Dünya

Ermənistan Dağlıq Qarabağı işğal altında saxlayır - EU Observer

16 Mart 2017 21:27
0 Şərh     Baxış: 738

Brüsseldə yerləşən və Avropa İttifaqı ilə bağlı məsələlərin işıqlandırılması üzrə ixtisaslaşmış EU Observer portalında Milli Məclisin deputatı, AR Dağlıq Qarabağ Regionu Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayevin geniş müsahibəsi dərc edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu xüsusda Dağlıq Qarabağın Azərbaycanlı icmasının mövqeyindən bəhs edən müsahibədə R.Rzayev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı barədə məlumat verir, münaqişənin tarixinə ekskurs edərək 1980-ci illərin sonundan etibarən sovet rəhbərliyi ilə yaxınlığı ilə seçilən erməni mənşəli şəxslər tərəfindən Azərbaycana qarşı təcavüzün həyata keçirilməsinə xidmət edən mənfur planın hazırlandığını xatırladır, Sumqayıt şəhərində baş vermiş hadisələrin bu mənfur planın tərkib hissəsi olduğunu bildirir. O, Xocalıda baş verənlərin Ermənistan tərəfindən törədilmiş soyqırım aktı olduğunu və bunun Human Rights Watch və Memorial kimi qeyri-hökumət təşkilatlarının sənədlərində də əks olunduğunu vurğulayır.

R.Rzayev bu xüsusda 2009-cu ildə Şuşa şəhərinə etdiyi səfərinə toxunur və buradakı çoxəsrlik Azərbaycan məscidinin, eləcə də tarixi məqbərələrin necə dağıdıldığının şahidi olduğunu, bu qısamüddətli səfər çərçivəsində öz doğma şəhərini tərk etməli olmasının onun qəlbində dərin iztirablı izlər buraxdığını qeyd edir.

Jurnalistin sualına cavab olaraq ötən ilin aprel ayında cəbhə bölgəsində baş vermiş hadisələrə toxunan deputat, bunun Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan kəndlərinin dinc sakinlərinin atəşə tutulmasının ardınca baş verdiyini və Ermənistan tərəfinin bu hadisələrlə bağlı yaydığı məlumatların qondarma səciyyə daşıdığını diqqətə çatdırır.

R.Rzayev Ermənistanın xarici təsirlərə məruz qaldığını, Minsk Qrupuna həmsədrlik edən ölkələrdə - Rusiya, Fransa və ABŞ-da erməni lobbisinin güclü olduğunu bildirir. O, habelə Azərbaycana qarşı beynəlxalq müstəvidə aparılan qarayaxma kampaniyasının arxasında əksər hallarda erməni lobbisi və ona yaxın qüvvələrin durduğunu, özünün Avropa Şurası Parlament Assambleyası çərçivəsindəki fəaliyyəti əsnasında buna əmin olduğunu diqqətə çatdırır.

Münaqişənin tezliklə həllinin, eləcə də keçmişə deyil, gələcəyə baxmağın vacibliyini önə çəkən R.Rzayev Dağlıq Qarabağın erməni icmasını Azərbaycanlı icması ilə dialoqa dəvət edir və təmsil etdiyi Azərbaycan icmasının sülh üçün müzakirələrə hər zaman hazır olduğunu vurğulayır, belə dialoqun Dağlıq Qarabağda, Tbilisidə, Moskvada, eləcə də istənilən Avropa şəhərində baş tuta biləcəyini bildirir.

Yazıda R.Rzayevin fikirlərinə verilən şərhlərdə, münaqişənin öz başlanğıcını 1988-ci ildən götürdüyü və 20000 nəfərin həyatını itirməsinə səbəb olduğu qeyd olunur. Habelə, tammiqyaslı hərbi əməliyyatların 1994-cü ildə başa çatmasına rəğmən, Ermənistanın hələ də Dağlıq Qarabağı işğal altında saxladığı vurğulanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.