İdman

“Ruhun zəfəri” müsabiqəsinə yekun vuruldu

24 Aprel 2019 20:19
0 Şərh     Baxış: 479

May ayında Bakıda keçiriləcək para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışına həsr olunmuş, Azərbaycan Milli Paralimpiya Komitəsi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən "Ruhun zəfəri" adlı plakat müsabiqəsinə yekun vurulub.

Milli.Az xəbər verir ki. bu gün Milli Paralimpiya Komitəsinin ofisində plakat müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Tədbiri giriş sözü ilə açan komitə prezidenti İlqar Rəhimov bildirib ki, may ayında Bakıda böyük bir idman yarışı keçiriləcək.

"Artıq iştirakçılar bəllidir. 36 ölkədən 400-ə yaxın idmançı bu yarışda iştirak edəcək. Biz paralimpiya komitəsi olaraq yarışa ciddi yazırlaşırıq. Biz yarışların hazırlıq işlərinə başlayanda düşündük ki, ənənəvi yanaşmayaq. Bu əlillərin yarışıdır. Biz çalışmışıq ki, bu yarış sadəcə idman arenasında tatamı üzərində məhdudlaşmasın. Yarışla bağlı bir neçə paralel işlər görülür. İdmançıların qalacaqları otellərdə, yarış arenasında fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət satış sərgisi təşkil ediləcək. Bundan əlavə, bu yaxınlarda "Pait Ball" yarışı keçirildi. Burada Paralimpiya Komitəsi, yarışlarda bizə dəstək olan "Bir könüllü" təşkilatı, "ASAN Radio" və Qarabağ Qaziləri iştirak ediblər"

İ.Rəhmov qeyd edib ki, yarış öncəsi görülən tədbirlərdən biri də "Ruhun zəfəri" adlı plakat müsabiqəsidir. Onun sözlərinə görə, müsabiqəyə bir çox işlər təqdim olunub. Onlar arasında üç nəfər qalib olub. Digər üç nəfərə isə müsabiqədə iştirak etdiyinə görə həvəsləndirici mükafat verilir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Zaur Kantemirov öz çıxışında müsabiqənin əhəmiyyətindən söz açıb. O qeyd edib ki, "Ruhun zəfəri" adlı müsabiqə əlilliyi olan şəxslərin çətinliklərə qalib gəlməklərindən bəhs edir və onların qəhrəmanlıqlarını ifadə edir.

Daha sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Birinci yerə Şahin Hüseynli layiq görülüb, ikinci yerin sahibi isə Ağadadaş Qasımov olub. Lalə Hüseynova isə üçüncü yeri qazanıb. 3-cü sinif şagirdi Tuqay İdrisli olmaqla üç nəfər həvəsləndirici mükafata layiq görülüblər.

Xatırladaq ki, 13-14 may tarixlərində Bakı şəhərində para cüdo idman növü üzrə beynəlxalq qran-pri yarışı keçiriləcək. Heydər Əliyev İdman Arenasında baş tutacaq yarışa 36 ölkədən 400-ə yaxın idmançı qatılacaq. Yarış "Tokio 2020" XVI Yay Paralimpiya oyunlarına lisenziya xalı qazandırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.