İdman

"Qarabağ"ın legioneri: "Çalışacağam ki, Stoiçkovu Bakıya dəvət edim" - MÜSAHİBƏ

9 Fevral 2019 22:44
0 Şərh     Baxış: 718

"Xarakter göstərdik, iki qol vurduq, bu da bizə 3 xal üçün kifayət etdi. Əsas odur ki, qol buraxmadıq".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın futbolçusu Simeon Slavçev səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XVI tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Bolqarıstanlı yarımmüdafiəçi digər sualları da cavablandırıb...

Qol epizodunda hakim bir az tərəddüd etdi. Həmin an düşündünüzmü ki, birdən qol sayılmaz?

- Bəlkə də həmin qol sayılmasaydı, 2-dən artıq top vuracaqdıq. Amma hakimi də qınamaq olmaz. Əsas odur ki, sonda doğru qərar verildi.

Riçard Almeydanın gəlişindən sonra start heyətindəki yerinizi itirdiyinizi düşünmürsünüz?

- Mən hər zaman çalışıram ki, əlimdən gələni edim. Amma bu, taktika və strategiya ilə əlaqəli qərarlardır. Baş məşqçi belə düşünürsə, hörmət edirəm. Bu gün özünüz də gördünüz ki, meydanda var gücümlə mübarizə aparırdım.

Özünüzü "Qarabağ"da xoşbəxt hiss edirsiniz?

- Hər qələbədən sonra özümü daha xoşbəxt hiss edirəm. Çempion olsaq, lap xoşbəxt olacağam.

Burada əsas heyətə düşə bilməsəniz, Bolqarıstan millisinə dəvət olunmayacağınızdan çəkinmirsiniz?

- Daim meydanda olmaq üçün hər şey edirəm. Milli komandanın baş məşqçisi də bunu bilir.

Sosial şəbəkədə görmüşdük ki, "Sportinq"də oynayarkən formanızı Bolqarıstan futbolunun əfsanəsi Xristo Stoiçkova vermişdiniz. Bəs "Qarabağ" formasını necə, kiməsə vermisiniz?

- Çalışacağam ki, Stoiçkovu bura dəvət edim və matçımızı izləsin. Gələn dəfə görüşəndə isə mütləq "Qarabağ" forması hədiyyə edəcəyəm.

"Neftçi" ilə xallarınız ən azı bir günlük bərabərləşdi. Necə düşünürsüz, flaqmanı keçə biləcəksiniz?

- Mən rəqibin xalı ilə maraqlanmıram. Bütün oyunları udsaq, biz çempion olacağıq.

Əvvəllər Azərbaycanda bolqarıstanlı futbolçuların sayı çox olub, indi isə təkcə sizsiniz. Sizcə, buna səbəb maliyyə problemləridir?

- O biri klublar haqqında nəsə deyə bilmərəm, amma "Qarabağ"da maliyyə problemi yoxdur. Millidə olarkən hamıya bu haqda danışıram. Niyə gəlmirlər, bunu bilmirəm.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.