İdman

İstanbul derbisi - "Qalatasaray", yoxsa "Fənərbağça"?

28 Sentyabr 2019 12:29
3 Şərh     Baxış: 1 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Türkiyə Super Liqasında mövsümün ilk İstanbul derbisi baş tutacaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, çempionatın VI turu çərçivəsində "Qalatasaray" "Fənərbaxça"nı qəbul edəcək. Bakı vaxtı ilə saat 21.00-da start götürəcək derbi "Türk Telekom Arena"da keçiriləcək. Matçı FIFA referisi Cüneyt Çakır idarə edəcək.

"Qalatasaray" ilk 5 turda 8 xal qazanıb (2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 6:6) və turnir cədvəlində 4-8-ci pillələri bölüşür. İlk 5 oyunda aktivinə 10 xal yazan (3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 11:6) "Fənərbaxça" "Qazişəhər"lə 2-3-cü pillələri paylaşır.

Əzəli rəqiblər 110 illik rəqabət ərzində 390-cı matça çıxacaqlar. İndiyədək baş tutan 389 görüşdə "Fənərbaxça" 146, "Qalatasaray" 123 qələbə qazanıb. 120 görüşdə isə tərəflər "sülh"ə razılaşıb. Topların fərqində də "sarı-lacivərdlilər" üstündü - 535:485.

Tərəflər Super Liqada indiyədək 124 dəfə üz-üzə gəlib. 62 illik rəqabət ərzində "Fənərbaxça 50, "Qalatasaray" 33 qələbəyə sevinib, 41 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində yenə "Fənərbaxça" öndədi - 157:119. 
Komandalar arasında son 10 oyundan 6-da qalib müəyyənləşməyib. 3 oyunda "Fənərbaxça", birində isə "Qalatasaray" qalib gəlib. "Sarı-lacivərdlilər" son 4 səfər oyununda rəqibinə yenilməyib. 

Hər iki komandanın heyətində itkilər var. "Qalatasaray"da Emre Akbaba zədə səbəbindən meydandan kənarda qalacaq. "Kasımpaşa" ilə oyunda çənəsi qırılan Yunes Belhanda isə derbiyə maska ilə çıxacaq. Bundan başqa baş məşqçi Fatih Terim və köməkçisi Ümit Davala cəza səbəbindən görüşü tribunadan izləyəcək. Əvəzində "Fənərbaxça"dan transfer olunan Şener Özbayraklının sabiq kluba qarşı oynamaq şansı var.

"Fənərbaxça"da Harri Rodrigesin zədəsi var və futbolçu keçmiş komandasına qarşı oynaya bilməyəcək. Hasan Ali Kaldırım, Maurisio İsla və Viktor Mozesin də görüşə tam hazır olmadıqları deyilir. Tolqa Ciğerci isə ilk dəfə sabiq klubana qarşı oynaya bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.