İdman

Ukrayna gimnastı: Bakıda Dünya Kubokunun təşkili çox yaxşıdır

16 Fevral 2019 19:58
Baxış: 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təşkili çox yaxşıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Ukrayna gimnastı Svetlana Malkova deyib.

Gimnast bildirib: "Bakıda keçirilən yarışların təşkili çox yaxşıdır, hər şey möhtəşəmdir, həmişə kömək edən gözəl könüllülər və aktiv şəkildə dəstəkləyən azarkeşlər var".

Dünya Kubokunda çıxışından danışan Malkova qeyd edib ki, bu yarışlar ilin ilk startı olduğu üçün həyəcanlıdır:

"Kubokda rəqiblərin tərkibi güclüdür, 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları üçün seçimdir, ona görə də bütün gimnastlar Dünya Kubokunda bir araya gəlirlər. Burada bütün idmançılar güclüdür və çoxlu rəqib var".

Ukrayna idmançısı Kanada, Belarus, Rusiya və ABŞ-dan olan gimnastları əsas rəqibi hesab edir.

S.Malkova həmçinin, Bakıya ikinci dəfə gəldiyini, ötən il Avropa çempionatında iştirak etdiyini deyib:

"Bu dəfə şəhəri gəzə bilmədim, çünki kifayət qədər vaxt yoxdu. Ötən il biz ekskursiyaya çıxdıq, gəzdik, Bakının görməli yerlərini gördük".

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.

Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri keçirilir, ikinci gün isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.