İdman

UEFA Avropa Liqasının əfsanəvi kuboku Gəncəyə gəldi

20 May 2019 14:30
Baxış: 1 215

UEFA bütün Avropada futbol azarkeşlərinə Avropa Liqasının əfsanəvi kubokunu görmək imkanı yaradan Kubok turu təşkil edib.

Kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib və Azərbaycanın paytaxtı - Bakı şəhərində başa çatıb. Kubok mayın 18-də Bakıya gələrək, növbəti gün Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncəyə yollanıb.

Şəhər icra hakimiyyəti binasının önündəki meydançada bayram ab-havasının yaradılması üçün konsert proqramı təşkil olunub. Proqramın açılışı "Talant" qrupunun ifasında Nağara şounun əyləncəli ritmləri ilə keçib. Bundan əlavə, konsertdə "Seven band" qrupu ilə tanınmış caz ifaçısı Leyla Kafari və ölkədə tanınan DJ AKG çıxış edib.

Avropa Liqasının kubokunu yaxından görüb şəkil çəkdirmək istəyən futbol azarkeşləri üçün şəhər icra hakimiyyəti binasının qarşısındakı meydanda şəkil zonası quraşdırılıb. Bundan əlavə, bütün qonaqlara müsabiqələrdə iştirak edərək Bakıda keçiriləcək Avropa Liqasının finalına iki bilet qazanmaq imkanı yaradılıb. 

Tədbirin maraqlı məqamlarından biri də Avropa Liqasının final oyununun səfiri Vəli Qasımovla avtoqraf sessiyası olub.
Azyaşlı qonaqlar üçün face-artla, animator və oyunlarla uşaq zonası, həmçinin uşaq futbolu üzrə master-klass dərsləri ilə mini meydança yaradılıb və digər əyləncələr təşkil edilib.
Kubokun növbəti dayanacağı mayın 21-də Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi olacaq.

Avropa Liqasının finalı oyunun mayın 29-da Bakı Olimpiya Stadionunda yerli vaxtla saat 23:00-da başlayacaq.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.