İdman

Millimiz Xorvatiya yığmasına sürpriz yaşada biləcəkmi? - PREVYU

21 Mart 2019 13:41
0 Şərh     Baxış: 781

Futbol millimiz bu gün AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu keçirəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yeni baş məşqçimiz Nikola Yurçeviç ilk sınağını məhz öz doğma vətəni olan Xorvatiyada verəcək.

Üstəlik, bu görüş onun sonuncu dəfə çalışdırdığı Zaqreb "Dinamo"sunun ev oyunlarını keçirdiyi "Maksimir" stadionunda baş tutacaq. Bu üzdən Yurçeviç özünün də dediyi kimi, qarışıq hisslər yaşayacaq.

Ancaq rəqib dünya ikincisidir. Hazırda dünya reytinqində dördüncü yerdə olan Xorvatiya 108-ci pillədəki Azərbaycanla qarşılaşacaq.

Foqts və Kovaçın qovulmasına səbəb olan tarixi matçlar

Təxminən beş il əvvəl (13 oktyabr 2014-cü il) millimiz bu rəqibinə 0:6 hesabı ilə yenilməklə tarixinin ən böyük hesablı darmadağınlarından biri ilə üzləşmişdi. Osiyek şəhərində keçirilmiş matçdan sonra millimizin alman baş məşqçisi Berti Foqts istefa verməyə məcbur olmuşdu.

Lakin bir il sonrakı (3 sentyabr 2015-ci il) cavab görüşündə millimiz digər xorvat məşqçi Robert Prosineçkinin rəhbərliyi altında "damalılar"dan xal ala bilmişdi. "Bakcell Arena"da keçirilmiş görüşdə qolsuz heç-heçə etməklə yığmamız sensasiyaya imza atmışdı. Hazırda Münşen "Bayern"inə rəhbərlik edən Niko Kovaçın o vaxt millidən qovulmasında bu heç-heçənin də az rolu olmamışdı.

İndi isə tərəflər üçüncü görüşünə çıxacaq. Bu dəfə fərqli şəhərdə. Ümid etmək olar ki, üçüncü şəhərdə üçüncü nəticə qeydə alınacaq. Ancaq rəqibin gücünü nəzərə alaraq reallıqla da barışlaşmalıyıq və maksimum halda növbəti heç-heçəyə inanmalıyıq.

Millimizin ehtimal edilən start heyəti

Yurçeviç dünənki mətbuat konfransında meydana buraxacağı start heyəti üçün 14 oyunçu arasında seçim aparacağını bildirib. O, siyahısında adları olan həmin futbolçuların adını da çəkib. Bunlar Səlahət Ağayev, Maksim Medvedev, Bədəvi Hüseynov, Şəhriyar Rəhimov, Təmkin Xəlilzadə, Rişard Almeyda, Rahil Məmmədov, Qara Qarayev, Dmitri Nəzərov, Mahir Mədətov, Eddi İsrafilov, Araz Abdullayev, Ramil Şeydayev və Namiq Ələsgərovdur. Bu futbolçulardan üçü start heyətdə olmayacaq.

Beləliklə, millimiz bu matça ənənəvi 4-2-3-1 taktiki sxemi ilə çıxacaq. Qapıda S.Ağayev, müdafiənin mərkəzində B.Hüseynovla R.Məmmədov, cinahlarında isə M.Medvedevlə Ş.Rəhimov (və ya T.Xəlilzadə) mübarizə aparacaq.

Dayaq yarımmüdafiəsi xəttində ənənəvi olaraq "Qarabağ"lılar - Q.Qarayevlə R.Almeyda olacaq. Hücumameyilli yarımmüdafiənin cinahlarında D.Nəzərovla A.Abdullayev, mərkəzində E.İsrafilovun oynayacağı gözlənilir.

Nikola Yurçeviç hücum xəttində M.Mədətovla R.Şeydayev ikilisindən birinə şans verməlidir. Rusiyanın "Krılya Sovetov" klubunun keçirdiyi ardıcıl üç görüşdə qol vuran Şeydayevin ilk dəqiqələrdən meydana çıxması daha ağlabatandır.

Sonda onu da qeyd edək ki, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq görüşü bolqarıstanlı hakimlər briqadası idarə edəcək. Qeorqi Kabakova Martin Marqaritov, Divan Volkov və Nikola Popov köməklik edəcək. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.