İrana qarşı təhdidlərini davam etdirən ABŞ Prezidenti Donald Tramp bu ölkəyə qarşı məhdud hərbi əməliyyat keçirilib-keçirilməyəcəyi ilə bağlı suala "Hesab edirəm ki, bunu dəyərləndirirəm" cavabını verib.
Milli.Az xəbər verir ki ,Donald Tramp rəsmən bəyan edib ki, İrana qarşı genişmiqyaslı müharibə deyil, kəskin hədəfli və məhdud bir zərbə endirilməsi masadadır.
ABŞ ordusunun İrana qarşı hərbi əməliyyat ehtimalının kəskin artdığı bildirilir.
ABŞ-nin mümkün hücumu fonunda İsrail ordusu Livan sərhədində (Hizbullahla mümkün toqquşma ehtimalına qarşı) hazırlıq səviyyəsini ən yüksək həddə çatdırıb.
Bəzi media qurumları bu əməliyyatın həftələrlə davam edə biləcək "ABŞ-İsrail müştərək hərbi kampaniyası" olacağını iddia edirlər.
İsrailin KAN dövlət televiziyası ordu rəsmilərinə istinadən xəbər verir ki, Tel-Əviv ABŞ-nin İrana yaxın vaxtlarda hücum edəcəyi ehtimalına qarşı tam hazır vəziyyətə gətirilib. Bildirilib ki, əgər İsrailə qarşı hər hansı cavab zərbəsi endirilərsə, buna "çox sərt qarşılıq" veriləcək.
ABŞ-nin "Axios" platformasının məlumatına görə, Vaşinqton və Tehran arasında böyük müharibə ehtimalı bir çox amerikalının təsəvvür etdiyindən daha yaxındır. İddia olunur ki, hərbi əməliyyat kiçik bir toqquşma deyil, tammiqyaslı strateji operativ planın tərkib hissəsi ola bilər.
Lalə Qüdrətova
Milli.Az





