Dünya

Ukrayna münaqişəsi: kəskinləşmə tendensiyası

17 İyul 2017 18:48
1 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın Şərqdə geosiyasi vəziyyətin mürəkkəbləşməsi fonunda Ukrayna məsələsinin daha fəal şəkildə gündəmə gətirilməsi ekspertləri düşündürür. Bu prosesin arxasında hansı məqsədlər dayana bilər? Ümumiyyətlə, böyük dövlətlər Ukrayna böhranını aradan qaldırmaq istəyirlərmi? Bu suallara cavab vermək asan deyil. Çünki bir tərəfdən, Donbasda vəziyyət daha da gərginləşir, digər tərəfdən isə Ukraynada terror təhlükəsi artır. Onlara paralel olaraq, Prezident Petro Poroşenkonun Qərb dövlətlərinə səfərləri intensivləşir.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, o, ABŞ, Almaniya və Fransa dövlət başçıları ilə danışıqlar aparıb. Onların real nəticəsi hələ özünü göstərmir. Rusiya isə münaqişə zonasına əlavə hərbi qüvvələr yeritməkdədir. Bu ziddiyyətli proseslərin Ukraynaya və bütövlükdə postsovet məkanına mümkün təsirləri düşündürücüdür.

Kuçmanın şübhələri: Donbas "dondurulur"?

Hiss olunur ki, Qərb-Rusiya münasibətləri yeni səviyyədə gərginliyə doğru gedir. Bu daha çox Suriya məsələsində özünü göstərirdi. İndi Ukrayna problemi "təşəbbüsü ələ almış" kimi görünür. Son zamanlar həm Ukraynanın şərqində hərbi durum mürəkkəbləşib, həm də diplomatik ritorika kəskinləşib. Donetsk və Luqanskda döyüşlər şiddətlənməkdədir. Tərəflər bir-birinə daha intensiv zərbələr endirirlər. Bunun fonunda Ukrayna tərəfi separatçılardan əsir götürdüklərini bəyan ediblər. Rəsmi Kiyev Rusiya xüsusi təyinatlılarının Donbasa gətirildiyi haqqında da informasiya yayıb.

Siyasətçilər isə Minsk razılaşmalarından bəhs edirlər, lakin real addımlar atmırlar. Onlar bir-birini müqavilənin şərtlərinə əməl etməməkdə günahlandırmaqdadırlar. Ukraynanın keçmiş Prezidenti Leonid Kuçma yaranmış bu vəziyyətdən ciddi narahatdır. O, Rusiyanın daha bir "dondurulmuş münaqişə" ocağı yaratdığından şübhələndiyini deyib. Bu dəfə Dnestryanıdan daha mürəkkəb bir problemin meydana çıxdığını ifadə edən keçmiş Prezident, Donbasın Rusiya ilə sərhədə malik olmasını təhlükə adlandırıb. L.Kuçmanın fikrinə görə, Avropa dövlətləri və ABŞ Ukraynanı bu məsələdə kifayət qədər aktiv müdafiə etmirlər.

Misal olaraq Suriyanı göstərən keçmiş dövlət başçısı Moskvanın öz iradəsini qəbul etdirdiyini söyləyib. Deməli, Rusiya uzaq Suriyada öz sözünü deyirsə və bununla Qərb barışmalı olursa, onda qonşu Ukraynada Vaşinqton, yaxud Berlin, Brüssel, Paris nə edə bilərlər? Bu səbəbdən L.Kuçma əsas ağırlığın Ukraynanın öz üzərinə düşdüyünü bildirib. Bu isə kifayət qədər riskli bir işdir. Rusiya güclü və böyük dövlətdir, münaqişəni uzun müddət nəzarətində saxlaya bilər.

Əslində, rəsmi Moskva özünü çox sakit aparır. Kiyevin hay-küyünə baxmayaraq, Kreml real addımlarını atır. Konkret olaraq, Donetsk və Luqansk istiqamətində Ukrayna silahlı qüvvələri təsirli uğur əldə edə bilmirlər. Deməli, onlara qarşı yaxşı hazırlanmış və sistemli fəaliyyət göstərən silahlı qruplar savaşır. Belə bir vəziyyətdə Ukraynada situasiyanın gərginləşməsi hansı nəticələri verə bilər?

Siyasətçilər bu kontekstdə Prezident Petro Poroşenkonun Amerika və Fransaya olan səfərlərinə diqqət yetirirlər. Ukraynanın dövlət başçısını Donald Tramp, KİV-in əksini yazmasına rəğmən, qəbul edib. Onlar arasında aparılan danışıqlarda Vaşinqtonun Kiyevi dəstəkləyəcəyi ifadə olunub. Ancaq bunun konkret nələrdən ibarət olması bir qədər müəmmalı qalır. Amerika Rusiya əleyhinə sanksiyaları genişləndirib. P.Poroşenkoya söz verilib ki, Ukraynanı daha aktiv müdafiə edəcəklər. Lakin Rusiya hərbçilərini Donbasdan çıxarmaq haqqında konkret plan ortaya qoyulmayıb.

Almaniya isə münaqişənin yaxın perspektivdə həll ediləcəyinə şübhə ilə yanaşır. Xarici işlər naziri Ziqmar Qabriel bəyan edib ki, bu qədər müddət keçəndən sonra yaranmış vəziyyətdən çıxış yolu tapmaq çox çətindir. Almaniyalı nazir yalnız onu deyib ki, "Normand qrupu"nun (Ukrayna, Fransa, Almaniya, Rusiya) təşəbbüslərini dəstəkləyir. Ancaq bu format hələlik elə bir səmərəli fəaliyyət göstərə bilməyib. Onun vəziyyəti dəyişə biləcəyi şübhə altındadır.

Böyük güclər: müəmmalı oyun davam edir

Bunlarla yanaşı, Ukrayna məsələsini həll etmək üçün tərəflərin başqa təmas formatı yoxdur. Fransaya səfəri zamanı Petro Poroşenkoya bu məqamı Emmanuel Makron dolayı da olsa, anladıb. Əslində, Fransanın indiki dövlət başçısı Rusiyaya qarşı çox kəskin ifadələr işlədir. Son olaraq o, P.Poroşenko ilə görüşdə "Rusiya təcavüzkardır" - deyə, bildirib. "Fransa kraliçası olmuş Anna isə əslində, ukraynalı qadındır" (bax: Антироссийская риторика Макрона лишь разжигает украинский кризис / "vz.ru", 26 iyun 2017).

Bununla yanaşı, E.Makron "Normand dördlüyü" çərçivəsində görüşün mümkün ola biləcəyini ifadə edib. Yəni o, nə qədər sərt danışsa da, real davranışda fərqli bir format ortaya qoya bilmir. Ekspertlər bunu belə qiymətləndirirlər ki, Fransa Prezidenti yalnız sözdə Moskvaya qarşı sərt danışır, əməldə isə daha yumşaq addımlar atmağa məcburdur. Görünür, E.Makron özünün Avropa İttifaqının xilaskarı obrazını korlamaq istəmir.

Ancaq bunun Ukraynanın real problemlərinin həllinə hansı müsbət təsiri ola biləcəyini demək çox çətindir. Hələlik P.Poroşenko müəmmalı "Makron formulu"ndan bəhs edir. Guya bunu Fransa Prezidenti "Normand dördlüyü"nün görüşündə açıqlayacaq. Ukrayna dövlət başçısının dediyinə görə, həmin təklifdə ölkənin işğal altında olan şərq əyalətlərinin azad edilməsi prosesi əks olunub.

Əgər bu vurğulanan məqamlar doğrudursa, onda Ukrayna ətrafında geosiyasi vəziyyətin daha da mürəkkəbləşdiyi qənaətini əldə edə bilərik. Suriya böhranının kəskinləşməsi fonunda Qərb-Rusiya qarşıdurması daha geniş məkana yayılır. Görünür, Qərb ölkələri Moskvanı Ukraynada sıxışdırmaqla onun diqqətinin Suriyada azalmasına nail olmaq istəyirlər. Məsələnin daha mühüm tərəfi isə bizcə, psixoloji faktora bağlıdır.

Belə ki, ABŞ başda olmaqla Qərb aydın görür ki, Moskva geosiyasi meydanda bir-birinin ardınca uğur əldə edir. Xüsusilə Suriyada Rusiya mövqeyini nəinki möhkəmlədib, hətta regionun böyük dövlətləri ilə ümumi dil tapa bilib. Məsələn, ABŞ və Aİ ilə ortaq fikrə gələ bilməyən Türkiyə Suriyada Rusiya ilə anlaşa bildi. Kreml Türkiyənin maraqlarını tanıyıb və onunla birlikdə Suriyada fəaliyyət göstərir. Amerika isə NATO-dakı müttəfiqinin maraqlarına hörmətsiz yanaşaraq, terror qrupları ilə əməkdaşlıq edir. Bunlar ciddi fərqlərdir.

İndi belə təəssürat yaranır ki, ABŞ Yaxın Şərqdə böyük dövlətlərə düşmən mövqeyi tutub, Rusiya isə yalnız rəsmi orqanlarla əməkdaşlıq edir. Şübhəsiz, bunun Ukraynaya da təsiri vardır. Ukraynalılar artıq anlayırlar ki, müəyyən müddətdən sonra Qərb onları ata bilər. İndi Suriyada Rusiyaya qarşı dura bilməyən Qərbin böyük dövlətləri Ukraynada, ümumiyyətlə, uğur əldə edə bilməzlər. Bu psixoloji dəyişiklik bütövlükdə Amerika və Avropanın ən güclü olmaları obrazını dağıdır. Çox güman ki, E.Makron bu səbəbdən Rusiyaya qarşı qəzəbli danışır.

Lakin onun real mübarizə meydanında Moskva ilə sərt münasibətlərə getməsi ehtimalı çox azdır. Bu isə o deməkdir ki, Qərb ölkələri sadəcə dili sərtləşdirirlər, əməldə bunu etmək iqtidarında deyillər. Bu oyunların arasında isə Ukrayna xalqı qalır. Leonid Kuçma məhz bu məqamları nəzərdə tutaraq həyəcan təbili çalır. Onun nəticəsinin necə olacağını demək xeyli çətindir.

Bütün bunlar onu deməyə əsas verir ki, Qərb diplomatiyasının daha radikal mövqe tutması daha çox Rusiyanın yararınadır. Çünki, birincisi, Moskva rəqibini əsəbiləşdirə bilib ki, bu da incə məqamlarda onların çoxlu səhvə yol verə biləcəyi ehtimalını artırır, ikincisi, Rusiya Donbas və Krıma əlavə qüvvələr yerləşdirmək bəhanəsi əldə edir. Hamıya məlumdur ki, Kreml üçün bunu etmək asan bir işdir.

Petro Poroşenkoya gəldikdə isə onun Ukrayna üçün çalışdığına şübhə yoxdur. Ancaq qərbli dostlarının P.Poroşenkoya yardım edəcəyinə də inam çox deyil. Burada risk faktoru vardır. Çünki, yuxarıda da vurğulandığı kimi, konkret addımlara gəldikdə Qərb Moskvaya qarşı qətiyyətli ola bilmir və ya olmaq istəmir. Onda belə çıxır ki, Ukrayna Prezidentinin siyasi taleyi də hələ məlum deyil.

Digər tərəfdən, ehtimal var ki, Qərb-Rusiya qarşıdurması yalnız Suriya və Ukrayna ilə məhdudlaşmasın. Onun Cənubi Qafqaza və Mərkəzi Asiyaya yayılması gözləniləndir. Bu halda geniş bir geosiyasi məkanda proseslərin riskli və təhlükəli olması mümkündür. O cümlədən terror intensivləşə və genişlənə bilər. Bu baxımdan Cənubi Qafqaz üçün ən qorxulu ssenari erməni terrorunun yenidən aktivləşməsi ola bilər. Bu barədə hələ kimsə danışmır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.