İdman

Bakı finalının rekordları - MARAQLI STATİSTİKA

30 May 2019 14:39
0 Şərh     Baxış: 2 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Olimpiya Stadionunda keçirilən Avropa Liqasının final qarşılaşması "Çelsi"nin "Arsenal" üzərində qələbəsi ilə nəticələnib - 4:1.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu oyun həm də bir sıra maraqlı statistik məqamlarla yadda qalıb.

"Zadəganlar" bu mövsüm bütün turnirlərdə 39-cu qələbəsini qazanıb. Mauritsio Sarri ilk mövsümündəki bu nailiyyətlə yalnız Joze Mourinyodan geri qalıb. Çünki portuqaliyalı London klubundakı debüt mövsümündə 42 qələbəyə sevinib.

Sarri 1999-cu ildən bəri Avropa Liqasının qalibi olan ilk italyan məşqçi kimi tarixə düşüb. Axırıncı dəfə 20 il əvvəl Alberto Malezani "Parma" ilə bunu bacarmışdı.

Bu, həm də Mauritsio Sarrinin məşqçilik karyerasında ilk titulu olub. 60 yaşlı mütəxəssis "Napoli" ilə A seriyasının 2-cisi və 3-cüsü olub.

Həlledici qarşılaşmada dubl edən və ən yaxşı oyunçu seçilən "Çelsi"nin vingeri Eden Azar turnirin son 5 mövsümünün finalında bunu gerçəkləşdirən 4-cü oyunçu olub. 2015-ci ildə Karlos Bakka ("Sevilya"), 2016-cı ildə Koke Moreno ("Sevilya"), ötən il isə Antuan Qrizmann ("Atletiko") finalda 2 qol vurub.

İkinci hissədə hesabı açan Olivye Jiru qələbənin təməlini qoymaqla yanaşı, turnirin də bombardiri olub. 13-cü oyununda 11-ci qolunu vuran "Çelsi"nin fransalı forvardı Luka Yoviç ("Ayntraxt") və Vissam Ben Yedderi ("Sevilya") qabaqlayıb.

Jiru həm də fransızların finalda fərqlənmək seriyasını davam etdirib. Ona qədər əvvəlki 3 mövsümdə Kevin Qameyro ("Sevilya"), Pol Poqba ("Mançester Yunayted") və Antuan Qrizmann ("Atletiko") həlledici görüşdə fransızları sevindirib.

Olivye Jirunun digər rekordu bir mövsümdə ən çox qol vuran fransızla bağlıdı. Bir mövsümdə avrokubokda 11 qol vuran 32 yaşlı forvard 1958-59 mövsümündə 10 dəfə fərqlənən həmyerlisi Jüst Fontenin rekordunu yeniləyib.

Jiru eyni zamanda Premyer Liqa klubunun heyətində Alan Şirerdən sonra avrokubokda 11 qol vuran ilk oyunçu olub. Şirer 2004-05 mövsümündə buna nail olmuşdu.

"Çelsi" bu mövsüm Avropa Liqasını məğlub olmadan başa vurub. Komanda keçirdiyi 15 görüşün 12-də qələbə qazanıb, 3-də heç-heçə edib. "Zadəganlar" son 11 ildə bunu bacaran ilk klub olub. Axırıncı dəfə 2007-08 mövsümündə "Mançester Yunayted" bunu bacarmışdı.

"Zadəganlar" tarixində 2-ci dəfə Avropa Liqasının kubokunu muzeyinə aparıb. Komanda 2013-cü ilin həlledici qarşılaşmasında "Benfika"ya qalib gələrək buna nail olmuşdu.

Bu, "Çelsi"nin tarixində 6-cı avrokubok titulu olub. Komanda 2 dəfə Avropa Liqasını, 2 dəfə Kuboklar Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə isə UEFA Superkubokunu qazanıb. Bu baxımdan ən yaxşı göstərici 11 kubokla "Liverpul"a məxsusdu.

Bakı finalında meydana çıxan futbolçular 15 ölkənin nümayəndəsi olublar. Bu, avrokubokda rekordun təkrarlanması deməkdi. 2010-cu ildə "Atletiko" - "Fulhem", 2017-ci ildə isə "Ayaks" - "Mançester Yunayted" finalında 15 müxtəlif ölkənin üzvü meydana çıxıb.

Bundan başqa, "Çelsi"nin start heyətində ingilis futbolçunun olmaması diqqət çəkib. İlk dəfə 2010-cu ildə "İnter" final qarşılaşmasına yerli oyunçu olmadan çıxmışdı.

Premyer Liqada ilk "4-lüy"ə düşə bilməyən və AL-in finalında məğlub olan "Arsenal" ardıcıl 3-cü mövsümdə də Çempionlar Liqasından kənarda qalıb. "Topçular" yenə AL-dəki mübarizə ilə kifayətlənməli olacaqlar.

Finalda rəqibi 2 dəfə mərkəzə dəvət edən Eden Azar geridə qalan mövsüm bütün turnirlərdəki qol sayını 21-ə çatdırıb. Bu, belçikalının karyerasındakı ən yaxşı göstəricidi. O, 2014-15 mövsümündə vurduğu 19 qolluq göstəricini yaxşılaşdırıb.

"Çelsi"nin vingeri Pedro Rodriges tarixə düşüb. İspaniyalı həm Avropa Liqası, həm Çempionlar Liqasının finalında, həm də UEFA Superkubokunda qol vuran ilk futbolçu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.