İdman

Xankəndidə keçirilməsi planlaşdırılan yarışla bağlı FİFA-ya müraciət hazırlanıb

20 Fevral 2019 14:02
0 Şərh     Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi FIFA-ya, Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasına və BMT-nin əlaqədar orqanlarına müraciət hazırlayıb. 

Milli.Az xəbər verir ki, qurumun sədri Ramil İskəndərlinin report-a verdiyi məlumata görə, buna səbəb Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki Xankəndi şəhərində tanınmamış separatçı bölgələri təmsil edən yığmalar arasında futbol üzrə Avropa Kubokunun keçirilməsidir. 

Müraciətdə bildirilir ki, bu cür tədbirlə, ilk növbədə, BMT-nin tanıdığı bir neçə ölkəyə qarşı ərazi iddialarının ortaya qoyulması ilə yanaşı, xüsusən də yarışın Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi narahatlıq doğurur.

Bəyanatda Ermənistanın dəstəyi ilə keçiriləcək Avropa Kubokunun beynəlxalq hüquq prinsipləri və Azərbaycan qanunvericiliyinə zidd olması ilə bərabər, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik əlaməti olduğu vurğulanıb: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində qismən irəliləyişin müşahidə olunduğu zamanda, ATƏT Minsk Qrupu həmsədrlərin münaqişə tərəflərinin ölkə əhalisinin sülhə hazırlanması barədə söylədikləri fikirlərin fonunda bu cür təxribat xarakterli kütləvi beynəlxalq yarışın Azərbaycan dövlətinin razılığı olmadan işğal olunmuş ərazilərdə keçirilməsi Ermənistanın sülh niyyətli olduğuna şübhə yaranamasına dəlalət edir". 

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi Ermənistanın və Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasının bu cür təxribatçı fəaliyyətini qətiyyətlə pisləyib və əlaqədar beynəlxalq qurumlardan məsələyə münasibət bildirməsini tələb edib.

Qeyd edək ki, 2014-cü ildə İsveçin Ostersund şəhərində təsis edilmiş və heç bir dövlət tərəfindən rəsmi tanınmayan "Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası" (CONİFA) cari ilin iyununda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində, Xankəndi şəhərində tanınmayan separatçı bölgələr təmsil edən yığmalar arasında futbol üzrə Avropa Kuboku təşkil edəcək. Bu yarışda FIFA və qitə futbol qurumları, ö cümlədən, BMT tərəfindən tanınmayan separatçı bölgələr olan "Luqansk Xalq Respublikası", "Laplandiya", "Dağlıq Qarabağ", Nitsa, Xameriya, "Abxaziya Respublikası", Sardiniya, Padaniya və "Donetsk Xalq Respublikası", "Qərbi Ermənistan", "Cənubi Osetiya"nın iştirakı gözlənilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.