İdman

“Meydana çıxanda “Qarabağ”da keçirdiyim illər gözümün qarşısına gəldi” - Reynaldo

9 Fevral 2019 23:41
0 Şərh     Baxış: 1 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın hücumçusu Reynaldo Silva Azərbaycan Premyer Liqanın 16-cı turunda səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 2 illik fasilədən sonra Ağdam klubuna qayıdan braziliyalı futbolçu əvvəlcə Ağdam klubundakı ilk matçını şərh edib.

- Təbii ki, ancaq sevinc hissləri keçirirəm. Azərbaycana dönməyi çoxdan gözləyirdim. Bilirsiniz ki, bu ölkəni, "Qarabağ"ı çox sevirəm. Yenidən burda olduğum üçün özümü xoşbəxt sayıram. Komanda yoldaşlarıma da təşəkkür edirəm. Bu, hələ yolun başlanğıcıdır. Bilirəm ki, əvvəlki formamı bərpa etmək üçün çox işləməliyəm.

- "Qarabağ"a ilk dəfə gələndə daha həyəcanlı idiniz, yoxsa indi?

- İndi daha çox həyəcan var idi. Çünki həmin vaxt daha gənc idim və üzərimdə bu dərəcədə məsuliyyət yox idi. Bu gün meydana çıxanda "Qarabağ"da keçirdiyim illər gözümün qarşısına gəldi. Ona görə indiki vəziyyət mənim üçün daha həyəcanlı oldu.

- Əvvəlki Reynaldonu görmək mümkün olacaq, yoxsa artıq keçən keçib?

- Yox, heç nə keçməyib. Mən hələ gəncəm. İndiki oyunuma görə fikir yürütmək olmaz. Çünki cəmi 3 gündür komanda ilə məşqlərə başlamışam. Zaman keçdikcə daha yaxşı Reynaldo görəcəksiniz.

- Demək olarmı ki, özünüzü Qurban Qurbanova sübut edib, "Qarabağ"da qalmaq üçün cəmi 4 ayınız var?

- Kiməsə nəsə sübut etməyə ehtiyac yoxdur. Artıq hər kəs mənim necə oynadığımı, nəyə qadir olduğumu bilir. Bir neçə fərqli çempionatda oynamışam. Əsas uyğunlaşma mərhələsini qeyd edərdim. Bilmirəm, burada 4 ay, yoxsa daha çox qalacağam. Karyeramın sonuna kimi "Qarabağ"da oynamaq mənim üçün çox xoş olardı. İstənilən halda, nə olacağından asılı olmayaraq, klubdakı hər kəsə minnətdaram.

- Əvvəl oynadığınız Azərbaycan çempionatı ilə indiki arasında nə kimi fərq var?

- Komandaların oyun tərzində dəyişiklik olub. Əvvəl iddialı komandalar çox idi. "Bakı", "Qəbələ" kimi komandalar sona qədər mübarizə aparırdılar. İndiki komandalar daha çox müdafiədə oturur, gözləyirlər. Oyun planında dəyişiklik hiss olunur.

- "Neftçi" ilə çempionluq yarışında şansları necə dəyərləndirirsiniz?

- Çempionluq məsələsində bir az səbrli olmalı, oyundan-oyuna düşünməliyik. Ancaq bu halda məqsədimizə nail ola bilərik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.