilir.

Məqalədə deyilir ki, tuthatut, cənab Ruhani korpusun iqtisadiyyatdakı rolunu tənqid etdikdən sonra başlanıb. Deyilənlərə görə, o ölkənin ali rəhbərini 120 min üzvü olan hərbi korpusun bəzi üzvlərinin hədsiz sərvət topladığına inandıra bilib.

Sözü gedən mənbənin FT-yə dediyinə görə, cənab Ruhani Xameneyiyə deyib ki, iqtisadiyyat inqilab keşikçilərinin arasında geniş yayılmış korrupsiyaya görə dalana dirənib.

Belə deyilir ki, ayətullah ölkənin qüdrətli hərbi qüvvəsinin toxunulmazlığını qorumaq istəsə də, iqtisadiyyatdan narahatdır və Ruhaniyə də tuthatut üçün məhz bu səbəbdən xeyir-dua verib.

İnqilabın milyardları

İki ay bundan əvvəl ikinci müddətə prezident seçilmiş Ruhani deyib ki, keşikçilər "silahlı hökumət" yaradıblar və özəl sektoru "qorxutmaqla" məşğuldurlar.

FT yazır ki, 2015-ci ildə Qərblə nüvə sazişi imzalandıqdan sonra Həsən Ruhani ölkəyə xarici investisiyaların cəlb edilməsinə çalışır. Lakin məhz buna keşikçilər də daxil mühafizəkar elementlər müqavimət göstərirlər.

Məqalədə deyilir ki, İKK-nin biznes maraqlarının tam miqyası gizli qalsa da, ona bağlı bir sıra şirkətlər məlumdur.

Bunlardan biri də Sədra dəniz sənayesi şirkətidir. Bu şirkət həm neft tankerlərinin tikintisi, həm də iri neft-qaz layihələrinin icrası ilə məşğuldur.

Keşikçilərin nəzarətində olan konsorsiumlardan biri olan Etemad Mobin 2009-cu ildə İranın Dövlət Telekommunikasiya şirkətini 7, 8 milyard dollara alıb. İnqilab keşikçilərinə bağlı olduğu düşünlən başqa şirkətlər Ənsar Bank və Sepanir Neft və Qaz Mühəndisliyi müəssisəsidir.

FT yazır ki, İKK-nin biznes maraqları yalnız sənaye ilə kifayətlənmir. İnqilab keşikçiləri həm də səhiyyə, kənd təsərrüfatı və neft-kimya sənayesi kimi başqa sahələrdə də böyük rola malikdir.

Dövlət qaçaqmalçılığı

Məqalədə deyilir ki, inqilab keşikçiləri üzərinə hücumları, əsas etibarilə ABŞ-ın sanksiyaları ilə bağlamaq lazımdır. İranın üzərindən beynəlxalq sanksiyalar qaldırılsa da, Trump administrasiyası ölkənin inqilab keşikçilərinə bağlı olan bizneslər üzərinə yeni sanksiyalar qoyub. FT yazır ki, beynəlxalq investorları İKK ilə bağlı şirkətlərlə iş görməkdən çəkindirən də məhz budur.

İKK-nin maliyyə qüdrəti barədə açıq informasiya olmasa da, bəzi iqtisadçılar inqilab keşikçilərinə bağlı bizneslərin ümumi dəyərini 100 milyard dollar olaraq təxmin edirlər.

Məqalədə xatırladılır ki, iqtisadiyyatın tədricən hərbiyyənin əlinə keçməsi 1980-ci illərdə baş vermiş İraq-İran müharibəsindən sonra başlanıb. O vaxt dini hakimiyyət müharibə komandanlarını mükafatlandırmaq üçün yol, körpü və su bəndlərinin tikinti kontraktlarını onlara vermişdi.

İKK-nin biznes maraqları xüsusilə də populist mühafizəkar Mahmud Əhmədinejadın prezidentliyi illərində genişlənmişdi. Məsələn 2009-cu ildə keşikçilərə bağlı konsorsium dövlət telekommunikasiya şirkətini 7, 8 milyard dollara almışdı. O vaxtdan bəri bu şirkət korpus və onun müttəfiqləri üçün "sağmal inəyə" çevrilib.

FT yazır ki, ölkədə korrupsiyanın qol-qanad açması da cənab Əhmədinejadın prezidentliyi dövrü olan 2005-2013-cü illərə təsadüf edir. Məhz həmin illərdə İrana qarşı şiddətləndirilmiş sanksiyalara görə ölkədə sanksiyalardan yan keçən böyük qara iqtisadiyyat təşəkkül tapmağa başlamışdı. Bu dövrdə neft embarqosunun aşılması üçün İKK-yə bağlı özəl şirkətlərdən istifadə edilir, faktiki olaraq hərbiyyənin nəzarətində olan qaçaqmalçılıq inkişaf etdirilirdi.

Xamneyidən sonra hərbçilər?

FT-nin mənbəyi olan anonim hökumət nümayəndəsi deyib ki, hələlik İKK Ruhaninin onu cilovlamaq cəhdlərinə boyun əyir.

Həmin mənbənin dediyinə görə İran iqtisadiyyatı elə bərbad vəziyyətdədir ki, inqilab keşikçilərini öz kazarmalarına qaytarmaqdan başqa çarə qalmayıb.

Lakin Ruhani eyni zamanda İKK-ni tam narazı salmaq da istəmir. İnqilab keşikçilərinin raket proqramlarına və xaricdəki hərbi əməliyyatlarına böyük məbləğlərdə, amma artıq rəsmi büdcə ayrılıb.

"Ruhani istəyir ki, keşikçilər güclü hərbi qurum olaraq qalsınlar, bütün Yaxın Şərqdə terrora qarşı mübarizə aparsınlar, amma kosmetika satışı ilə məşğul olmasınlar" - deyib adının çəkilməsini istəməyən mənbə.

Mənbə əlavə edib ki, keşikçilərin ipi indidən çəkilməsə ali rəhbərin ölümündən dərhal sonra hakimiyyətə hərbçilər gələ bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.