İdman

Bədii gimnastika üzrə 35-ci Avropa çempionatının möhtəşəm açılış mərasimindən FOTOREPORTAJ

16 May 2019 18:18
Baxış: 392

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilk öncə Avropa Çempionatında iştirak edəcək ölkələrin bayraqlarının paradı baş tutub. Azərbaycanın dövlət himni Əməkdar artist Sevda Ələkbərzadənin ifasında səslənib.

Daha sonra möhtəşəm gimnastika şousu təqdim olunub. Milli Gimnastika Arenasında tamaşaçılar "Bizim super qəhrəmanlar" adlı maraqlı tamaşaya baxıblar.

Tamaşanın süjetində iki paralel dünyadan olan Su və Alov qardaşlarının oyunu durur. Su adam qardaşına qalib gələrək 8 medal qazanır. Qəzəblənmiş qardaşı onu insanlar yaşayan dünyaya qovur.

Bu dünyada Su adam super qəhrəmanların komandası ilə tanış olur. Məhz yeni dostları ona öz dünyasına qayıtmağa və qardaşına qalib gəlməyə kömək edirlər. Təşəkkür nişanı olaraq Su adam medalları dostları arasında bölüşür, sonuncu medalı isə qardaşına bağışlayır.

Qeyd edək ki, həmin 8 medal Bakıda keçirilən Avropa çempionatında oynanılan medallar dəstini rəmzi şəkildə təsvir edir.

Tamaşa rəngli, milli geyimlərlə, mürəkkəb hərəkətlərlə tamaşaçıları heyran edir.

Qeyd edək ki, bu peşəkar tamaşanın quruluşçusu Azərbaycanın bədii gimnastika komandasının baş məşqçisi Mariana Vasilevadır.

16-19 may tarixlərində keçiriləcək bu çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.