İdman

"Hər oyun "Qarabağ"ın məğlub olmağını gözləməyəcəyik ki…" - Emin Mahmudov

16 Mart 2019 08:23
0 Şərh     Baxış: 522

"Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov Topaz Premyer Liqanın 21-ci turunda "Qəbələ" ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, nəticədən məmnun qalmadığını bildirib.

- Oyun haqqında nə düşünürsən?

- Nəticədən məmnun qalmadıq. Qələbə qazanmaq istəyirdik. Bunun üçün əlimizdən gələni etdik, şanslarımız da var idi, amma bizdə sanki sonuncu zərbə çatmırdı. "Qəbələ"nin isə bir şansı oldu, onda da qol vurdular.

- "Qarabağ"ın qələbə qazanmasından sonra sanki üzərinizdə bir təzyiq var idi...

- Xeyr, biz rəqiblərimizin oyunları haqqında düşünmürük. Qarşıda 7 tur qalıb, hər oyun onların məğlub olmağını gözləməyəcəyik ki... Öz matçlarımıza baxmalıyıq.

- Xalların bərabərləşməsi sizin işinizi daha da çətinləşdirdi?

- 2 xal fərqlə eyni xala malik olmaq arasında ciddi fərq yoxdur. Hər iki halda bir məğlubiyyətlə geri düşə bilərsən. Ona görə də xal vəziyyətindən asılı olmayaraq, bütün oyunlara qələbə üçün çıxmaq lazımdır.

- Milli oyunlar ilə əlaqədar fasilə sizə necə təsir edəcək?

- İnşallah, yaxşı təsir edər. Bir az dincələrik. Millidə olan oyunçulardan başqa digərləri bir az özlərinə gələrlər. Son 6-7 oyun çox çətin keçdi.

- Səlahət Ağayev bu gün gözlənilməz səhvə yol verdi. Milli komandanın 1 nömrəli qapıçısının belə səhv etməsi sizə necə təsir etdi?

- Bir səhvə görə Səlahət kimi qapıçını silmək olmaz. Əgər bu gün biz turnir cədvəlinin zirvəsindəyiksə, bunda ən çox onun əməyi var. Hər oyun ən az 2-3 dəfə komandanı real qoldan xilas edir.

- Azarkeşlər arasında olan hadisə nə idi? Fanatlar ona nə dedi?

- Deyəsən, onun elədikləri azakeşlərin də yadından çıxıb. Belə şeyləri heç cür başa düşə bilmirəm. Həmişə komandanı xilas etmiş adamın bir oyuna görə bu qədər üstünə getmək olmaz. Sadəcə müdafiəçi ilə bir-birilərini düzgün anlaya bilmədilər.

- Qarşıda milli komandanın Xorvatiya ilə çətin matçı var. Siz bu barədə nə düşünürsünüz?

- Milliyə həmişə inanmaq lazımdır. Demirəm ki, gedib udub gələcəyik, amma əlimizdən gələni edəcəyik.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.