İdman

Federasiya rəhbəri: "Bakıda bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı gözəl təşkil olunub"

16 May 2019 20:59
Baxış: 464

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı gözəl təşkil olunub.

Milli.Az bildirir ki, bunu Trend-ə Ümumrusiya bədii gimnastika federasiyasının rəhbəri İrina Viner-Usmanova deyib.

Federasiya rəhbəri bildirib: "Hər şey gözəl təşkil edilib - əla təhlükəsizlik xidməti, könüllülər. Tamaşaçılar çox yaxşıdır. Arena möhtəşəmdir, fikrimcə bizim arena da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan bu arena kimi olmalıdır. Düşünürəm ki, bizdə də idman zalı pis olmayacaq və Dünya Çempionatını Azərbaycandakı səviyyədə keçirəcəyik".

Rusiya gimnastlarının beş halqa ilə qrup hərəkətlərində çıxışını şərh edən edən İrina Viner-Usmanova qeyd edib ki, Rusiya komandası bu gün mürəkkəb proqramla çıxış edib və kobud səhvlərə yol verməyib.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb.

16-19 may tarixlərində keçiriləcək bu çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.