Dünya

Türk və rus bayraqlarının yanına Azərbaycan bayrağını qoydurdu - VİDEO - FOTO

10 Noyabr 2014 12:03
Baxış: 2 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Professor İlham Rəhimovun türk dilinə tərcümə olunmuş iki kitabının Türkiyədə təqdimatı keçirildi; "Mən Azərbaycan hüquqçusuyam, təklif edirəm ki, bu foruma Azərbaycan sözünü də əlavə edək, bayrağımızı da səhnəyə qoyaq"...

İstanbulda Türk - Rus Hüquq Forumu keçirilir. Avrasiya Təşəbbüs və İşbirliyi Dərnəyinin təşkilatçılığı ilə keçirilən Forumun əsas mövzusu həm də azərbaycanlı hüquq professoru İlham Rəhimovun türk dilinə tərcümə olunmuş iki kitabının prezentasiyasıdır. Bu kitablar "Suç ve ceza", "Suç ve ceza felsefesidir". Bu barədə müsavat.com-a Forumu müşahidə edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib.

O, deyib ki, İstanbulun "Four Seasons" otelində baş tutan Foruma Rusiyadan və Türkiyədən, o cümlədən də Azərbaycandan tanınmış hüquq alimləri, dövlət və ictimai xadimlər, millət vəkilləri, universitet rektorları qatılıblar. Tədbirin startında professor İlham Rəhimov söz alaraq, təklif edib ki, bu forumun adına Azərbaycanın da adı əlavə olunsun: "Burada Azərbaycandan da xeyli hüquqşünas təmsil olunur. O cümlədən də mən. Təklif edirəm ki, təşkilatçılar bu Foruma Azərbaycanı da əlavə etsinlər. "Türk-Rus və Azərbaycan Hüquq Forumu" adlandırılsın. Tribunaya isə Azərbaycan bayrağı da qoyulsun. Bu təklif alqışlarla qarşılandı. Az sonra salona Azərbaycan bayrağı da gətirildi. Zaldakılar bu prosesi alqışlarla qarşıladılar.

Daha sonra Türkiyə və Rusiyanın hüquq sistemi və bu sahədəki münasibətlərə, o cümlədən İlham Rəhimovun kitablarına dair müzakirələr başlayıb. İlk sözü kitabların türk dilindəki nəşrlərinə ön söz yazan tanınmış Türkiyə siyasətçisi, AKP millət vəkili Burhan Kuzu deyib. O çıxışında vurğulayıb ki, indiyə qədər Türkiyənin Rusiya ilə hüquqi sferada əməkdaşlığı olmayıb: "Türk hüquq modeli Fransa hüquq modelinə dayanıqlı bir modeldir. Bu da Türkiyəyə bahaya başa gəlib. Həddindən artıq layiqdir (dünyəvidir)..." kimi fikirlər söyləyən Burhan Kuzu daha sonra deyib ki, kitabların türkcə nəşrinə öz sözü məmnuniyyətlə yazıb: "Onları oxudum. Səmimi sözümdür. Professor Rəhimovu candan kutlayıram... Çox gözəl iş bacarıb - ən çətin bir sahədə ... Ədalət üzərindəki bir ləkə ağın üstündəki qara ləkə kimidir. Rəhimov bu məsələdə suç və cəzaya fəlsəfi baxışı da ortaya qoyub... Fəlsəfənin özü zor bir alandır... Hüquq fəlsəfəsi daha çətindir. Rəhimov gözəl bir çalışma yapıb. Belə bir kitaba ön söz yazdığıma görə də məmnunluq duyuram. Bu kitabın Türkiyədə böyük təsiri olacaq... Türk hüquqçuları üzərində daha çox təsir buraxacaq. Ümid edirəm ki, bundan sonra hüquq modelimiz yaxınlaşar... Biz eyni torpaqların adamlarıyıq..."

Avrasiya Təşəbbüs və İşbirliyi Dərnəyinin rəhbəri Toğrul Vəli çıxış edərək, forumun mövzuları, qonaqları və professor İ. Rəhimov barədə məlumat verib. T. Vəli deyib ki, bu dəyərli əsərlərin müəllifi İlham Rəhimov Avrasiya zonasında tanınan bir bilim adamıdır... "Bu kitablar Türkiyə üçün çox lazımlı zamana rast gəldi. Türkiyədəki yeni qanunlar, hüquq sistemindəki dəyişikliklərlə bir arada ərsəyə gətirdik. Bu, bir yaxşı təsadüfdür. Türkiyədə bu sahədəki əsərlərin hamısı Qərb bilim adamlarına aiddir. İlk dəfədir ki, fərqli bir baxış açısından - fərqli prizmadan ortaya əsər qoyulur. Bu əsərlərin hüquq dünyamıza faydalı olacağına əminəm..."

Toğrul Vəli deyib ki, Rusiya və Türkiyə arasındakı əlaqələrin statistikası ciddi faktordur. Hər il Türkiyəyə Rusiyadan 3 mln 700 min turist gəlir. Son 10 ildə 200 min rus-türk ailəsi qurulub... Ən böyük yatırım, Türkiyəyə, Rusiya tərəfindən qoyulub. Belə bir məqamda, hüquq sistemlərinin yaxınlaşması da ciddi bir əməkdaşlıq sahəsi yarada bilər.

Çıxış üçün söz alan Rusiya Dövlət Duması Hüquq Komissiyasının rəhbəri Vladimir Pelegin Forum barədə danışdıqdan sonra professor Rəhimovun əsərini təhlil edib və bu kitabları yüksək dəyərləndirib.

O, deyib ki, İlham Rəhimov həm Azərbaycanın, həm də Rusiyanın dəyəridir.
Tədbirdə Rusiyanın, Türkiyənin bir sıra hüquqçu professorları, senatorları, deputatları, iştirak və çıxış ediblər.

Rusiya senatoru Leonid Slutski çıxışında deyib ki, bu kitablar dünyanın hüquq elminə bir töhfədir. Bu kitablar həm Rusiya və Azərbaycan, indi də Türkiyə cəmiyyətlərinin yaxınlaşmasına, əməkdaşlığın güclənməsinə, tələbə və elmi sferanın, cəmiyyətin münasibətlərinin isinişməsinə böyük fayda verəcəkdir...

Rauf Arifoğlu müsavat.com-a yazıb ki, tədbir 6 saat davam edib. Əsasən hüquq sahəsində əməkdaşlıq və İlham Rəhimovun türk dilində nəşr olunan kitablara həsr olunub. Onu da qeyd edək ki, İlham Rəhimovun qeyd olunan hər iki kitabı Türkiyə universitetlərində dərs vəsaiti olacaq.

Foromun gedişində Avrasiya Təşəbbüs və İşbirliyi Dərnəyi professor İ. Rəhimova göstərdiyi fəaliyyətdən dolayı və Türkiyə -Rusiya cəmiyyətləri arasında münasibətləri yaxınlaşdırdığı üçün mükafat təqdim edib.

Tədbirin ikinci hissəsi İ. Rəhimovuin kitabının detallı müzakirəsi ilə davam edib. Daha sonra təşkilatçılar qonaqların şərəfinə ziyafət veriblər.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.