İdman

Oyunla bağlı oyunlar: Madrid Bakıya uduzdu

2 İyun 2019 14:49
2 Şərh     Baxış: 3 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı uzaq olsa da, oradakı matçın təşkili əla idi. Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş rahat. Bura əsl cəhənnəm oldu. Çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matçdı".

İngiltərənin ən məşhur futbol ekspertlərindən biri Brayan Uirli bu gün səhər saatlarında BBC-yə verdiyi açıqlamasında belə deyib.

O, dünən Çempionlar Liqasının final matçının, İngiltərənin "Tottenhem" və "Liverpul" klubları arasındakı qarşılaşmanın keçirildiyi Madriddə qarşılaşmaya hazırlıq səviyyəsindən, təhlükəsizlik tədbirlərindən, infrastrukturdan tutmuş, biletlərin satışınadək hər şeyin çox pis olduğunu söyləyib.

Daha doğrusu, Uirli olayı səciyyələndirmək üçün "çox bərbad" ifadəsindən yararlanıb.

Mayın 29-u, Avropa Liqasının finalı, "Çelsi"-"Arsenal" matçı. Bakı Olimpiya Stadionunda baş tutmuş bu qarşılaşma zamanı tribunalarda 51,3 min azarkeş vardı. Avroliqa tarixində 3-cü nəticə olan bu rəqəm Azərbaycanın yeni statistik rekordu idi. Və eyni zamanda Azərbaycana qarşı yönəlmiş çirkin kampaniya, qara piar, böhtan və yaramaz yalanlarla dolu həftələr həmin matç ərəfəsinin "fon"u idi.

Əvvəlcə "Arsenal"ın erməni yarımmüdafiəçisi, Ermənistan yığmasının kapitanı Henrix Mxitaryan "Bakıda təhlükəsizliyim təmin olunmayacaq" deyərək finala qatılmayacağını dedi. Ermənistan XİN və xarici ölkəllərdəki erməni diasporlarından alınan tapşırıq əsasında davranan Mxitaryanın bu demarşı sonradan Britaniya mediasında isteriyaya çevrildi.

Kampaniyada "Arsenal" klubunun rəhbərliyi xüsusi yer aldı və bütün deyilənlərdən belə anlaşıldı ki, sən demə, Bakı çox uzaq şəhərdir, Azərbaycan Avroliqanın finalı kimi matçı təşkil edə bilməz, britaniyalı azarkeşlər Bakıya gəlsələr peşman olacaqlar və s.

Matç oynandı, final baş tutdu.

Xuliqanlıqları, aqressiv davranışları, bol pivə içib dava salmaları ilə ad çıxarmış britaniyalı fanatların az olmadığı Bakı finalında heç bir insident (!) qeydə alınmadı.

"Çelsi"-"Arsenal" matçını seyr etmək üçün Bakıya  gəlmiş on minlərlə fanat qarışlaşmaya ev sahibliyi edən Azərbaycan paytaxtındakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan , təhlükəsizliyin təminatından vəcdə gəldilər.

Qərb mediası, xüsusilə də Britaniyanın kütləvi informasiya vasitələri Madriddə dünən onynanılan matçı, Çempionlar Liqasının finalını səbirsizliklə gözləyirdilər.

Ki, Bakıdakı Avroliqa finalı ilə müqayisə edərək "Belə oyunları Madrid kimi şəhərdə keçirərlər, Bakı kimi yerdə yox" tipli açıqlamalar, şərhlər, məqalələr dərc olunsun.

Ermənistan da "Tottenhem"-"Liverpul" matçından bəhrələnmək niyyətindəydi.

Axı baş nazir Nikol Paşinyanın təbrik etdiyi və "səninlə qürur duyuram" dediyi Mxitaryanın qatılmadığı "Çelsi"-"Arsenal" matçının oynandığı Bakı heç bir halda Madrid deyildi: Madrid Avropanın qərbi, "qədim sivilizasiya şəhəri", katolisizmin "qalası", ermənilərin ümid yerrlərindən biri və s.-dir.

Olmadı.

Çempionlar Liqasının finalına bir neçə gün qalmış problemlər başlandı. Britaniyalı azarkeşlər bilet satışlarındakı fırıldaqlardan şikayətləndilər, sonra Madridə aviabilet və qatar biletləri tapa bilmədiklərini yazdılar, sosial şəbəkələrdə etiraz dalğası vüsət aldı.

Oyunun keçiriləcəyi "Wanda Metropolitano" arenasına axışan on minlərlə azarkeş tıxacda qaldılar. "Liverpul" futbolçularının və məşqçilərinin olduğu avtobus arenanın tunelində yarım saat qaldı, oyunçular stadiona piyada getməli oldular.

Hətta "Liverpul"un sahibi, multimilyarder Con Henri ilə klubun canlı əfsanələri Kenndi Dalqlişlə Yan Raş da həmin piyada gedənlər arasında idilər.

Madrid "Atletiko"sunun arenasındakı oyundan əvvəlki vəziyyət, oyundakı proseslər və oyundan sonrakı durum maraqlı, hətta çox maraqlı oldu.

İngiltərə mətbuatı Bakıda "Çelsi" və "Arsenal" komandalarının final oyunundan öncə bəzi əsassız məlumat yaymış, Bakının uzaq olmasını, komandalara biletlərin az verilməsi və digər məntiqi olmayan məsələləri bəhanə kimi istifadə edərək finala kölgə salmağa çalışmışdılar. Lakin bunların heç biri doğru çıxmadı. Fərq isə bu oldu ki, Bakıdakı finalda Madriddə yaşananların heç biri baş vermədi, ingilislər ölkədə döyülmədi, onların istirahətinə mane olunmadı. İngilis azarkeşlərin təhlükəsizliyi üçün bütün tədbirlər görüldü. Yəqin ki, ingilislər baş verən bütün bu hadisələrdən sonra Bakını Madriddən daha çox sevəcəklər... 

Pivə bayramı

"Ayaks"ın ulduzları Frenki De Yonq, Matteys De Liqt və Hakim Ziyeş də Madriddə idilər. Onların dediklərinə görə, "Tottenhem" "Liverpul" matçına 4 gün qalmış Madridin mərkəzi küçələri sərxoş britaniyalılarla dolu idi.

Onlar sanki fasiləsiz pivə içməyi qarşılarına məqsəd qoymuşdular. Məsələn, "Wanda Metropolitano" arenasına aparan əsas yollardan olan Puerta del Sol küçəsiтdəki "servesiya"lar, yəni pivəxanalar aşıb-daşırdı. Addımbaşı da polislər. İspaniya paytaxtıтda asayişin təminatı üçün əlavə olaraq 4500-dən artıq polis cəlb olunmasına rəğmən, tutaşmalar, davalar, süpürləşmələr səngimirdi.

Halbuki Çempionlar Liqasının finalında "Tottenhem"lə "Liverpul"un qarşılaşması rutin, darıxdırıcı, banal bir işdir. "Mahmızlılar"la "mersisaydlılar"ın tarix boyu sərt rəqabəti olmayıb.

Ona görə də "Tottenhem" fanatları Mussa Sissokoya həsr olunmuş "Ow, Moussa Sissoko" oxuyur, sonra da bekarçılıqdan "Liverpul" azarkeşləri ilə dava salırdılar.

İş o yerə çatmışdı ki, Madriddə oyunqabağı və oyun günü satılan "matçdey" şarflarının 5 avroya olmasına rəğmən, ingilis azarkeşlər "Bahadır, əclaflar!" qışqırıb dalaşırdılar.

Madridin mərkəzi küçəl'ri dolmuşdu: hara gəldi uzanıb yatan sərxoş fanatlarla, zibillə, sındırılmış kətillərlə, boş butulkalarla...

Onlarla azarkeş döyülüb, saxlanıl;b, cəzalanıb

Madriddəki matç ərəfəsində şəhərdəki vəziyyəti britaniyalı fanatlar "diktatura rejimi", "konslager" adlandırırdılar. Səbəb də vardı: İspaniyanın xüsusi təyinatlı polis əməkdaşları 64 britaniyalı fanatı saxlamışdılar/ Bu zaman 7 nəfər döyülüb, 4 nəfərsə İspaniyadan deportasiya olunub.

Puerta del Sol küçəsindəki "Tapas" barında isə içəri girən 14 ispan polis oradakı ingilis azarkeşləri əməllicə döyüblər.

Puerta del Sol-dakı meydanda 33 yaşlı ingilis fanat lüt soyunub, meydanın ortasında masturbasiyaya başlayıb. Bu əxlaqsız davranışa yol verən sərxoş fanatı iki ispan polis döyərək aşağlı salıblar, həbs ediblər.

Bilet bəlası və dəfələrlə artan qiymətlər

"Wanda Metropolitano" arenasındakı matçla bağlı əməlli bilet qovğası və problemləri yaşanıb. Belə ki, UEFA Britaniyanın iki klubuna 16613 min bilet ayırmışdı. Daha sonra 14 min bilet da ayrıldı, fəqət narazılıqlar səngimədi, artdı, yüksəldi.

"Liverpul" rəhbərliyi bilet kvotasını artırmaq üçün UEFA rəhbərliyi ilə danışıqlar aparsa da, bir nəticə hasil olmayıb.

"Tottenhem"lə "Liverpul"un on minlərlə azarkeşi Madridə getmək istəyiblər, gedə bilməyiblər.

Bilet tapa bilmədikləri üçün.

Tribunaların tutumu 67703 nəfərlik olan arenaya keçə bilməyən fanatlar naçar qalaraq matçı pivəxanalarda, restoranlarda və barlarda televizorda izləməli olublar.

"Qara bazar"da isə 60 avroluq bilet 8 min avroya satılırdı.

Madrid polisinin yaydığı bəyanatlardan birindəsə deyilir ki, bilet alveri ilə məşğul olan 2 nəfər tutulub. Onlar 60 avroluq biletləri 8400 avroya satıblar.

"Radio Galler"in aparıcısı Vinn Evans Çempionlar Liqasının finalına bilet almaq üçün pul ödəsə də aldanıb. BBC yazır ki, aparıcı iki biletə 7 min funtsterlinq ödəyib. "Biletləri onlayn aldıq, pulunu ödədik, lakin daha sonra artıq biletlərin mövcud olmadığını dedilər. 14 yaşlı oğlum çaşqınlıq içində idi. Mən pulu ödədikdən sonra agentlik sifarişi yerinə yetirə bilmədiklərini söylədi. Onlar mənim aldığım bileti daha baha qiymətə satmaq imkanı yarandığı üçün başqasına satdılar", - Evans danışır.

O, sonra daha çox pul ödəyərək, iki bilet alıb. Lakin əvvəl ödədiyi pulu geri ala bilməyəcəyindən qorxur.

Bütün bunlarla yanaşı, dünənki matça minlərlə saxta bilet satılıb.

İş o yerə çatıb ki, UEFA xüsusi bəyanat yayaraq azarkeşləri saxta bilet almamağa, saxtakarlara aldanmamağa çağırmışdı.

Madriddə matçla bağlı otellərdə, restoranlarda, barlarda, taksi xidmətlərində - hər sahədə qiymətlər artıb.

Məsələn, "Liverpul" azarkeşi Mitç Ouenin dediyinə görə, Madriddə oteldə qalmaq təki "absurd ideya"nı bir kənara atmışdı: "Başqa zamanlarda sutkası 60-80 avro olan hostellərdə matç ərəfəsinlə qiymətlər 5 dəfə artmışdı. Otellərdə isə 200 avroluq nömrəni 2 min avroya təklif edirdilər. Restoranlar, pablar, taksilər - hamı sanki bizi qarət etməyi qarşısına məqsəd qoymuşdu".

Londonda yaşayan və "Liverpul" azarkeşi olan rəfiqim danışır: "Matça 10 gün qalmış Madridə və İspaniya paytaxtının yaxınlığındakı şəhərlərə aviabiletlərin qiyməti 9-10 dəfə bahalandı. Madridə getdik. Orada ən ucuz, iki və ya uç ulduzlu olası otel bizdən adambaşına bir gecə üçün 1500 avro istədi. Bu hələ harasıdır?! Dostum "Booking" vasitəsilə oteldə nömrə bron etmişdi. Otelə çatanda ona deyiblər ki, bron ləğv olunub. Ən ucuz variant qismində hostelə üz tutub, amma gecəsi 800 avrodan ucuz yer olmayıb. 800 avro... Halbuki, hostellərdə yer 30-40 avrodan artıq olmamalıdır".

London-Madrid aviareysinə ən ucuz bilet 1500 funta satılıb.

Avtomobil və ya dəmiryolunu seçənlərsə Londondan 18 saatlıq, Liverpuldansa 22 saatlıq "səfər"ə çıxmalı olublar.

Taksilərə gəldikdə isə, srağagün və dünən Madriddə qiymətlər adi günlərlə müqayisədə 15 dəfə bahalaşmışdı.

Sönük, darıxdırıcı matç

Madrid finalı 2018/2019-cu illər mövsümünün ən sönük, darıxdırıcı matçı oldu.

Bunu az qala bütün futbol ekspertləri deyirlər.

Matçdan sonra da "antirekord" qeydə alınıb. Dünyanın ən populyar futbol klublarından olan "Liverpul"un azarkeşləri bir qayda olaraq hər belə oyundan sonra ən azı 3-4 saat yürüş edir, qışqırır, atılıb-düşürlər.

Madriddə isə "Wanda Metropolitano"dan çıxan azarkeşlər sakitcə maşınlara, avtobuslara oturub otellərə yollandılar.

Sanki Çempionlar Liqasının final matçı yox, anım mərasimi idi stadionda.

"Tottenhem" fanatları həm də qəzəbli idilər. Çünki matçda "Liverpul" nominal olaraq "ev sahibi" sayıldığından, "mahmızlılar"a arenada "qonaq paltardəyişmə otağı" verilmişdi.

Ora isə ifrat dərəcədə asketik, dar məkandı.

"Liverpul"a ayrılmış paltardəyişmə otağı ilə müqayisədə "Tottenhem"ə verilən yer sanki məhəllə klubunun məkanı idi.

Meydana çıxan yarıçılpaq Kinsi

"Liverpul"-"Totthem" qarşılaşmasının 18-ci dəqiqəsində qaçaraq meydana çıxan bikinili qadın Madriddəki mikroanarxiyaya əlavə "çalar" oldu.

ABŞ-da yaşayan rusiyalı bloqer və pranker Vitali Zdrovetskinin qeyri-rəsmi nikahda olduğu bu model "yaddaqalan hadisə"yə səbəb olmaq üçün yarıçılpaq vəziyyətdə meydana qaçdı. Onu zorla tutub çıxardılar.

"Çılğın hərəkətlər edin ki, yadda qalasınız", - Kinsi dünən İnstagram profilində yazıb.

... Tuneldə yarım saal qalan "Liverpul" avtobusu, tıxacda naçar qaldıqları üçün stadiona piyada gedən azarkeşlər, küçələrdə aşıb-daşan zibillər, içib polislərlə dalaşan azarkeşlər, qiymətləri on dəfə bahalaşan otellər və restoranlar, bilet qıtlığı, matça minlərlə saxta biletin satılması, davalar və ən nahayət, darıxdırıcı matç.

Bakıdakı Avroliqa finalı ilə müqayisədə bütün sahələrdə uduzan Madrid finalı.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.