Dünya

İran prezidentinin sözçüsü: "Qardaşının həbsi Həsən Ruhaninin iradəsinə təsir göstərməyəcək"

18 İyul 2017 17:12
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Prezidentin qardaşı və müşaviri Hüseyn Fereydunun həbsi prezident Həsən Ruhaninin iradəsinə təsir göstərməyəcək və onu yolundan döndərməyəcək".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu prezidentin müavini və dövlət sözçüsü Məhəmmədbağır Nobəxt keçirdiyi mətbuat konfransında deyib.
 
M. Nobəxt prezidentin qardaşının həbsinin nazirlər kabinetinin formalaşmasına təsiri ilə bağlı sualın cavabında bildirib ki, bu kimi addımlar prezident Həsən Ruhaninin iradəsinə heç bir təsir göstərməyəcək: "Prezident çox səbirli, təmkinli və çox zirəkdir. Bilir ki, bəzi işlər sabitliyi pozmaq üçün görülür, lakin o mötədilliyi qoruyub saxlayır. Ruhani çox dözümlüdür və heç bir təzyiqə boyun əyməyəcək. O öz işini görəcək".
 
N.Nobəxt əlavə edib ki, H. Fereydun davamlı olaraq  məhkəmə və prokurorluğa  müraciət edib, verilən sualları  cavablandırıb, qaçmaq və harasa getmək haqqında düşünməyib: "Zəmanət məbləğinin həcminin çox olması, onun həbsi və bu həbsin mətbuata çıxarılmasının səbəbini bilmirik. Ədalət və hökmə basqı olmasın deyə bu kimi məsələlərin siyasiləşdirilməyəcəyinə ümid edirik".
 
Qeyd edək ki,  İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi bazar günü prezident Həsən Ruhaninin baş köməkçisi və  qardaşı Hüseyn Fereydunun təzminatı ödəmədiyi üçün korrupsiya ittihamı ilə həbsxanaya göndərildiyini bildirib. Ötən gün H. Fereydunun sağlamlığında bir sıra problemlər yaranıb və o, "Təcili yardım"la  Tehranın özəl klinikalarının birinə köçürülüb. Onun vəkili zəmanət üçün lazım olan məbləği məhkəməyə təqdim etdikdən H. Fereydun sərbəst buraxılıb.
 
H. Fereydunun müalicəsi başa çatdıqdan sonra onun işi üzrə istintaq davam etdiriləcək.
 
Xatırladaq ki, bu ilin əvvəlində İran parlamentinin 46 nümayəndəsi prezident Həsən Ruhaniyə xəbərdarlıq edərək ondan qardaşını məhkəməyə göndərməyi və H. Fereyduna qarşı korrupsiya ilə bağlı irəli sürülmüş ittihamları cavablandırmağı istəyib. Parlament nümayəndələri bildiriblər ki, H. Fereydun öz nüfuzundan istifadə edərək bank müdirlərini təyin edib və banka külli miqdarda borcu olan şəxslərlə əlbir olub.  Lakin sonra H. Fereydun parlamentdə çıxış edib və məktubla parlament sədrinə müraciət edərək ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib, parlament nümayəndələrinin ona qarşı irəli sürdüyü ittihamları hörmətsizlik və böhtan adlandırıb. Prezident H. Ruhaninin tərəfdarları H. Fereyduna qarşı irəli sürülmüş bu ittihamları siyasi xarakterli olduğunu bildiriblər. Prezident H. Ruhani hələlik məsələyə münasibət bildirməyib.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.