Dünya

Avropa bankları iş yerlərini ixtisar etməyə məcbur olublar

13 Sentyabr 2017 13:51
0 Şərh     Baxış: 312

Ötən il Avropa İttifaqı ərazisində fəaliyyət göstərən banklar təxminən 50 min iş yerini ixtisar etmək məcburiyyətində qalıblar. Bununla da bu sektorda çalışanların sayı 1997-ci ildən bəri ən aşağı göstəriciyə düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, uzun illərdən bəri faiz dərəcələrinin aşağı olması və müştərilərin onlayn bank xidmətlərdən getdikcə daha çox istifadə etməsi bank sektorunda işləyənlərin sayının azalmasına əsas səbəb kimi göstərilir. İşçi ixtisarı ilə yanaşı, Avropa bankları 2016-cı ildə ümumilikdə 9100 filialı da bağlamalı olub. Bununla da Avropada bu sektorda işləyənlərin sayı 2,8 milyon nəfərə, filialların sayı isə 189 min 270-ə düşüb. 2015-ci ildə bank filiallarının 3 faizi bağlandığı halda, 2016-cı ildə bu trend sürətlənib və bank filiallarının 4,6 faizinin fəaliyyətinə son qoyulub. Statistik göstəricilərə əsasən, 2008-ci ildən bəri orta hesabla hər bir bank beş filialından birini ləğv etmək məcburiyyətində qalıb.

Hesabatda qeyd edilir ki, faiz dərəcələrinin aşağı olması fonunda mənfəətləri aşağı düşən banklar çəkilən xərcləri mümkün qədər azaltmaq üçün müxtəlif yollardan istifadə edirlər. Bunlardan biri onlayn xidmətləri gücləndirmək yolu ilə işçi ixtisarları aparmaq, digəri isə bankların birləşdirilməsidir. 2009-cu ildən müşahidə edilən bu trend ötən il də davam edib. Ötən il Avropada 6596 bank fəaliyyət göstərib ki, bu da 2015-ci illə müqayisədə 6 faiz azalma deməkdir.

Avropa Bank Federasiyası Avropanın 32 milli bank assosiasiyasını həqiqi üzv qismində, 14 milli assosiasiyanı isə assosiativ üzv qismində öz ətrafında birləşdirir.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.