Dünya

Türkiyə silah məsələsində NATO-ya arxa, Rusiyaya üz çevirir?

15 İyul 2017 19:11
0 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The Financial Times" yazır ki, Türkiyə Rusiyadan S400 raket sistemlərini almaq məqsədinə bir az da yaxınlaşıb.

Bu sövdələşmə ilə yaxından tanış olan iki rəsmi şəxs qəzetə deyiblər ki, Türkiyə və Rusiya artıq qiymət məsələsində də razılığa gəliblər.

Bu razılaşmaya əsasən Türkiyə Rusiyadan 4 dəst raket sistemini və müəyyən sayda raketləri 3 milyard dollara alacaq.

Bundan əvvəl Bloomberg qiyməti 2, 5 milyard dollar olaraq vermişdi. Bloomberg habelə yazırdı ki, "texnoloji transfer" razılaşması çərçivəsində bu sistemlərdən iki dəsti Türkiyədə istehsal olunub yığılacaq.

Adının çəkilməsini istəməyən Türkiyə rəsmisi deyib ki, bu sövdələşmə ilkin saziş xarakteri daşıyır.

"Financial Times" yazır ki, saziş reallaşsa, bu, son 65 ildə Türkiyə ilə NATO arasında ilk əhəmiyyətli ixtilaf olacaq.

Məqalədə deyilir ki, ABŞ hələ də Türkiyənin İncirlik bazasından İŞİD-ə qarşı hava zərbələrinin endirilməsi üçün istifadə edir, lakin Ankara ilə NATO müttəfiqləri arasında ABŞ-ın kürdlərə dəstəyinə görə soyuqluq yaranıb.

Bu arada Türkiyə ilə diplomatik qarşıdurma səbəbi ilə Almaniyanın hərbi kontingenti İncirlik bazasını tərk etməyə hazırlaşır.

Türkiyə Almaniya millət vəkillərinə İncirlikdəki alman hərbçilərə baş çəkmək icazəsi verməmişdi.

Eyni zamanda Recep Tayyip Erdoğan 2015-ci ildə Rusiya təyyarəsinin Suriya sərhədi üzərində vurulmasından sonra Vladimir Putinlə daha yaxın əlaqələrə can atır.

Məqalədə deyilir ki, Erdoğanın Suriyadakı planlarını həyata keçirməsi üçün onun Putinlə dil tapması xüsusi önəm daşıyır.

Bu məqsədlərə Suriyada Amerika tərəfindən dəstəklənən kürd hərbi qüvvələrinin məğlubiyyətə uğradılması da daxildir.

Türkiyə ordusunun keçmiş mayoru, hazırda isdə Tepav analitik mərkəzində ekspert olan Ali Özcan qəzetə deyib ki, silah alınması sadəcə silah alış-verişi deyil.

"Bu həm də siyasi və iqtisadi məsələdir" - deyib ekspert.

Bununla yanaşı, Özcan vurğulayıb ki, S400 sistemini Türkiyənin müdafiə sisteminə inteqrasiya etmək asan olmayacaq. Bu sistem Türkiyənin mövcud radar və peykizləmə sistemlərinə köklənməlidir.

Bu, ölkə ərazisinə daxil olan düşmən təyyarələri vurmaq üçün lazımdır və ekspertin dediyinə görə hələlik belə bir əməliyyat mümkün olmayacaq.

"Financial Times" yazır ki, bütün bunlar artıq bir-neçə ildir müzakirə olunan bu sazişin baş tutacağı ilə bağlı müəyyən şübhələr oyadır.

Bəzi təhlilçilərin fikrincə, Erdoğan Rusiya və ABŞ arasında davam edən qarşıdurmadan bu kimi addımlarla siyasi mənfəət qazanmağa çalışır.

Məqalədə deyilir ki, Türkiyənin NATO-ya bağlı hazırkı havadan müdafiə sistemləri Egey sahili boyunca və ya Ermənistana tərəf tuşlana bilmir.

Bundan əlavə Suriyanın içərisindən İŞİD və kürdlərin atdığı artilleriya mərmiləri ötən il Türkiyə ərazisində Türkiyə vətəndaşlarını öldürdükdən sonra Erdoğan gileylənirdi ki, NATO ABŞ-ın Himar sisteminin Türkiyə-Suriya sərhədi boyunca quraşdırılmasını ləngidir.

Bu da xəbər verilir ki, hərbi hava qüvvələri qərargahının rəisi general David L. Goldfein də daxil olmaqla ABŞ rəsmiləri bu həftə Ankaranın Rusiyadan S400 sistemləri almasına qarşı lobbiçilik ediblər.

Onlar həm də əmin olmaq istəyirdilər ki, Türkiyənin ABŞ-dan 100 ədəd F35A təyyarələrini alması barədə razılaşma qüvvədə qalır.

General Goldfein çərşənbə günü deyib ki, "biz dostumuz və müttəfiqimiz Türkiyə Respublikasına sadiq qalırıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.