Dünya

Türkiyədə beş gün ərzində üç pilotsuz uçuş aparatı qeydə alınıb – Gərginlik artır

21 Dekabr 2025 17:30
Baxış: 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər Türkiyə hava məkanında pilotsuz uçuş aparatları ilə bağlı ardıcıl insidentlər müşahidə olunur. Beş gün ərzində üç dronun aşkar edilməsi Qara dəniz bölgəsində Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik risklərinin artdığını göstərir.

Milli.Az-ın məlumatına görə, "Euronews" yazır ki, dronlardan biri Ankaradan təxminən 120 kilometr uzaqlıqda yerləşən Çankırı ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən məhv edilib.

Digər pilotsuz aparat İstanbuldan təqribən 30 kilometr cənubda - Kocaeli vilayətində müəyyən edilib. Türkiyənin Daxili İşlər Nazirliyi ilkin araşdırmalara əsaslanaraq bildirib ki, sözügedən PUA Rusiyada istehsal olunan və əsasən kəşfiyyat məqsədilə istifadə edilən "Orlan-10" modelidir.

Üçüncü dron isə Balıkesir bölgəsində, İstanbuldan təxminən üç saatlıq məsafədə aşkar olunub.

Nazirlik açıqlamasında vurğulayıb ki, davam edən müharibə səbəbindən tərəfdaş ölkələrə Qara dənizdə təhlükəsizliklə bağlı oxşar hallara qarşı daha həssas yanaşma tövsiyə edilib.

"Euronews"un qeyd etdiyinə görə, bu hadisələr Türkiyənin hava hücumundan müdafiə imkanları ilə bağlı müzakirələrə səbəb olub. Xüsusilə də ilk dronun ölkə hava məkanına xeyli dərinlikdə daxil olduqdan sonra zərərsizləşdirilməsi diqqət çəkib.

Müxalif Cümhuriyyət Xalq Partiyasından olan deputat və sabiq diplomat Namık Tan Türkiyənin radar və erkən xəbərdarlıq sistemlərinin paytaxt və strateji obyektlərə yaxınlaşan dronları vaxtında aşkarlamaq gücündə olub-olmadığını sual altına alıb.

Bununla belə, Müdafiə Nazirliyi bu iddiaları əsassız adlandıraraq bildirib ki, Türkiyə hava məkanı fasiləsiz nəzarət altındadır. Nazirliyin açıqlamasına görə, erkən xəbərdarlıq, elektron müharibə və radar sistemləri çoxpilləli müdafiə mexanizmi çərçivəsində fəaliyyət göstərir.

Rəsmi açıqlamada qeyd olunub ki, konkret dronla bağlı proses uğurla idarə edilib və hava hücumundan müdafiə sistemlərinin zəifliyi barədə səslənən fikirlər reallığı əks etdirmir. Eyni zamanda, PUA-nın kiçik ölçülü olması onun aşkarlanmasını çətinləşdirib və bir neçə sensorun qarşılıqlı yoxlanmasını tələb edib.

Hadisələrdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdəki dron insidentləri ilə bağlı Rusiya və Ukraynaya çağırış edib. O bildirib ki, mülki və kommersiya gəmilərinə hücumlar heç bir tərəfin maraqlarına xidmət etmir.

Ərdoğan vurğulayıb ki, Montrö Konvensiyasına ciddi əməl olunmaqla Qara dənizdə münaqişənin genişlənməsinin qarşısı alınıb, lakin son qarşılıqlı hücumlar regionda dəniz təhlükəsizliyini ciddi risk altına salır. Prezident bu mövzuda hər iki tərəfə açıq və qəti xəbərdarlıqların edildiyini bildirib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.