Dünya

Avropa 5 saniyədə işıqsız qaldı - Son vəziyyət necədir? - FOTO

29 Aprel 2025 12:38
Baxış: 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya və Portuqaliyada aprelin 28-də yaşanan genişmiqyaslı elektrik enerjisi kəsintisi demək olar ki, tamamilə aradan qaldırılıb.

Milli.Az xəbər verir ki, rəsmi qurumların açıqlamalarına görə, hər iki ölkədə enerji təchizatı böyük ölçüdə bərpa edilib, lakin səbəb hələ də müəyyən olunmayıb.

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, hadisənin baş verdiyi anda ölkənin elektrik ehtiyacının təxminən 60 faizi - 15 gigavat - cəmi 5 saniyə ərzində sistemdən itib. Bu vəziyyət ölkə tarixində görünməmiş bir hadisə kimi qiymətləndirilir.

İspaniyanın Red Electrica şirkətinin məlumatına görə, hazırda ölkənin elektrik tələbatının 99,16 faizi qarşılanır. İstehsal gücü 21 min 265 meqavat həcmindədir. Transformator mərkəzlərinin tam güclə fəaliyyət göstərdiyi və təmir işlərinin davam etdiyi bildirilib.

Şəhərdaxili nəqliyyatda da vəziyyət normallaşmağa başlayıb. Madrid metrosu fəaliyyətini bərpa edib, dəmir yolu xidmətlərində isə sıxlıq hələ davam etsə də, xidmətlər qismən bərpa olunub.

Portuqaliyada da vəziyyət stabilləşir

Portuqaliyada isə elektrik şirkəti E-Redes tərəfindən verilən açıqlamaya əsasən, ölkədə 6,2 milyon abunəçiyə enerji xidməti göstərilir. 424 transformator stansiyası qismən işlək vəziyyətdədir. Normal iş rejiminə tam qayıdış vaxtı hələ dəqiqləşdirilməyib.

Xatırladaq ki, aprelin 28-də İspaniyanın demək olar ki, bütün ərazisində elektrik enerjisinin verilişi kütləvi olaraq dayanıb. "REE" enerji verilişinin bərpası üçün 2 saata qədər vaxt tələb olunduğunu bildirmişdi. Eyni zamanda, oxşar hadisə Portuqaliya, Fransa və Andorrada da qeydə alınıb. Məsələ ilə bağı İspaniyanın dörd regionunda fövqəladə vəziyyət rejimi elan edilib. 

Hadisənin səbəbi isə hələ məlum deyil.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.