İdman

"Azarkeşlərə nəsə demək olmaz" - Cavid İmamverdiyev

23 Fevral 2019 21:14
0 Şərh     Baxış: 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabah"ın kapitanı Cavid İmamverdiyev Topaz Premyer Liqanın 18-ci turunda "Qarabağ"la heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, öncə qarşılaşma ilə bağlı danışıb.

- Kimə qarşı oynadığımızı bilirdik. Böyük klubun qarşısına çıxmışdıq. "Qarabağ" Avropada və Azərbaycanda layiqli çıxış edən klubdur. Bu komanda ilə oyuna futbolçunu kökləmək üçün əlavə nəsə deməyə ehtiyac yoxdur. Belə kluba qarşı oynamaq hər futbolçu üçün stimuldur. Fikrimcə, komandamız mübarizə apardı və bunun nəticəsində xal qazandıq. Geridə olsaq da, qol vurduq. "Qarabağ"la oyunda mübarizəni sona kimi davam etdirdik.

- Komanda üzvləri aqressiv görünürdü. Hakim də tez-tez əlini cibinə atmalı oldu.

- Bunun səbəbləri çoxdur. Neçə tur idi ki, qələbə qazanmırdıq. Bizə özümüzə gəlmək lazım idi. Yaxşı nəticə gələcək oyunlar üçün stimul ola bilər. Digər tərəfdən də "Qarabağ" kimi komandaya qarşı hər kəs özünü göstərmək istəyir. Hər kəs ən yaxşı oyunlarından birini keçirmək üçün oyuna çıxır. Aqressiv oynamasan, fikrimcə, "Qarabağ" nəinki bizi, bütün komandaları rahat şəkildə uda bilər. Ona görə də belə komandalara qarşı aqressiv oynamaq lazımdır.

- Hakimlik barədə fikirlərinz necədir?

- Mən hakimlərin işi barədə indiyə qədər danışmamışam. İndi də fikir bildirmək istəmirəm. Onların öz rəhbərləri var. Bizim işimiz onların qərarlarını qəbul etməkdir.

- "Qarabağ"a qarşı oynadığınız oyunu digər komandalarla matçda sərgiləyə bilmərsiniz? "Sabah" bunu bacara bilər?

- Olar, əlbəttə. "Qarabağ"a qarşı köklənmək üçün məşqçinin və digərlərinin sözünə ehtiyac qalmır. Çünki böyük kluba qarşı oynayırsan. Ona görə də bəzən başqa komandalarla oyunda istənilən kimi köklənmək alınmır. Ancaq "Neftçi" və "Qarabağ" kimi komandalara qarşı böyük həvəslə oynayırsan, özünü göstərmək istəyirsən.

- İkinci hissədə "Qarabağ" azarkeşləri Rəşad Eyubovu söyürdülər. Buna səbəb görəsən, nə idi?

Sözün düzü, mən söyüş eşitməmişəm. Azarkeşlərə axı sən nə deyə bilərsən ki? Sən futbolçusan və oyununu oynayırsan. Rəşad yaxşı futbolçu olmaqla yanaşı, mərifətli, qanacaqlı oğlandır. İnanıram ki, o, bu şeylərə fikir verməz. Azarkeşlərə nəsə demək olmaz. Onlar da istəyir ki, komandaları udsun. Bizim də fanatlar bu hərəkəti "Qarabağ"ın oyunçularına qarşı edə bilər. Nə etmək olar axı?

-  Çempionluq uğrunda hansı komandanı şanslı görürsən: "Qarabağ"ı, yoxsa "Neftçi"ni?

-  Hər ikisi sona qədər rahat oynayacaq. İki komanda arasında güclü rəqabət olacaq. Ötən illərə baxanda "Neftçi" "Qarabağ"a müqavimət göstərəcək. Bu da Azərbaycan futbolu üçün sevindirici haldır. Hər dəfə düşünürdük ki, "Qarabağ"   çempion olacaq. "Neftçi" hələ də mübarizəni davam etdirir. Kim güclüdürsə, o da qalib olsun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.