ABŞ-ın Venesuelaya qarşı hərbi müdaxiləsindən sonra prezident Donald Tramp yeni sərt açıqlamalarla gündəmə gəlib.
Milli.Az xəbər verir ki, Tramp bu dəfə Kolumbiya, Meksika, Kuba və Qrenlandiya ilə bağlı təhdid xarakterli bəyanatlar verib. Onu müşayiət edən respublikaçı senator Lindsi Qraham isə xüsusilə Kuba ilə bağlı "günləri sayılıdır" ifadəsini işlədib.
Tramp Kolumbiya prezidenti Qustavo Petro haqqında sərt və təhqiramiz ifadələr işlədib. ABŞ prezidenti Petronu "kokain istehsal etməyi sevən xəstə bir adam" adlandıraraq, onun "bunu daha uzun müddət davam etdirə bilməyəcəyini" deyib.
Tramp açıqlamalarında ABŞ-ın cənub qonşusu Meksikanı da hədəfə alıb. O, narkotik maddələrin Meksika üzərindən ABŞ-a "axdığını" iddia edərək, bu vəziyyətə qarşı daha sərt addımlar atılacağını bildirib.
Kuba ilə bağlı danışan Tramp ada dövlətinin "öz-özünə çökəcəyini" iddia edib. Onu müşayiət edən senator Lindsi Qraham isə daha sərt ifadələr işlədib:
"Sadəcə Kubanı gözləyin. Kuba keşişləri və rahibələri öldürən kommunist diktaturadır. Öz xalqını qurban verir. Onların günləri sayılıdır" .
Qraham əlavə edib ki, ümid edir bu proses 2026-cı ildə başa çatacaq və ABŞ ətrafında "terrorçular və diktatorlar" deyil, əməkdaşlıq edən müttəfiqlər olacaq.
Tramp açıqlamalarında Qrenlandiyanı da xüsusi olaraq vurğulayıb. O bildirib ki, Qrenlandiya "son dərəcə strateji əhəmiyyətə malikdir" və hazırda Rusiya və Çin gəmiləri ilə əhatə olunub.
ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsi ilə bağlı sualı cavablandıran Tramp deyib:
"Milli təhlükəsizliyimiz üçün Qrenlandiyaya ehtiyacımız var. Danimarka bunu təkbaşına təmin edə bilməyəcək" . Tramp həmçinin ABŞ-ın Qrenlandiya üzərində nəzarətinin Avropa İttifaqının təhlükəsizliyi üçün də vacib olduğunu iddia edib.
Milli.Az





