Virtualaz.org saytı "The Guardian"a istinadən xəbər verir ki, "Kenderli kurortu" adlanacaq bu istirahət mərkəzi oliqarxları eksklüziv təkliflərlə özünə cəlb etməyə hazırlaşır.Qazaxıstan Xəzərin sahilində Rusiyadan və digər sahilyanı ölkələrdən zəngin oliqarxları cəlb edə biləcək yeni kurort inşa edir
Xəbərə görə, bu kurortda müştərilərə qara kürü vannası və suitilərlə rəqs də təklif olunacaq.
"Əsl qurmanlar üçün qara kürü ilə spa" prosedurunun neçəyə başa gələcəyi və Xəzərdə nərəkimilərin nəslinin tükəndiyi bir vaxtda o qədər qara kürünün haradan alınacağı məsələsi hələ açıq qalır. Bununla belə məlumdur ki, developerlər həmin layihəyə azı 3,3 milyard dollar yatırmağı nəzərdə tuturlar.
Kurort mərkəzi Xəzərin şərq sahilində inşa edilir. Plana görə, 2020-ci ildən etibarən hər il yarım milyon turist bu mərkəzdə dincələcək. Onların yarısı xarici ölkələrdən, o cümlədən Rusiya və Azərbaycan kimi sahilyanı ölkələrdən gələcəklər.
Hazırda layihə maliyyələşmə mərhələsindədir, İran investorları da ona maraq göstərirlər. Bununla belə "Tengri News" adlı qazax saytı yazır ki, təkcə qara kürü vannasının köməyi ilə müştəriləri bu kurorta cəlb etmək o qədər də asan olmayacaq.
Türkmənistan da bir neçə il əvvəl milyardlarla dollar xərcləyərək Xəzərin sahilində Avaza adlı kurort şəhəri salıb, lakin gözlənildiyi kimi turist axını olmayıb.
Milli.Az