İdman

Deputatlarımız “Çelsi” - “Arsenal” oyununda hansı kluba azarkeşlik edəcək?

27 May 2019 18:49
3 Şərh     Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 gün sonra - 29 mayda keçiriləcək Avropa Liqası finalına görə bütün dünyanın diqqəti Bakıya yönəlib.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, kiçikdən böyüyə hamı oyun haqqında müxtəlif platformalarda fikirlərini bölüşür, futbol bayramından zövq almaq üçün son hazırlıqlarını görürlər.

Oyun öncəsində İngiltərə mətbuatı "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryan fonunda müxtəlif spekulyasiyalar və təxrtibat xarakterli məlumatlar paylaşsa da, finalın hazırlıq prosesinə mane törədə bilmədi.

Millət vəkili Elman Məmmədov xaricdən gələnlər içində "dolaşıq" fikirli adamların ola biləcəyini, amma hüquq-mühafizə orqanlarının bütün lazımı tədbirlərini gördüyünü söyləyib.

Futbol azarkeşi olmadığını və Azərbaycanda keçirildiyi üçün oyunu evdən izləyəcəyəni deyən deputat "Arsenal"a azarkeşlik edəcəyəni qeyd edib. O, bunu "Çelsi" azarkeşlərinin bu günlərdə Azərbaycan üçün problemlər yaratmağa çalışması ilə əlaqələndirib.

Deputat Aqil Abbas isə ingilis futbolunu sevmədiyi üçün finalı stadiondan izləməyəcəyini bildirib:

"Sadəcə televizordan baxacağam. Amma "Arsenal"a azarkeşlik edəcəyəm. Orada türk oğlu türk Məsut Özil oynadığı üçün onların qalib gəlməsini istəyirəm".

Aydın Mirzəzadə isə stadionda olacağını, lakin hansısa kluba deyil, gözəl futbola azarkeşlik edəcəyini söyləyib:

"Bu oyunu Azərbaycan üçün futbol bayramı adlandırardım. Mən çox arzu edirəm ki, nə vaxtsa finalda Azərbaycan klubları da olsun".

Naqif Həmzəyev oyuna biletinin olduğunu, hansısa beynəlxalq səfər olmayacağı təqdirdə finalı stadiondan izləyəcəyini deyib:

"Hansısa kluba azarkeşlik etməyəcəyəm. Kim güclüdürsə, o da qalib gəlsin".

"Arsenal"ın qalib gəlməsini istəyən millət vəkili Azər Badamov hələ bilet almadığını, amma almaq istədiyini qeyd edib. 

Tahir Rzayev rayonda olacağı üçün stadiona gedə bilməyəcəyini vurğulayıb.

Aktiv idman azarkeşlərindən olan xanım deputatlardan Kamilə Əliyeva Avroliqa finalını Azərbaycan üçün tarixi hadisə adlandırıb və ailə üzvləri ilə birlikdə stadionda olacağını deyib:

"Hansısa komandaya deyil, futbolun gözəlliyinə azarkeşlik edəcəyik.

Ölkəmizin təşkilatçılığından da danışan K.Əliyeva son zamanlar Azərbaycanda bir sıra mötəbər tədbirlər, idman yarışları keçirildiyini, Avroliqa finalına da uğurla ev sahibliyi edəcəyimizi bildirib:

"Bununla da, bütün təxribatçı addımlara baxmayaraq, öz istədiyimizə nail olacağıq. Azərbaycan özünün necə sivil ölkə olduğunu bir daha nümayiş etdirəcək".

Gövhər Baxşəliyeva isə finalda qarşılaşacaq "Çelsi" və "Arsenal"ın Azərbaycan klubları olmadığı üçün stadiona getməyəcəyini və qalib gələcək komandanın hansının olacağının onun üçün fərq etmədiyini söyləyib.

Qeyd edək ki, Avroliqa finalı 29 may tarixində saat 23:00-da başlayacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.