İdman

Afinanı üç dəqiqəyə fəth edən Şəhanə - Portret - FOTO

13 Fevral 2019 21:53
2 Şərh     Baxış: 1 387

O, özünü niyə dünyanın ən şanslı idmançısı sayır? 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Cəmi 17 yaşı olsa da, yetərincə adından söz etdirib. Perspektivləri olduqca yüksək qiymətləndirilir. Hətta bir çox mütəxəssislər ona, ikinci Mariya Stadnik gözü ilə baxır. Məşqçisi isə bir qədər fərqli düşünür. Ağadədə Allahverdiyev hesab edir ki, o, Azərbaycan qadın güləşinin canlı əfsanəsini belə, kölgədə qoyacaq potensiala sahibdir.

Yeniyetmələr arasında dünya və Avropa çempionu, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Şəhanə Nəzərovadan bəhs edirik.
 
Məktəbdən əvvəl güləş zalına...
 
Nəzərova Şəhanə Mayıs qızı 28 may, 2001-ci ildə Siyəzəndə dünyaya göz açıb. Oğlan uşaqlarına xas xarakteri ilə seçilən Şəhanənin, idmana marağı lap erkən yaşlarından özünü büruzə verib. Yaşıdları kuklalarla oynayanda, o, "jim" edib, turnikdə dartınıb. Bu fərasəti ilə də, bütün qonaqların, o cümlədən Ağadədə müəllimin nəzərini cəlb edib. Belə ki, Şəhanənin əmisinin yaxın tanışı olan mütəxəssis, ilk baxışdan qərarını verərək, valideynlərindən onu yanına göndərməyi xahiş edib. Nəzərovlar, əvvəlcə razı olmasalar da, çox keçməyib ki, Allahverdiyevin təkidləri bəhrəsini verib.

2008-ci ildə 1 saylı orta məktəbə qədəm qoyan qızcığazın, buna qədər üz tutduğu bir ünvan var idi - "Neftçi" idman klubunun nəzdində güləş zalı.
 
Döşəyə çıxmağa peşman olan oğlanlar
 
Altı yaşından güləşlə məşğul olan Şəhanə, Allahverdiyevin ilk və sonuncu qız tələbəsidir. Belədə, o, həmişə oğlanlarla birgə məşq etməli olub. Bu azmış kimi, zona yarışlarında da adətən oğlanlarla üz-üzə gəlib. Çox maraqlıdır ki, əksər hallarda dueldən qalib ayrılan tərəf özü olub. Qələbələrinin bir neçəsini isə vaxtından əvvəl qazanıb. Məşqçisinin dediyinə görə, bəzən görüşün nəticəsini gözləmək üçün heç bir dəqiqə də lazım gəlməyib.
 
3 dəqiqə 51 saniyəyə dünya çempionu
 
Sirr deyil ki, Azərbaycanda qızların güləşlə məşğul olması kütləvi şəkil almayıb. Bu səbəbdən də, ölkə çempionatları sadəcə, oğlanlar arasında baş tutur. Beynəlxalq yarışlar üçün qızların seçimi, mini-turnirin nəticəsinə əsasən, aparılır. Şəhanənin ilk belə sınağı isə 2016-cı ilə təsadüf edir. 38 kiloqram çəki dərəcəsində çıxış edən 15 yaşlı Şəhanə, rəqiblərindən bir baş üstün olmaqla, ölkəmizi Avropa birinciliyində təmsil etmək hüququ qazanır.

Çəkisinə, yaşına və təcrübəsinə görə, rəqiblərindən geri qalan Nəzərova, İsveçdə baş tutan qitə mücadiləsini əliboş başa vurur. Ardınca isə Gürcüstanda təşkil olunan dünya birinciliyində çıxış edərək, beşinci nəticə göstərir.

2017-ci ilə Türkiyədə keçirilən ənənəvi "Zəfər" kuboku ilə start verir. Burada qızıl medalı boynundan asan Şəhanə, iyulda Bosniya və Herseqovinada Avropa çempionu tituluna yiyələnir. Sentyabrda Yunanıstanın paytaxtı Afinada baş tutan dünya birinciliyi isə sadəcə, fantastik alınır. Belə ki, o, ilk görüşdə Yaponiya təmsilçisini 84, ardınca isə rusiyalı həmkarını 65 saniyəyə üstələyərək, finala vəsiqə qazanır. Həlledici görüşdə ukraynalı güləşçi ilə üz-üzə gələn Nəzərovaya, dünya çempionluğu üçün cəmi 82 saniyə lazım olur.
 
Debüt ilinin nəticəsi: Avropa, dünya və olimpiya mükafatı
 
Qarşısına "Buenos-Ayres - 2018" Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq məqsədi qoyan Şəhanə, növbəti ildən çəkisini 43 kiloqrama qaldırır. İlk beynəlxalq sınağını da, ötən ildə olduğu kimi, Türkiyədə verir. Martda "Zəfər" kubokunda gümüş medal qazanan vunderkind, debütant olduğu çəki dərəcəsində iddiasını daha mötəbər yarışlarda da davam etdirir. Çəkisinə görə, rəqiblərinin demək olar ki, hamısından geri qalsa da, o, Makedoniyada keçirilən qitə birinciliyində gümüş medal qazanmaqla, olimpiadaya lisenziyanı təmin edir. Ardınca digər keçmiş Yuqoslaviya ölkəsi Xorvatiyada mundial sınağı verən Nəzərova, buradan da vətənə gümüş medalla dönür.

Dünya birinciliyindəki çıxışında xüsusi qeyd olunası məqam, yenidən yaponiyalı güləşçini böyük fərqlə məğlub etməsidir. Nəzərə çatdıraq ki, "gündoğar ölkə"nin qadın sərbəst güləşindəki qüdrəti cüdodan da üstündür. Tarixə nəzər saldıqda, görürük ki, Şəhanəyə qədər, Azərbaycan təmsilçiləri bu duellərdə böyük çətinliklə üzləşiblər.

Püşk, Argentina paytaxtına çəkisinin ikinci favoriti kimi yollanan qızımızın üzünə gülmür. Belə ki, o, 43 kiloqramın aşkar favoriti olan ABŞ təmsilçisi Emili Şilsonla birgə B qrupunda yer alır. Ardıcıl olaraq Braziliya və Nigeriya təmsilçilərini döşəyə çıxmağa peşman edən Şəhanə, son DÇ-nin finalında olduğu kimi, ikiqat dünya çempionu ilə görüşdə istəyinə çata bilmir. Ardınca fransalı həmkarı üzərində qələbə qazanan 17 yaşlı güləşçimiz, qrupu ikinci sırada tamamlayır. Sonuncu - monqolustanlı rəqibi ilə mübarizədə isə əsl xarakter ortaya qoyaraq, ölkəmizin aktivinə mötəbər yarışın növbəti medalını yazdırır.
 
Mən gəlirəm, Stadnik!
 
Cari ildən gənclər kateqoriyasında çıxış edəcək. Bunun üçün isə çəkisini 50 kiloqrama qaldırmalıdır. Çəkisini artırmaqda daim problem yaşayan Şəhanə, tezliklə buna nail olacağı təqdirdə, onu gənclərin Avropa çempionatında da görə bilərik.

O, sadəcə, gənclərin yarışları ilə kifayətlənmək fikrində deyil. Vaxt çox az olsa da, böyüklərdə də özünü göstərib, Tokio olimpiadasına lisenziya qazanmağı hədəfləyib. Ən yüngül çəkidə üçqat olimpiya mükafatçısı Mariya Stadnikin mübarizə apardığını nəzərə alsaq, missiyanın öhdəsindən gəlməsi, ikiqat çətin görünür. Bununla belə, həm özü, həm də məşqçisi yetərincə nikbin danışır. "İnam uğurun yarısıdır" məsəlinə diqqət çəkən Ağadədə müəllim deyir ki, Şəhanə üçün mümkünsüz heç nə yoxdur.
 
Gözünüzü dörd açın
 
Xarici görünüşünə görə, ilk baxışdan fərqli təəssürat yaratsa da, sakit, təmkinli biridir. Oğlanlarla məşq, yarış təcrübəsinə baxmayaraq, bu günədək bir dəfə də olsun, əks cinsin nümayəndələri ilə dava etməyib. Lakin gələcəkdə belə halın baş verməsini də istisna etmir. Odur ki, oğlanlar gözünü dörd açsa, yaxşıdır.

Səkkizinci sinfə qədər dərslərini orta qiymətlərlə oxuyan Şəhanə, hazırda XI sinif şagirdidir. Deyir ki, idmançı olmasaydı, böyük ehtimalla müəllimlik peşəsini seçərdi. Məşqlərə görə, dərslərini ikinci plana keçirsə də, ali təhsil almağı qarşısına məqsəd qoyub. Həyatını bütünlüklə idmana bağlayan qızımız, sənədlərini Bədən Tərbiyəsi və İdman Akademiyasına verməyi düşünür.

"Kumirin kimdir" və "hobbin nədir" suallarına cavabı eyni oldu: "Yoxdur". Bütün diqqətini idmana yönəltdiyini, əlavə məşğuliyyətə marağının olmadığını deyən Şəhanə, Mariya Stadnikə qarşı müəyyən simpatiya bəslədiyini gizlətmir.

Müstəsna məşqçi əməyi
 
"Yaxşı məşqçi, valideyn qədərdir" deyirlər. İdmançının qazandığı uğurlarda özü qədər də, onunla birgə addımlayan mütəxəssisin payı olduğu danılmazdır. Şəhanə isə deyir ki, bugünkü pilləyə çatmasında, özündən də çox, Allahverdiyevin xidmətləri var: "Ağadədə müəllim, mənə həm də ata olub. Ondan əsl ata nəvazişi görmüşəm. Gündəlik qidalanmağımdan tutmuş, geyimimə qədər, bütün qayğılarımı həll edib. Geridə qalan 11 il ərzində, mənim üzərimə düşən vəzifə, sadəcə, nəticə vermək olub. Şükürlər olsun ki, bu günədək, həmişə onun üzünü ağ etmişəm. Bundan sonra da əlimdən gələni edəcəyəm ki, heç vaxt məyus olmasın".
 
Portret
 
"Bura Bakı deyil, Siyəzəndir. Sən o qızı bir yana çıxara bilməyəcəksən. Özünə əziyyət vermə, burax bu işin başını". Ağadədə Allahverdiyev belə sözləri çox eşidib. Bu cür düşünənlərin aldığı cavab isə dəyişməz olub: "O, əfsanə olacaq". Qadın güləşində bizim bir əfsanəmiz var. Lakin sonuncu zirvə yarışına hazırlaşan Stadnik, hələ də ali mükafata qovuşmayıb. Kim bilir, bəlkə, ilk çempionumuz məhz Nəzərova olacaq?! Bunun üçün onda bütün keyfiyyətlər var. Ən əsası, parlaq istedada, sarsılmaz əzmə sahibdir.

Bir çox idman mütəxəssisləri isə hesab edir ki, olimpiya çempionluğunda şans amili də önəmlidir. "Ağadədə müəllim kimi məşqçim olduğu üçün özümü dünyanın ən şanslı idmançısı sayıram" deyən Şəhanə, görünən odur ki, bu sarıdan da korluq çəkmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Maya · 13 Fevral 22:3610

    Uğurları daimi olsun.

    Cavab yaz
  • Anonim
    IVRO · 14 Fevral 11:0000

    Afərin qızımıza. Danqal kinosunu xatırlatdı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.